Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib – YENİLƏNİB VİDEO
GOYEZEN.AZ AZƏRTAC-a istinadən
bildirir ki, aprelin 30-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı iclasda giriş
nitqi söylədi. Prezident İlham Əliyevin giriş nitqi -Bu ilin yanvar ayında 2018-ci ilin
yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz
üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra
islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində
islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata
keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır.
Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki,
biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif
mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf
edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən
ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra
edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı
üçün möhkəm zəmin yaradılmışdır. Bildiyiniz kimi, prezident
seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi
ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən
çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq
vəsaitin verilməsi prosesi başlamışdır. Əlbəttə ki, islahatların davam
etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda
olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır.
Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və
inkişafı dayanıqlı və uzunmüddətli edək. İlin əvvəlindən Azərbaycan
iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı
gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə
resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi
şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox
hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində
əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft
sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu,
islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin
vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci
rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki,
biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik. Son illərdə həm sosial, həm
infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması
istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı
əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma
prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır. İqtisadi və sosial sahədə aparılan
siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi
daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək
göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki
görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu
da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft
sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin
nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye
istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd
təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı
səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə
qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz
burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas
vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə
ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki
illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda
biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir.
Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı
şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi
səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə
ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun
perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz
kimi, Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq
görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında
yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu
görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm
ki, bundan sonra da təmin ediləcəkdir. Beləliklə, əsas iqtisadi və sosial
göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir
ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək.
Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi,
təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən
başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində,
görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın
konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial
sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40
faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən
müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə
ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı
təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri
həll edək. Digər önəmli məsələ problemli kreditlərlə
bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz
kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə
düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O
ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz
hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik.
2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün
addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi.
Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin
yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk
növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə.
Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə
aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və
vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub.
Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik.
Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu.
Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət
ərzində başa çatacaqdır. Digər məsələ vaxtilə tikilmiş, ancaq
istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan
vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri
aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da
Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin
sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu
işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu
məsələ də öz həllini tapsın. Beləliklə, görülən bu işlər nəticəsində
üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb,
vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz
həllini tapıb. Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki,
qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə
uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı
Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə
ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə
qarşısında duran bütün vəzifələr icra edilir. Bu ilin yanvar ayında regionların
sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu
da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra
edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər
öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox
məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır.
Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox
tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün
şəhərlərimizdə, - bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın
zamanlarda bu işlər görüləcək, - ən müasir avadanlıqlarla təchiz edilmiş
xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb,
yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb. İnfrastruktur layihələri ilə bağlı,
görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə
Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə
çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi
cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o
xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda
təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi
qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən
məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada
qaz yoxdur. Biz o işləri də görəcəyik. Elektrik enerjisi ilə bağlı qoyulan
investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi.
Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də
televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz
xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik.
İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər
görülüb. Yolların çəkilişi - 15 min kilometr avtomobil yolu salınıb. İndi hər
il bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Bakı şəhərində, Bakı
qəsəbələrində bu işlər gedir. Bu, həm insanlara rahatlıq verir, həm biznes, həm
də fermerlər üçün çox əhəmiyyətlidir. Bunun hər cəhətdən böyük faydası var. Mən
bu gün Regional İnkişaf Proqramının ancaq bir hissəsini qeyd edirəm. Bu,
doğrudan da böyük bir dönüş, böyük bir irəliləyiş oldu. Dördüncü proqramın qəbul edilməsi
önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də
görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha
da inamla, uğurla inkişaf etsin. Bu il iri sənaye müəssisələrinin
açılışı olmuşdur. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen
zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu
zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Orada işləyən vətəndaşlar təlim
keçiblər. Onlar bir neçə ölkədə təlim kurslarında olmuşlar. Orada işləyənlərin
əksəriyyəti gənc mütəxəssislərdir. Bu, həm yeni texnologiyalardır, həm
qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır. Bu,
bir daha onu göstərir ki, Azərbaycan sənaye istehsalı sahəsində böyük işlər görməyə
qadirdir. Əlbəttə ki, sənaye istehsalı növbəti illərdə bizim üçün prioritet
məsələlərdən biri olacaq. Əminəm ki, həm yerli, həm də xarici sahibkarlar bu
işlərə diqqət göstərəcəklər. İndi xaricdən investisiya, sərmayə
qoymaq istəyənlərin sayı çoxalır. Xarici sahibkarlar müraciət edirlər. Mənim bu
yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri
şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə
qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər. Biz bu ilin əvvəlindən ölkəmizdə bir
neçə mötəbər beynəlxalq tədbir keçirmişik. Onların arasında VII Bakı Qlobal
Forumunu qeyd etmək istəyirəm. Bu, dünya miqyasında bu gün ən mötəbər
forumlardan biridir. Bu forumda 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak
etmişdir. Onların arasında 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və
hökumət başçısı olmuşdur. Forum həm intellektual potensialına, həm də müzakirə
olunan məsələlərə görə doğrudan da dünya miqyasında seçilən tədbirlərdən
biridir. Bakıda bizim təşəbbüsümüzlə OPEC+
görüşü keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün
iştirakçısıdır, hətta bu təşəbbüsün, - əgər belə demək mümkündürsə, -
müəlliflərindən biridir. Çünki OPEC-in baş katibinin Bakıda olan zaman
açıqlaması bunu göstərir. Mən bunu özüm heç vaxt demirdim. Ancaq o, bunu rəsmi
qaydada bildirdi ki, hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış
edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin
tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə
fəaliyyətidir. Onlar razılığa gəlməlidirlər ki, neftin qiyməti sabit qalsın.
