• Təqvim

  • Maraq



Qazaxda icra başçısı məktəbli ilə görüşüb


Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda, sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir.

Qazax rayonunda təhsil alan fəal məktəblilər arasından təqdim edilmiş namizədlərdən 2 nəfər məktəbli Komitə tərəfindən regional nümayəndə seçilmişdir. Seçilmiş nümayəndələr istər məktəbdaxili, istər rayondaxili, istərsə də rayondan kənar bir sıra tədbirlərdə aktiv iştirak etmiş, fənn olimpiadalarında rayonumuzu ölkəmizdə və digər respublikalarda layiqincə təmsil etmişlər. 

Qazax rayonu üzrə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi kimi 2 nəfər məktəbli – Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Abdurahmanlı Sərdar Ramil oğlu və Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əyyublu Zeynəb Vüqar qızı rayonumuzu təmsil edirlər. 

Həmçinin, “Uşaq Səfirlər Məclisi”nin region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektoru ilə birgə rayon məktəbliləri arasından öz fəallığı ilə fərqlənən 20 nəfər məktəbli seçilib. 


Hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də qayğı göstərilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən, yüksək nəticə əldə edən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani sübutudur. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun aprelin 30-da “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi olan Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əyyublu Zeynəb Vüqar qızını qəbul etməsi, onun hazırladığı layihə ilə maraqlanması bu qayğının bariz nümunəsidir. 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, məktəblinin sinif rəhbəri Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Rus dili və Ədəbiyyat müəllimi Lüdmila Cəfərova, valideyni Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova iştirak ediblər.

“Uşaq Səfirlər Məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəsi, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Zeynəb Əyyublu onunla olan görüşə və səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Hazırladığı layihə haqqında ətraflı məlumat verərək tədbiri keçirməkdə əsas məqsədin şagirdlərin kiber bullinq haqqında məlumatlarını artırmaq və necə qorunmalı olduqları haqda bilgiləndirmək olduğunu bildirib. ‘Kiber bullinq nədir?’, kiber bullinq olduğunu qəbul edib, uşaqlar və yeniyetmələrlə bunun nə olduğunu və niyə bu qədər zərərli olduğunu müzakirə etmək, kiber bullinqin qarşısının alınması, kiber bullinq haqqında təqdimatı nümayiş etdirmək olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kiber bullinq rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən bullinq növüdür. O sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır.


“Özümə borc bildim ki, Sizin kimi dövlətinə, xalqına layiqli şəkildə yetişən gənclərimizlə görüşüm, dəstək olum, diqqət ayırım”, - söyləyən rayon rəhbəri gələcəyimiz olan bu cür gənclərlə, yeniyetmələrlə qürur duyduğunu bildirib. Aktual bir mövzunu əhatə edən layihənin icrasında məktəbliyə uğurlar arzulayıb. 

Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Rus dili və Ədəbiyyat müəllimi Lüdmila Cəfərova çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün məktəblilərin onlara olan etimadı, diqqət və qayğını yaxşı oxumaqla, bu cür layihələr hazırlamaqla, yüksək nəticə göstərərək əməli işləri ilə doğrultduqlarını söyləyib. Bugünkü görüşü Zeynəbin timsalında digər məktəblilərə olan qayğının bariz nümunəsi kimi dəyərləndirib.  

Məktəblinin anası Hicran Əyyubova qızının timsalında gələcəyimiz olan gənclərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı ilə olan bugünkü görüşü bütün məktəblilərə göstərilən qayğı, ayrılan diqqət kimi qiymətləndirib.



Facebook-da paylaş