Qazaxda icra başçısı rayonun Daş Salahlı kəndində yeni inşa olunan güləş zalında aparılan işlərlə tanış olub
Təqdirəlayiq haldır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlıu idman siyasətinə uyğun olaraq, ölkəmizdə kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi və müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin mühüm tərkib hissəsi kimi, xalqımızın milli-mənəvi irsi ilə bağlı olan ənənəvi idman növlərinin qorunması və inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Heç kəsə sirr deyil ki, güləş xalqımızın ən qədim və sevilən idman növlərindən biridir. Azərbaycan güləşçiləri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək bir çox şərəfli qələbələr qazanmışlar. Bu ənənələrin yaşadılması və regionlarda güləş idmanının inkişafı üçün məşq şəraitinin yaradılması mühüm əhəmiyyət kəsb edir. "Qazax İdman paytaxtı 2026" çərçivəsində bu ilin 4 iyul tarixində Qazax rayonunun Daş Salahlı kəndində müasir sərbəst güləş zalının istifadəyə verilməsi məhz bu istiqamətdə atılmış nümunəvi addımlardan biridir. Sevindirici olan isə odur ki, Daş Salahlı kəndində artıq ikinci sərbəst güləş zalı inşa olunur. Xeyli vaxtdır ki, güləş zalının inşasına başlanılıb, işlərin çoxu isə arxada qalıb. Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun Daş Salahlı kəndində olub, yeni inşa olunan həmin güləş zalında aparılan işlərlə maraqlanıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu ilin 5 mart tarixi Azərbaycanda təkcə Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qaldı. Həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu. Bəli, artıq Qazax bu il bir neçə yarışa, turnirə, festivala ev sahibliyi etdi, bu il qazaxlıların, idmansevərlərin yaddaşına unudulmaz anlarla həkk olundu.










Facebook-da paylaş