Hasilat aşağı düşməlidir və hər kəs buna əməl etməlidir. Ancaq o halda neftin
qiyməti qalxa bilər. Əgər o vaxt neftin qiyməti təqribən 30 dollar ətrafında
idisə, bu gün bu, 70 dollar ətrafındadır. Yəni, burada da Azərbaycan öz töhfəsini
verir. Bizim dəvətimizlə OPEC və qeyri-OPEC ölkələrinin görüşü Bakıda
keçirilmişdir. Adətən bu görüş OPEC-in mənzil-qərargahında keçirilir, bəzi
hallarda başqa ölkələrdə, o cümlədən Bakıda. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət
Şurası ənənəvi olaraq Azərbaycanda keçirildi. Bu görüşün də çox böyük mənası
var. Çünki hər il keçirilən bu tədbir həm imkan verir ki, biz görülmüş işlərə
nəzər salaq və ən önəmlisi, görüləcək işlər haqqında fikir mübadiləsi aparaq,
birgə fəaliyyət planı tərtib edək. Beləliklə, il ərzində biz elə bil ki, özümüz
üçün bir iş planı tərtib edirik. Digər önəmli tədbirlər keçirilmişdir.
Bir sözlə, Azərbaycan ilin əvvəlindən bütün sahələrdə uğurla inkişaf edir.
Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim
diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir
qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən
prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk. O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.
Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr
əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç
vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki,
danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub,
ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin
Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır,
birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə
hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz
prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin
əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək. x
x x Prezidentin iqtisadi siyasət və sənaye
məsələləri üzrə köməkçisi Natiq ƏMİROV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Əsası xalqımızın ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası 2003-cü ildən
etibarən, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən uğurla inkişaf
etdirilərək çox böyük nailiyyətlərə imza atılmışdır. Tərəfinizdən hazırlanaraq
uğurla həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi
inkişaf proqramları və digər cəsarətli addımlar Azərbaycanda nəhəng
infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə
investisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxarmış,
gələcəkdə turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər
sahələrinin inkişafını təmin edəcək möhkəm təməl bərqərar olunmuşdur. Möhtərəm cənab Prezident, 2014-2015-ci
illərdə dünya bazarlarında neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi ilə
yaranan dünya iqtisadi böhranı və bu böhrandan ölkəmizin qısa müddətdə çıxaraq
iqtisadi artımı yenidən təmin etməsi məhz qurduğunuz o möhkəm təməl sayəsində
mümkün olmuşdur. Bu da bir həqiqətdir ki, regionların sosial-iqtisadi inkişaf
proqramlarının və çoxsaylı infrastruktur layihələrinin uğurlu icrası olmasaydı,
biz bu gün turizmin inkişafından danışa bilməzdik. Vaxtında həyata keçirilmiş
nəhəng meliorasiya layihələri olmasaydı, bu gün kənd təsərrüfatının uğurlu
inkişafı mümkün olmazdı. Möhtərəm cənab Prezident, çıxışlarınızın
birində qeyd etdiyiniz kimi, 2014-2015-ci illərdə baş verən dünya iqtisadi
böhranına görə Siz qeyri-neft sektorunun inkişafının dayanıqlılığını təmin
etmək və iqtisadiyyatın neft sektorundan asılılığını minimuma endirmək üçün
nəzərdə tutduğunuz tədbirlərin müddətlərini təxminən on il qabağa çəkməli
oldunuz. Lakin həmin dövrə qədər Sizin rəhbərliyinizlə həyata keçirilmiş
layihələr bu mürəkkəb vəziyyəti, vətəndaşların sosial rifahını pozmadan və
nəzərdə tutulmuş bütün sosial proqramları icra etməklə çətinliyi imkana
çevirmək kimi bir bacarığa da imza atmağınıza şərait yaratmışdır. Sizin
tapşırığınıza əsasən başlanılan layihələr də daxil olmaqla, həyata keçirməyi
nəzərdə tutduğunuz yeni proqramlar, qeyri-neft sektorunda sənayenin, kənd
təsərrüfatının və digər sahələrin inkişafını təmin edəcək dövlət proqramları
vahid bir sənəddə - milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
Strateji Yol xəritələrində birləşdirilərək 2016-cı ilin dekabr ayında
tərəfinizdən müvafiq Fərmanla təsdiq edilmişdir. Bu Yol xəritələrinin əsas
icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il
müddətində nəzərdə tutulan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə
tutulmuşdur. Müvafiq Sərəncamınızla İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə
əsasən, Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı
52 faiz təşkil etmişdir ki, bu da icra qrafikini qabaqlamaqla icranın
sürətləndirilməsi anlamına gəlir. Ayrı-ayrı sahələr üzrə icra faizlərinin
müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata
keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq. Ayrı-ayrı
qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz
üçün nəzərdə tutulan həddə gəlib çatmış, lakin Biznes Mühiti və Beynəlxalq
Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər
Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını
demək olar ki, tam şəkildə həyata keçirmişdir. Möhtərəm cənab Prezident, Strateji Yol
xəritələrinin əsas tədbirlərinin təqribən 40 faizi İqtisadiyyat Nazirliyi və
Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli
yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq
qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların
birgə fəaliyyəti ilə Strateji Yol xəritələrində bu uğura imza atmağa imkan
vermişdir. Mən burada xüsusilə Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti hörmətli Mehriban xanımın xidmətini qeyd etmək istərdim. Çünki
qurumların əlaqələndirilməsi, müxtəlif fikirlərin bir araya gətirilməsi, vahid
mövqedən çıxış edərək islahat proqramlarının həyata keçirilməsi istiqamətində
Mehriban xanımın əhəmiyyətli dəstəyi xüsusi qeyd olunmalıdır. Strateji Yol
xəritələrində tapşırığınıza əsasən müəyyən edilmiş tədbirlərin bizə nə verdiyinə
baxsaq, ilk növbədə, makroiqtisadi sistemdə pul bazası hədəf götürülməklə
makroiqtisadi sabitliyə nail olundu, manatın məzənnəsi sabitləşdirildi,
inflyasiya optimal həddə endirildi, strateji valyuta ehtiyatları əhəmiyyətli
dərəcədə artdı. Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə dair büdcə
qaydaları, beynəlxalq aləmdə "qızıl qayda” adlandırılan qaydalar təsdiq edildi.
Borc strategiyası, ortamüddətli xərclər çərçivəsi qəbul edildi, fiskal
dayanıqlılığın gücləndirilməsi təmin olundu, bank sektorunda əhəmiyyətli
islahatlar həyata keçirildi. Sizin tapşırığınıza əsasən biznes
mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti
qurulması sahəsində çox ciddi addımlar atılmışdır. Prezident yanında
Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis
olundu, sahibkarların dünya iqtisadi məkanına inteqrasiyasını təmin etmək
məqsədilə "Enterprise Azerbaijan” portalı, "Azexport.az”, rəqəmsal ticarət
qovşağı platformaları yaradıldı. İnvestorların maraqlarının qorunması, elektron
məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma,
maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, müflisləşmə sahəsində
əhəmiyyətli islahat tədbirləri həyata keçirilmişdir. Gömrükdə "yaşıl dəhliz”
sistemi, hərtərəfli vergi islahatları, sənaye parkları, sənaye məhəllələri,
aqroparklar və texnoparkların fəaliyyət dairəsi genişləndirilməklə sahibkarlara
əhəmiyyətli vergi, gömrük və digər güzəştlərin verilməsi təmin edilmişdir. İlk
dəfə olaraq dövlət satınalmalarının vahid internet portalı hazırlanmış və bu
ildən istifadəyə verilmişdir. Cənab Prezident, bu dövr ərzində Sizin
təşəbbüsünüzlə başlanılan və liderliyinizlə həyata keçirilən meqalayihələr –
Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Astara (Azərbaycan)-Astara (İran), SOCAR
Polymer, SOCAR Karbamid kimi nəhəng layihələr məhz bu dövrdə sona çatdırılmış
və fəaliyyətə başlamaqla Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam
etmişdir. İcbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilmiş, uğurlu
nəticələr əsas götürülərək Sizin tərəfinizdən imzalanan müvafiq qanunlarla
2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta
Fondu yaradılmış, məşğulluq strategiyası qəbul edilmiş, ünvanlı sosial yardımın
əhatə dairəsi genişləndirilmiş və özünüməşğulluq proqramlarının icrasına
başlanılmışdır. Bu ildən başlayaraq, Sizin də qeyd
etdiyiniz kimi, şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, minimum əməkhaqqı,
minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış,
qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz
həcmində artırılmışdır. Təbii ki, bu göstəricilər iqtisadi göstəricilərdə də öz
əksini tapmaya bilməzdi. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4
faizdən 2018-ci ildə 2,3 faizə qədər enmiş, strateji valyuta ehtiyatları
2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara
qalxmışdır. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan
2019-cu ildə 25 milyard 200 milyon manata qədər artmışdır. İlk dəfə olaraq
qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə
nail olunmuşdur. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar,
bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft
məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal
ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan
2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab
Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz
və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə
qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının
"Doing Business” hesabatında da Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü
yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur. Qeyd etdiyim kimi, 2020-ci ilin sonuna
qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu 20 ay
ərzində, möhtərəm cənab Prezident, Sizin dövlət və hökumət qurumları qarşısında
çox mühüm tələbləriniz, tapşırıqlarınız durur. Bu müddət ərzində biznes mühiti
və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin
tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa
çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ
idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi
artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar
sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə
tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal
sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər
görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15
faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat
tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam
fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava
nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil
sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir. Sizin tapşırığınıza əsasən, elektrik
enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda
səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər
hazırlanaraq həyata keçirilir. Dövlət satınalmalarının vahid internet
portalının bütün dövlət satınalmaları üzrə yeganə satınalma platformasına
çevrilməsi ölkədə rəqabət mühitinin formalaşması istiqamətində atılacaq ən
mühüm addımlardan biridir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən
sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf
proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz
təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər
nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji
proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər. Möhtərəm cənab Prezident, yuxarıda
sadalanan bütün hədəflərə nail olmaq üçün təkcə hökumətin və dövlət
qurumlarının deyil, bütün cəmiyyətin iştirakı vacibdir. Sizin dediyiniz kimi,
bu günlərdə Çin Xalq Respublikasına etdiyiniz çox uğurlu səfər bir daha
təsdiqlədi ki, dünya liderləri, böyük dövlətlər tərəfindən Azərbaycanın
liderinə, eyni zamanda, onun həyata keçirdiyi siyasətə çox böyük diqqət
göstərilir. Sizin həyata keçirdiyiniz islahatlar, Sizin həyata keçirdiyiniz
siyasət Azərbaycanı bütün bölgədə təhlükəsizlik adası halına gətirməklə gələcək
inkişafın qarantı qismində çıxış edir. Ölkədə və xaricdə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı, cənab Prezident, Sizin tərəfinizdən başladılan
və uzun illər həyata keçirilən bu islahat proqramlarına dəstək olmalı, cənab
Prezidentin və onun siyasəti ətrafında sıx birləşməli, xalqımızın gələcək
inkişafı yolunda öz töhfəsini verməlidir. Diqqətinizə görə minnətdaram. x
x x Kənd təsərrüfatı naziri İnam KƏRİMOV çıxış
edərək dedi: -Möhtərəm cənab Prezident. Ölkədə ərzaq təhlükəsizliyinin təmin
olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə
edilməsi, yüksək məhsuldarlığın əldə olunması Zati-aliləriniz tərəfindən
qarşımıza qoyulmuş əsas vəzifələrdir. Son illərdə Sizin rəhbərliyinizlə
keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili
bazar təminatı və ixrac həcmi artıb, kənd yerlərində məşğulluq və gəlir əldə
etmək imkanları xeyli genişlənib. 2018-ci ildə kənd təsərrüfatı
məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən
bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının
istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox
tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə
müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz
məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub. Aqrar sahədə müsbət inkişaf dinamikası
cari ildə də davam edir. Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və
heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz
ixracının həcmi 28,2 faiz artıb. Aqrar sahədə inkişafın davamlılığını təmin
etmək üçün, müəyyən etdiyiniz strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı
Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və
fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmuşdur. Fermerlərə xidmətlərin
əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin
əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd
təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər.
Mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın
xidmət göstərilir. Nazirliyin nəzdində fəaliyyət göstərən 4
qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq,
fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və
səmərəli idarəetməni təmin edəcək. Lizinq fəaliyyəti ilə bağlı həyata
keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti
formalaşıb. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər
bütün təchizatçı şirkətlərə şamil olunub və "Aqrolizinq” ASC artıq bu bazarın
iştirakçısı deyil. Bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış
qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub. Fermerlərə subsidiyaların və güzəştli
kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il
Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb. Fermerlərin qayğı və problemlərini daha
yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər
Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin
dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb. Möhtərəm cənab Prezident, fermerlərə
dövlət dəstəyinin təkmilləşdirilməsi üçün tapşırığınıza əsasən subsidiyaların
verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb. Bu gün fermerlərimizi
qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları
çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və
təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin
üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların
sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların
yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün
qurulmasıdır. Ötən il nazirliyin prioritet
vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil
edib. Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha
əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin
edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək.
Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa
kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün
proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer
sistemdə qeydiyyatdan keçib. Kənd təsərrüfatında innovasiyaların
tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin
olunması da əsas vəzifələrimizdəndir. Bu məqsədlə Aqrar Elm və İnnovasiya
Mərkəzi formalaşdırılıb. Həmçinin nazirliyin elmi-tədqiqat institutları
araşdırmalarını innovativ yeniliklərin fermerlərə ötürülməsi istiqamətində qurublar. Fermerlərin bacarıqlarının artırılması və
maarifləndirilməsi üçün xüsusi təlim strategiyası hazırlanıb. Bilavasitə
yerlərdə fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin
keçirilməsinə başlanılıb. Əlverişli aqrobiznes mühitinin, fermerlərin
yerli və xarici bazarlara çıxış imkanlarının artırılması üçün Sizin müvafiq
Fərmanınızla Aqrar Tədarük və Təchizat Şirkəti təsis edilib. Şirkət tərəfindən
"Kənddən şəhərə” satış platforması yaradılıb, davamlı olaraq müasir yarmarkalar
təşkil olunur. Möhtərəm cənab Prezident, 2019-cu ildə
qarşımızda qoyduğunuz vəzifələri icra etmək və strateji hədəflərə nail olmaq
üçün müvafiq tədbirlər görülüb. Cari təsərrüfat ilində 1 milyon 85 min hektar
sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min
hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi
məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Ötən il xam pambığın alış
qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər
üçün sərfəli sahəyə çevirib. 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri
başa çatdırılıb. Cari ildə taxıl və pambıq istehsalındakı
artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşımızda
duran vacib hədəflərdəndir. Həmçinin yeni meyvə bağlarının salınması, o
cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz
bağlarının sahələrinin genişləndirilməsi həllivacib məsələlər kimi qarşımızda
durur. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının
dəstəklənməsi də əsas prioritetlərimizdəndir. Bu vəzifələrin yüksək səviyyədə icra
olunması üçün təminat məsələlərinin həllinə xüsusi diqqət yetirilib. Cari ildə
mineral gübrə və pestisidlərlə təminatla bağlı hazırlıq işləri tam yekunlaşıb.
Tapşırığınıza əsasən fermerlərin texnika ilə təchiz olunması diqqətdə
saxlanılıb. Ötən il "Aqrolizinq” tərəfindən 6046 ədəd müasir texnika, o
cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu
ildən fermerlər texnikanı "Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il
faizsiz kredit tətbiq edilməklə, istədikləri şirkətdən ala biləcəklər. Heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların
gətirilməsi tədbirləri də davam etdirilib. Keçən ildən yerli təsərrüfatlardan
cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb. 2018-ci ildə süni
mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz
artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən
"Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq
edilməklə istədikləri şirkətdən ala biləcəklər. Möhtərəm cənab Prezident. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin
olunmasına, aqrar sahənin şaxələndirilmiş və dayanıqlı inkişafına, fermerlərin
maddi-rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı diqqət və qayğıya
görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi bir
daha əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün
bütün səy və imkanları səfərbər edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm! x
x x İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Zaur ƏLİYEV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident, Zati-aliləri. Sizin diqqət və qayğınız nəticəsində
Azərbaycanın səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb
müəssisələrinin maddi texniki bazası və kadr potensialı daima gücləndirilmiş,
bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Görülmüş
işlərin davamı kimi icbari tibbi sığortanın tətbiqi Sizin növbəti uğurlu
siyasətiniz olaraq, səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə öz
töhfəsini verəcək. Bildiyiniz kimi, genişmiqyaslı sosial
layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin
maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin
əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən
qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan
maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi
xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq. Cənab Prezident, Sizin göstərişinizə uyğun
olaraq 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın
pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Pilot layihə ilk
olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmiş, 2018-ci
ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edilmişdir.
