Qazaxda vahid informasiya portalı olan “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib
Bu gün Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən hazırlanmış vahid informasiya portalının – "GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib.
Tədbirdə ilk olaraq "GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə "GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.
Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınıb. Belə ki, "GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictimai faydalı işlərə cəlb olunmaq, bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir.
"GəncApp”-ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir.
Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə – azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.
"GəncApp” tətbiqinin yaradılması Respublika Prezidenti cənab İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür.
GOYEZEN.AZ
Facebook-da paylaş