• Təqvim

  • Maraq



Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir

Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə səsləndirdiyi “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” dəyərli fikirlərini bu gün də qürurla xatırlayırıq.

Təhsil və peşəkar fəaliyyət, inamlı addımların və uğurlu qərarların əsasında duran təhsil çox mühüm amildir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti hər kəsə nümunədir. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

Beynəlxalq təşkilatların fəaliyyətində səmərəli iştirak böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il 7 fevral tarixli prezident seçkilərində cənab İlham Əliyevin seçki platformasındaqarşıya qoyulmuş hədəfləri - hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, milli maraqlara söykənən müstəqil xarici siyasət, milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ və müasir təhsil, qabaqcıl səhiyyə, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi hədəflər ölkə Prezidentini Qalib Xalqın Qalib Liderinə çevirdi. 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentiseçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il), Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il), Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il), Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il), Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il), Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il), Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il), Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il), Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il), Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il), Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il), Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il), “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il), Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il); Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il), Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il), Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni (24 avqust 2022-ci il), bütün bunlar ölkə başçısının uğurlu siyasətinə verilən mükafatlardır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il), Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il), İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il), Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il); Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il), Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il), Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il), Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il) mükafatların davamıdır.

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il), Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il), Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il), Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il), Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il), MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il), Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il), Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il), Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il), Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il), Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il), Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı (29 aprel 2018-ci il), Dünya Etnoidman Konfederasiyasının “Liderlik Mükafatı” (5 mart 2022-ci il) ölkə başçısının idman sahəsi ilə bağlı təltif olunduğu mükafatlardır.

Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı mühüm amildir. Prezident İlham Əliyevin 31 dekabr 2015-ci ildə səsləndirdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” sözləri bu gün bütün sahələrdə reallığa çevrilib. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri bu gün artıq reallığa çevrilib, gerçək olub.

Dövlət siyasətinin müasir modelinə gəlincə 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Gələcəyə hesablanmış dövlət siyasətinə gəlincə bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti hər kəsə nümunədir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

İlham Əliyev - Yeni Azərbaycan Partiyasının sədri olaraq öz sözünü deməyi bacardı. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Dünya iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Azərbaycanın yeni siyasi konfiqurasiyasına gəlincə Prezident İlham Əliyev 2020-ci ilin əvvəlində ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi dialoq mühitinin formalaşdırılması məsələsini ictimai çıxışlarında diqqətə çatdırmış, bu barədə müvafiq tapşırıqlarını vermişdir. VI çağırış Milli Məclisin ilk iclasında da cənab Prezident bu prosesin təfərrüatlarına toxunaraq demişdir: “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Siyasi dialoqun müsbət demokratik təzahürlərinə gəlincə siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilmişdir, ümumilikdə 89 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılmışdır ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilmişdir, uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunmuşdur, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilmişdir, siyasi partiyalara dövlət maliyyə yardımının həcmi 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılmış, parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlamışlar, siyasi partiyaların işğaldan azad edilən rayonlara birgə 8 səfəri həyata keçirilmişdir, siyasi partiyaların (AXCP istisna olmaqla) iştirakı ilə 1 seminar-müşavirə, Milli Məclisdə 3 dəyirmi masa, həmçinin 6 video-konfrans və çoxsaylı fərdi görüşlər keçirilmişdir, partiyaların mütləq əksəriyyəti dövlətçilik məsələləri ilə bağlı Vətən müharibəsi zamanı və digər dövrlərdə siyasi və milli birlik nümayiş etdirərək ümumilikdə 14 birgə bəyanat və müraciətə imza atmışdır, bütün siyasi partiyalar dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başlamışdır, qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılmış və istifadəyə verilmişdir, siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında davamlı çıxışları təmin olunmuşdur. Anım günlərində, ümumxalq hüzn günündə müvafiq məkanların siyasi partiya nümayəndələrinin birgə ziyarət etməsi təşkil olunmaqdadır. 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranmışdır.