Tapşırıqlarınızın icrası məqsədilə pilot layihə çərçivəsində bir sıra mühüm
addımlar atılmışdır. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot
ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi
çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə
xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Tibb
müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi
rentabellik təmin olunmuşdur. Mövcud maddi-texniki baza və kadr resursları ilə
daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə
ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə
gəlişlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21
min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artmışdır. Bununla
yanaşı, icbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə
anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilib, onlar əlillikdən
xilas edilərək öz sağlamlıqlarına qovuşublar. Pilot ərazilərdə kəmiyyət göstəricilərinin
artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan
endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb
əməliyyatlar həyata keçirilmişdir. Bu əməliyyatların bilavasitə rayon
xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə
əlçatanlığının təmin olunması istiqamətində atdığımız addımlardan biridir. Kadr
potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici
ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni zamanda, ölkədə
ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək
Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır. Pilot layihənin ən mühüm nəticələrindən
biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının
artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə
yüksəldilməsi olmuşdur. Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə
üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir. Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi
sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki
xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin
müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də
müvafiq işlər görülmüşdür. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması
tam təmin edilmişdir. Əhalinin münasibətini öyrənmək məqsədilə
aparılan sorğularda respondentlərin mütləq əksəriyyəti icbari tibbi sığortanın
tətbiq olunmasına dair müsbət fikir bildirmişdir. Mingəçevir şəhəri üzrə bu
göstərici 88 faiz, Yevlax rayonu üzrə 79 faiz, Ağdaş rayonu üzrə isə 86 faiz
təşkil etmişdir. Agentlik tərəfindən aparılan təhlillərə və
beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə
görə əminliklə demək olar ki, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və
sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara
malikdir. Cənab Prezident, Sizin siyasi iradəniz
sayəsində icbari tibbi sığorta sahəsində görülmüş işlərin davamı olaraq "Tibbi
sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər layihəsi
hazırlanmış və 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən qəbul edilmişdir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək
Qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin
səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi
göstərilmişdir. Həmçinin ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi
qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial
müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə
olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi
nəzərdə tutulmuşdur. Bu isə Sizin sosialyönümlü islahatlarınızın və həssas
əhali kateqoriyasına göstərdiyiniz yüksək qayğının bariz nümunəsidir. Eyni
zamanda, vurğulamaq istərdim ki, 2018-ci il dekabrın 20-də 418 nömrəli
Fərmanınızla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin
yaradılması və dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi,
dövlət tibb müəssisələrinin elektronlaşdırılması, habelə icbari tibbi
sığortanın sonrakı inkişafı ilə bağlı qərarlar qəbul edilmiş və bundan irəli
gələrək Agentlik qarşısında mühüm vəzifələr qoyulmuşdur. "Tibbi sığorta haqqında” Qanuna edilmiş
dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə
sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı
yaranmışdır. Bu məqsədlə tərəfimizdən tibb müəssisələrinin ilkin
qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə 2019-cu il üzrə görüləcək
işlərə dair tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planına uyğun
olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin
görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidini
təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və
bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi
planlaşdırılır. Eyni zamanda, dövlət tibb müəssisələrində
göstərilən tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb
müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il
ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət
göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə
maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının
sayının 200-ə çatdırılması nəzərdə tutulub. Əhalinin icbari tibbi sığorta çərçivəsində
yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin
hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi
üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də
səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun
tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr
ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq. Sonda Zati-alilərinizi bir daha əmin etmək
istərdim ki, icbari tibbi sığortanın ölkədə uğurlu tətbiqi üçün İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi öz potensialını səfərbər edərək, Sizin
etimadınızı doğrultmağa çalışacaq. İndi sayı 10 milyon olan əhalimizin icbari
tibbi sığortalanması kimi şərəfli missiyanı bizə həvalə etdiyinizə görə Sizə
dərin minnətdarlığımı bildirirəm. x
x x Dövlətimizin başçısı iclasda yekun nitqi
söylədi. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi -Bizim islahatlarımız davam edir. Bu gün
məruzələrdə səslənən fikirlər deməyə əsas verir ki, islahatlar yaxşı nəticələr
verir. Strateji Yol xəritələrinin icrası ilə bağlı məlumat verildi və iki il
ərzində yol xəritələrinin icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki,
bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz
bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər
göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır. Büdcə gəlirlərimiz
artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes
mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini
görürük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir,
icbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki,
bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar
razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni, bu, ciddi addımlardır və göstərir
ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi
təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha
da uğurlu inkişaf modeli ortaya qoymalıyıq. Ümumiyyətlə, deyə bilərəm ki, biz hazırda
iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses
başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb
ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə
gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı.
Biz əsas infrastruktur layihələrini icra etdik. Qeyd etdiyim kimi, növbəti
beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı
çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik.
Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli
qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var. Deyə bilərəm ki,
aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim
həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı,
Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə
keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar
tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra
da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu
istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər,
əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin
icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı
işləyib təqdim etməliyik. O ki qaldı, digər məsələlərə, ilin sonuna
qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək.
Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır.
Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən
azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar
var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki,
ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz
"Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, - o da təqribən 400-500
meqavat gücünə malik stansiya olacaq, - bizim enerji potensialımız daha da
artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali əlbəttə ki, gələcəkdə
də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcəkdir. Giriş sözümdə qeyd etdim ki, qazlaşdırma
Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər
aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz
almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın
təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər
görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, "Azəriqaz”
tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə
məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq
edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və
burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar
gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var,
bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi,
içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət
olmalıdır. İçməli su layihələrinin icrası ilə bağlı
deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki
illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki,
suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin
sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər
davam edir. Növbəti illərdə onlar da başa çatacaq. Son illərdə meliorativ tədbirlərin həyata
keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar
yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su
xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000
kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin
əvvəlində bu hədəfi götürmüşdük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər
deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min
kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı
qəsəbələrində, - bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, - və
bölgələrdə əlavə tədbirlər görüləcək. Bu proses su xətlərinin çəkilişi ilə
uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan
sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük. Mən qeyd etdim ki, Azərbaycan bu gün
xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir
ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar
tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan
götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq,
ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa
yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni,
bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol
vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı
üçün əsas şərtlərdən biridir. Azərbaycanda dövlət investisiyaları qoyulur və
qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə
investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman
bu sahədə öz dəstəyini göstərəcək. Bu il məcburi köçkünlər üçün yeni yaşayış
binalarının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, son illərdə yüzdən çox
köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv
etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır
vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün
əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər
tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi
üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin
sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və
işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip
təmin edilir. Bu il şəhid ailələrinə dövlət tərəfindən
ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət
tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı
600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu
da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu
işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki
siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və
edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur. İş yerlərinin yaradılması Azərbaycanda
daimi proses olmalıdır. Son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır.
Ancaq, eyni zamanda, bu müddət ərzində əhali 1,7 milyon artmışdır. Bu, çox
müsbət haldır. Bildiyiniz kimi, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib.
Artıq biz 10 milyonuq. Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi
gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur
layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq
bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir.
Sovet vaxtında yaradılmış infrastruktur ovaxtkı əhaliyə hesablanmışdı. İndi
Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu
məsələyə biz daim diqqət göstərməliyik. Misal üçün, bir çox infrastruktur
layihələri, o cümlədən içməli su layihələri artan əhalini nəzərə almaq şərtilə
2030-cu ilə qədər hesablanıb. Yenə də deyirəm, iş yerlərinin yaradılması
üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri,
sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu
missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə
qoyuluşu olmasa iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini
yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri
görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə
verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin
edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl
sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və
rəqabətqabiliyyətli məhsul istehsal etməlidir. İş yerlərinin yaradılması üçün, əlbəttə
ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da
başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq
proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik.
Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və
öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb
edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var,
ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir. Bəzən müəyyən vasitələr
vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə
istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə
ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, - mən bilirəm ki, treninqlər də
keçirilir, - eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır.
Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf,
həm də istehsal baxımından çox böyük gələcəyi var. Onu da bildirməliyəm ki,
aparıcı beynəlxalq maliyyə qurumlarının, misal üçün, Dünya Bankının, digər
bankların rəhbərləri ilə görüşlər əsnasında bu məsələni də mən qaldırmışdım və
onlarda da buna böyük maraq var. Biz onları cəlb etməliyik. Bizim indi maliyyə
imkanlarımız var. Ancaq təcrübə baxımından, onlarda olan təcrübə bizdə yoxdur.
Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu
proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət
göstərilməlidir. Mən bu mövzu ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm.
Məhz ona görə ki, bu, çox vacib məsələdir. Qeyd etdiyim kimi, bu il maaşlar,
pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu
məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və
pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə,
bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial
müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik.
Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq. Sosial infrastrukturla bağlı, - bu da daim
diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb
tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun
da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir
zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab
verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il,
uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı
məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək. Bu il 10-a yaxın yeni mərkəzi rayon
xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər,
rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi
olmasın. Üç olimpiya idman mərkəzinin istifadəyə
verilməsi nəzərdə tutulurdu, onlardan biri artıq açıldı. Altı milyon insan
dövlət hesabına tibbi müayinədən keçəcəkdir. Bu da bizim təşəbbüsümüzdür, çox
ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il
ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu
şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni
zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı
artıq qeyd etdim ki, 3 pilot layihənin təcrübəsi çox müsbətdir. Artıq məruzədə
də səsləndi ki, biz indi genişmiqyaslı proqramın icra edilməsinə hazırıq. Bu da
çox ciddi sosial addım olacaqdır. Bakı şəhərində nəqliyyat-təsərrüfat
problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı
təkmilləşir. Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur.
Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro
vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün
dövlət büdcəsində vəsait nəzərdə tutulur. Şəhərətrafı dəmir yolunun çəkilişi
prosesi davam etdirilir. Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə
yaxşılaşdıracaqdır. Bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında
baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün fəal işlər gedir.
