• Təqvim

  • Maraq

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunub

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 ili tamam olacaq. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır.

Noyabrın 19-da Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, Ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları və fəalları, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Təşkilatın iclas zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Rayon təşkilatının sədri bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək səmimi ürək sözlərini səsləndirib. A.Nəbiyev Azərbaycanın son dərəcə ağır və ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə yaranması tarixindən, 34 ildə keçdiyi zəngin və şərəfli yoldan, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edib. A.Nəbiyev möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının partiyanın VIII Qurultayında dərin məzmunlu, proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən də ətraflı danışıb. A.Nəbiyev ölkə başçısının rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanın yeni-yeni qələbələr, uğurlar qazanacağına, zaman-zaman öz hədəflərinə çatacağına böyük əminliyini ifadə edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümü münasibətilə səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 34 il ərzində keçdiyi zəngin və şərəfli yoldan ətraflı danışıb. Rayon rəhbəri bildirib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü dahi şəxsiyyət, müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə yüksək inkişaf yolu keçərək, çoxsaylı nailiyyətlər, uğurlar qazanıb. İcra başçısı 21 noyabr 1992-ci il tarixinin məhz, bütün uğurların, qələbələrin, möhtəşəm Zəfərin təməlinin qoyulduğu gün olduğunu xüsusi vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında əldə olunan uğurlardan, qazanılan qələbələrdən də geniş bəhs edib və tədbir iştirakçılarını bir daha təbrik edərək, onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə partiya fəallarından Gülnar Qəhrəmanova, Arzu Abbasova, Aytəkin Hüseynova, partiya veteranı Ramil Qurbanov mövzu ətrafında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli Liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı, Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin bünövrəsi möhkəmləndirildi, idarəçilik sistemi yenidən quruldu. Qısa müddətdə ölkədə sabitlik təmin olundu, iqtisadi islahatların əsası qoyuldu, Azərbaycanın dünya dövlətləri arasında mövqeyi gücləndirildi. Yeni Azərbaycan Partiyasına göstərilən böyük dəstək isə xalqın Ümummilli Liderinə sonsuz etimadının parlaq təcəssümü oldu. Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 1993–2003-cü illər xüsusi mərhələ kimi yadda qaldı. Bu illər ərzində “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tbilisi–Ceyhan kəməri reallaşdırıldı, ölkə iqtisadiyyatı canlandı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Xalqımızın dahi oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil edir və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Ulu Öndərin strategiyası əsasında yaranmış YAP-ın ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur, bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, tranzit-güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bu gün Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.

Tədbirdə partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həsr etdiyi şeirlərini səsləndirib. Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həsr olunmuş şeirlər səsləndiriblər.

YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında yüksək siyasi fəallığına görə yubiley yaşı tamam olan bir qrup partiya veteranı və ərazi partiya təşkilatının sədrləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, hədiyyələr təqdim edilib.

YAP sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.




Facebook-da paylaş


{sape_links}