Təkamül yolu ilə demokratik ənənələrin formalaşmasına gəlicə 10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə 7 müxalifət partiyasının nümayəndələri qanunvericilik orqanının rəhbərliyində (Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər) təmsil olunublar. Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərdə 26 siyasi partiyadan 25-i iştirak etmişdir (2020-ci ildə 62 siyasi partiyadan cəmi 20-si iştirak etmişdir). Son parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 30,7%-ni təşkil etmişdir (2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 18,7%-ni təşkil etmişdir). 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə son seçkilərdə iştirak etmişdir (2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak etmişdir). VII çağırış Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil etmiş, 44-ü bitərəf olmuş, həmçinin Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçilmişdir. 2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülmüşdür. Həmçinin seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olmuş, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, son seçkilərdə dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19-u seçkilərdə 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak etmişdir. Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmişlər. 2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatılmışdır (2019-cu il seçkilərində 55 siyasi partiyadan yalnız 13-ü iştirak etmişdir). Müxalif siyasi partiyalar tərəfindən ümumilikdə 408 namizəd irəli sürülmüş, qeydiyyatda qalan namizədlərin sayı 356 nəfər olmuşdur. 24 siyasi partiya tərəfindən irəli sürülən müşahidəçilərin ümumi sayı 26.260-a çatmışdır (2019-cu il bələdiyyə seçkilərində 31 siyasi partiya tərəfindən ümumilikdə 20.486 müşahidəçi qeydə alınmışdı). 2025-ci il seçkilərinin nəticəsində 22 müxalif siyasi partiyadan 170 nəfər bələdiyyə üzvü seçilmişdir ki, onlardan da 4-ü hazırda bələdiyyə sədrinin müavini vəzifəsini tutur. Sözügedən seçkilərdə iştirak etmiş 20 müxalif siyasi partiya ümumi seçki marafonu, təbliğat-təşviqat işləri və səsvermənin nəticələrinə dair müsbət məzmunlu bəyanatlar və açıqlamalar vermişlər.

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri bütün dünyada nümunədir. Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev 2023-cü ildə ad günündə Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.

Prezident İlham Əliyevin 1 fevral 2019-cu il tarixdə səsləndirdiyi “Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq” sözləri u gün də xalqımızı qürurlandırır.

Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. ISESCO tərəfindən 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir. 2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.

Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində 1994-cü ildən alyansın proqramlarında fəal iştirak edir. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq mövcuddur. Silahlı Qüvvələrimiz Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak edib, bu xüsusda ölkəmiz regional nəqliyyat və logistika mərkəzi kimi töhfələr verib, sülhməramlılarımız Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar. 2025-ci il 6-7 noyabr tarixlərində NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Həmçinin 2025-ci il 21 mayda Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmiş, oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmiş və bəyannamə imzalanmışdır.

“COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilib. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmçinin, 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

Qərbi Azərbaycana qayıdış dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir. Təkcə 2025-ci il ərzində Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış, müsahibə və görüşlərdə 9 dəfə, ümumiyyətlə isə 67 dəfə ən ali səviyyədə səsləndirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti son bir neçə il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur. Ölkəmizdə ali icra hakimiyyəti orqanı səviyyəsində Qərbi Azərbaycan məsələsi ilə bağlı qəbul edilən siyasi qərarlar, məhkəmə hakimiyyəti orqanı olan Baş Prokurorluq tərəfindən deportasiya və soyqırımı ilə bağlı başladılan cinayət işləri, eləcə də ilk dəfə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu məsələnin miqyasını daha da genişləndirmişdir. Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair Prezidentin verdiyi tapşırığa uyğun hazırlanmış “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası” soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı ilə bağlı fəaliyyətin əsasını təşkil etmişdir. Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, TürkPA-nın, İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrinə Qərbi Azərbaycan məsələsi daxil edilmiş, məsələ BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın 11 sənədində öz əksini tapmışdır. Azərbaycanda, Türkiyədə, Belçikada, İordaniyada, Mərakeşdə Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq konfranslar keçirilmiş, Bakı və Ankara konfranslarının iştirakçılarına Prezident İlham Əliyev tərəfindən müraciətlər ünvanlamışdır. Qərbi Azərbaycan məsələsi diplomatlarımız tərəfindən keçirilən görüşlərdə, UNESCO, ATƏT, Qoşulmama Hərəkatı, BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında müzakirə mövzusu olmuş, Türkiyə, Belçika, Pakistan, Meksika, Əlcəzair, Rusiya, Özbəkistan, Xorvatiya, Ukrayna, İspaniya, Polşa, Avstriya, Macarıstan, Rumıniya, Çex Respublikası, Gürcüstan, Misir, Qazaxıstan, Koreya, Bolqarıstan, İordaniya, Tacikistan, Estoniya, Serbiya, Braziliya, Küveyt və Latviyadakı səfirliklərimiz, BMT və ATƏT yanında daimi nümayəndəliklərimiz Qərbi Azərbaycan məsələsini fəaliyyət göstərdikləri ölkələrdə tanıtmış, Pakistan, Gürcüstan, İtaliya, Xorvatiya, Braziliya, İspaniya, Bolqarıstan, Polşa, Küveyt, Misir, Tacikistanın radio, sayt və qəzetlərində Qərbi Azərbaycan məsələsi işıqlandırılmışdır. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı 339 bəyanat yaymışdır. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynamış, Qərbi Azərbaycan məsələsində ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirmişdir.

Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nəticələrə gəlincə 2025-ci il 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı.