Müntəzəm olaraq mənə məruzə edilir. Minlərlə yeni ev tikilib əsaslı təmir
ediləcək. Dövlət vəsaiti ayrıldı. Yenə də demək istəyirəm ki, biz bu məsələyə çox
operativ şəkildə yanaşdıq. Vətəndaşların problemlərini nəzərə alaraq
çalışmalıyıq ki, bu işlər tez bir zamanda başa çatsın. Halbuki bu, ağır işdir,
ilk növbədə, təhlil aparılmalıdır, komissiya işləməlidir, dəymiş ziyanın həcmi
müəyyən edilməlidir və tikinti işləri aparılmalıdır. Əlbəttə ki, bu, zaman
tələb edən bir məsələdir. Həm dövlət qurumları, həm də özəl sektor bu işlərə
qoşulub. İşlər indi geniş vüsət alıb. Həm vətəndaşların evləri təmir olunur,
yeni evlər tikilir, həm də çoxmərtəbəli binaların tikintisi başlamışdır.
Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Mən bu
məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki,
inkişaf etmiş ölkələrdə bu işləri sığorta şirkətləri görür. Vətəndaşın evi
sığortalıdır, sığorta pulunu alır, gedir özü üçün ev tikir. Nəzərə alsaq ki,
bizdə belə deyil, dövlət bu məsələni öz üzərinə götürür. Bir daha demək
istəyirəm ki, ən gözəl nümunə göstərən ölkələrdən biri Azərbaycandır, həm
keyfiyyət, həm müddət, həm operativlik və həm də vətəndaşlara qayğı baxımından. Ona görə Azərbaycan vətəndaşları əmin ola
bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları,
mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı,
diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra
orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim
vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə,
kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara
biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək
olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır
və aparılacaq. Ümumiyyətlə, idarəetmə sahəsində
islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də,
əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir
sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa,
mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək
qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra
orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul
olmalıdırlar. Biz regional inkişaf proqramını böyük
dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı
problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına
salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə
bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır.
Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir.
Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur.
Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına
yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım
olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma
bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında
canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik
göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu
görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər
başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar,
möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da
ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə
daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir.
Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Sənaye istehsalı sahəsində iri sənaye
müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz
çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm
yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini
təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm
iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan
qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə
sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara,
zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını
yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur,
investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz
inkişaf edir. İnşaat sektorunun inkişafına biz daha
böyük diqqət göstərməliyik. İnşaat sektorunda hazırda canlanma var. İnşaat
sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə
yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük
canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat
sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə
ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik
əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti
altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti
ilə birinci sosial evlər layihəsi uğurla başa çatıb. Yasamal yaşayış kompleksi
istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci
layihə icra edilir - Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa
edilir. Bu qurum - MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna
daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin
edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda,
inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə
yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər
sahibkarı işlə təmin edir. Kənd təsərrüfatı ilə bağlı aparılan
islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir.
Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli
şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm
ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən
qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq
vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu
sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib
çıxaracaq. Hesab edirəm ki, idiki 3,6 faiz artım bizim potensialımızı tam əks
etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət
tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik,
tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni,
bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki,
görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da
yüksək ola bilər. Azərbaycanda kənd təsərrüfatı texnoloji
sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta
mexanizmi tətbiq edilməlidir. Bununla paralel olaraq, biz kəndlərdə investisiya
layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd
Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki,
kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər
bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə
cəlb edirik. Ancaq
kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır. Əlbəttə ki, mən bütün bu işlərdə sahibkarların rolunu qeyd etmək
istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən
sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi
ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm
tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi,
sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı
sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də
verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə
kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək,
əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan
sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən
onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar.
Çünki dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumata
görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar.
Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq
problemini həll edəcək. Baxın, dövlət və özəl sektor ancaq bir il ərzində 50
minə yaxın ictimai iş yeri yaradacaq. Əlbəttə, biz gözləyirik ki, yeni
müəssisələr, yeni sənaye sahələri yaradılsın və burada iş yerləri kifayət qədər
çox olsun. Bu il bölgələrdə beş "ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə
tutulur və beləliklə, onların sayı 20-yə çatacaq. Mənə verilən məlumata görə,
Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki "ASAN
xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə
növbələr yaranır. Biz "ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun,
bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun.
Buna nail olmuşuq. "ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq
nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə
növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, -
Bakı şəhərində əlavə iki "ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların
sayı 22-yə çatacaq. Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç
bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə
islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda
məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab
edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək
hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən
mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim
neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz
indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş
"Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki,
ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq,
maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə
baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də
ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq. Sağ olun.
Facebook-da paylaş