Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub » Göyəzən internet portalı


Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub

Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub
Qazax rayon Daş Salahlı kənd 1 saylı tam orta məktəbin həyətində tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılışı olub.

Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi və KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Litva səfirinə bu gün Qazax rayonunda həyata keçirilən layihəyə, Təhlükəsiz Oyun Meydançasına görə minnətdarlığını bildirib. Ümidvar olduğunu qeyd edib ki, əməkdaşlığımız bundan sonra da davam edəcək və Qazax rayonunda daha böyük işlər görüləcəkdir.

Mərasimdə iştirak edən Litvanın Azərbaycandakı səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edib. Mən ikinci dəfədir ki, Qazax rayonunda oluram və bu səfərimdən çox mənmunam. Bu gün açılışını etdiyimiz Təhlükəsiz Oyun Meydançası Avropa birliyi təşkilatı tərəfindən dəstəklənən ikinci layihədir. Bu gün həm də yeni bir layihənin - “Məktəbdən evə, evdən məktəbə təhlükəsiz dönmə” adlanan layihənin açılışıdır. Səfir çıxışında bu məktəbin I və II siniflərində oxuyan şagirdlərə 173 ədəd məktəbli çantasının gətirildiyini də bildirib.

Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev çıxış edərək bildirib ki, bu layihə Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin ən bariz nümunəsidir. Layihənin həyata keçirilməsində məqsəd Təhlükəsiz Oyun Meydançasında uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləməkdir.

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova meydançanın yaradılmasının valideynlərin və uşaqların sevincinə səbəb olduğunu bildirib, layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını ifadə edib.

Meydançanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar meydançada yaradılan şəraitlə tanış olublar.

Qeyd etmək lazımdır ki, bu, Qazax rayonunda inşa edilən sayca 12-ci Təhlükəsiz Oyun Meydançasıdır.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
14 oktyabr 2017-ci il


Facebook-da paylaş