Prezident İlham Əliyevin 5 fevral 2014-cü ildə qeyd etdiyi kimi “Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır, ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur, iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur, həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir, aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyümüşdür, iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir, qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır, dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur, dövlət borcunun daxili və xarici seqmentləri makroiqtisadi sabitlik və büdcə dayanıqlığı hədəflərini dəstəkləmişdir, ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir, iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır, ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir, ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşmışdır, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır, ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır, elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır, keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır, ölkədə təmiz ekoloji mühit dəstəklənmiş, mövcud təbii resurslardan dayanıqlı və səmərəli istifadə ilə yanaşı, bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlbi imkanları genişlənmişdir, son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılmışdır.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə gəlincə Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcəkdir. Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir. Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” mühüm sənəddir.Prezident İlham Əliyev tərəfindən 22 iyul 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır. Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Bununla bağlı Prezident İlham Əliyev“Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasını tapşırmışdır.

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” da əhəmiyyətli sənəddir. Prezident İlham Əliyevtərəfindən 10 dekabr 2025-ci ildə imzalanmışStrategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycan Respublikasının regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.

Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Həmçinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.

İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılmışdır. Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8 faiz təşkil edib. 2025-ci ilin 30 sentyabr tarixinə olan məlumata əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 70 161,7 milyon ABŞ dolları təşkil edir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir.

“Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 milyard ABŞ dollardır. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur.

Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda 9 beynəlxalq hava limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılmışdır. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir.

Azərbaycan dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer almışdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. 2023-cü il 2-6 oktyabr tarixlərində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında nüfuzunun artdığını bir daha nümayiş etdirmişdir.

COVID-19-la uğurlu mübarizə hər kəsə örnək oldu.Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, ölkəmizdə əhalinin 4 növ vaksin seçmək imkanı oldu. Azərbaycan 2021-ci ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılmışdır.

Prezident İlham Əliyevin 27 sentyabr 2021-ci ildə səsləndirdiyi “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” sözlərini bu gün də qürurla xatırlayırıq. 

Bu gün əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Bunun nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

Bu gün onu da qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin sözü və əməli birdir. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Qələbə ilə bağlı orden və medallar təsis olundu. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub: “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

Zəfər Gününün təsis edilməsi dövlət siyasətinin tərkib hissəsi idi. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Qələbənin əbədiləşdirilməsi də mühüm amildir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 2020-ci il 3 dekabr tarixində Sərəncam imzalamış, 2021-ci ildə Hərbi Qənimətlər Parkının, 2024-cü ildə Zəfər Parkının və 2025-ci ildə Zəfər muzeyinin açılışında iştirak etmişdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. 2025-ci il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi və nitqləri göstərdi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və strateji təməllər üzərində qurulub. Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin isə siyasi və rəmzi mənası var idi.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli Qərar qəbul edilmişdir. Amnistiya aktı 17 min 267 şəxsə şamil olunmuşdur. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin tarixədək qəbul edilmiş ən geniş amnistiya olmuşdur. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.

İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də mühüm amildir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü ildə Sərəncam imzalamışdır. Sərəncama görə hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. 26 avqust – Laçın şəhəri günü, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü yaddaşlara yazıldı. Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Mən hər zaman qazilərin yanında olacağam” sözləri hər kəsə nümunədir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.Ümumilikdə, postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və veteranlardan ibarət 250 min şəxs 500 mindən çox xidmətlə təmin olunub. Sosial dəstək paketi üzrə postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 400 min xidmət göstərilib, o cümlədən onlara 6900 mənzil və 567 avtomobil verilib. 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib, 27,8 min şəxsin məşğulluğu təmin edilib. 25,5 min şəxsə birdəfəlik ödəniş verilib, 11 şəxsə 89 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olanlara 82 min reabilitasiya vasitəsi, o cümlədən 612 ədəd yüksək texnologiyalı müasir protez verilib və s. 2025-ci ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 600 manatdan 700 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılaraq I dərəcə üzrə 500 manatdan 600 manata, II dərəcə üzrə 400 manatdan 500 manata, III dərəcə üzrə 330 manatdan 400 manata, əlilliyə görə müavinətlər müvafiq olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata, 150 manatdan 180 manata çatdırılıb. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 minə yaxın şəxs öhdəliyə götürülmüşdür, 94 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.

Prezident İlham Əliyevin 8 noyabr 2025-ci ildə səsləndirdiyi “Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır” sözlərini qürurla xatırlayırıq.

Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026-cı il – 3,5 milyard manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib. Layihələrin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. “Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırmışdır.

Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.

İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması uğurla davam edir.2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq tədbirləri həyata keçirilməkdədir. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam etdirilib. Ümümilikdə ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanların 92%-i deməkdir. 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri sahələri yaradılıb. 258 sakin üçün isə peşə kursları təşkil edilib. Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb.

Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.



Facebook-da paylaş


{sape_links}