Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - YENİLƏNİB VIDEO
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi - Bu gün biz Nazirlər Kabinetinin iclasında 2018-ci ilin əsas yekunlarını
müzakirə edəcəyik, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq. 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən
proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir.
Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur,
ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən
il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz
proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə
başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik
pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda
Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan
inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən
asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir
və gedəcək. Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa
çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə
imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə
getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd
təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının
çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü
sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki,
proqramın əsas hissəsi hazırdır. Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı
həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla
görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə
göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması,
o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır.
Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə
gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda
olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə
bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər
bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var
ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var. Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət - həm ictimai-siyasi, həm
iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir. Yəni deyə bilərəm ki,
2018-ci il əvvəlki illərdən çox da fərqlənməyib, ölkəmiz dinamik inkişaf yolu
ilə gedib. Həmçinin hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu
olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət
və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici
siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə
artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi
daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və
hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki
məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı
münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki,
Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl
münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional
təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət
məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.
Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu
istiqamətdə yeni müsbət addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz
qazanıb. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq
Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək
qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim
apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm
ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam
birliyini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam
Mədəniyyətinin Paytaxtı seçilmişdir və Naxçıvan şəhəri bu şərəfli adı çox böyük
uğurla daşımışdır. Biz bu il də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif
istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim
nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır. Bildiyiniz kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında
tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox
məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox
müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə,
sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm
ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi
yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya
qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun
bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır. Biz ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri
səviyyəsində böyük konfrans keçirmişik. Bildiyiniz kimi, bu il Bakıda Qoşulmama
Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik
edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik
etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir. Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin
hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin
həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində
müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin
imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik
dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu
sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi
uğurudur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim
mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri
icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu
ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi
başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi
danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki,
Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır.
Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul
olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və
öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi.
Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan
ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format
məqbuldur. Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi.
İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut
etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə
əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz
bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi.
Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü.
Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni,
əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi
ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt
gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı
təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər
ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim
çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi
il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki,
bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər
ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident
və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son
parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə
5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə
özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq
obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan,
ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz
yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər
saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox
yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə
görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç
kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə
salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici
siyasətində rüşvət amili birinci yerdə idi. Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq
beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə
iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden,
medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim
tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu,
olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət,
insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq.
Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq
təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar
iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə
onların da əli, onların da payı var. Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal
rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri
cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların
generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi
cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə
ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək
istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol
var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq.
Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri
işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi
potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var.
Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani
şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar
torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə
edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı
Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır.
Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan
xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü
istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar
yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü
də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki,
çox yüksək qiymətə layiqdir. Uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə
dövlət tərəfindən müvafiq mükafatlar verilmişdir. Biz keçən il ordumuzun maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi
paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında
əlbəttə ki, xüsusilə uzaqmənzilli "Polonez” və "LORA” raket sistemlərini qeyd
etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı
yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək
dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər.
Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu
dəqiqliklə məhv edə bilməyək. Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim
hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş
aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki,
son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər
müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü
artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr
deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan
Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə
əlavə addımlar atılacaqdır. Müharibədən əziyyət çəkən soydaşlarımızın
problemləri də keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi
addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər
verilibdir. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il
daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni
şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də
ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük
vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik. Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi
güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan iqtisadi inkişaf
baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən
asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq,
Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf
baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi
islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür.
Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi
bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni
gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir.
Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda
gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək
qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının "Doing Business”
hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə
irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq
üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük
nailiyyətdir. Bizim bütün iqtisadi göstəricilərimiz çox
müsbətdir. Mən bəzi göstəriciləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm.
Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz
olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim
arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə
baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici
qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye
istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz
artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini
verir. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul
gəlirləri 9,2 faiz artıb. Görürsünüz ki, əhalinin gəlirləri inflyasiyanı
üstələyir. Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən
çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6
faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına
keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən
sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da
çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir
ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son
hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq
istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır. Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq.
Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta
ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün
ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8
faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın
xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə
qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı
indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən
azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl
göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici
borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50
faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına
bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu,
daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta
ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici
borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə
bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq
ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin
alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji
tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala
bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız
da artır. Keçən il 118 min daimi iş yeri yaradılmışdır.
İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir.
İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi
götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət
saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər
ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda
müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir.
Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha
çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya
xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da
artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici
vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu
xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı
ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində
özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq. Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki,
dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə
bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz
düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının
maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı
bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha
özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir.
Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü
keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu
göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini
tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz
qabağındadır. Keçən ilin önəmli hadisələrini sadalamaq üçün
bir neçə saat vaxt lazımdır. Mən bir neçə önəmli hadisəni qeyd etmək istərdim.
Biz keçən il üçüncü peyki orbitə buraxdıq və Azərbaycan kosmik dövlət kimi öz
mövqelərini daha da möhkəmləndirdi. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı
olmuşdur. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan
sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi
və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi
olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz
Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi
uğurumuzdur. Ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli
hadisə baş vermişdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə
başlamışdır. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada
təsdiqlədi. Bir daha demək istəyirəm, keçən il bir çox
hadisələr olub ki, onların haqqında danışmaq olar. Ancaq hesab edirəm ki, mən
Azərbaycan xalqını keçən il görülmüş əsas işlər haqqında müəyyən dərəcədə
yığcam formada məlumatlandırıram. Nazirlər Kabinetinin toplantıları, əlbəttə, o
cümlədən xalqa verilən hesabatdır. Mən müxtəlif tədbirlərdə, müxtəlif
görüşlərdə xalqa müntəzəm olaraq hesabatlar verirəm. Eyni zamanda, görülmüş
işlər haqqında hesabatın bu formatda da verilməsi hesab edirəm ki, düzgün
addımdır. Bu gün biz bu il görüləcək işlər haqqında
danışacağıq. Müvafiq tapşırıqlar veriləcək ki, 2019-cu il də ölkəmiz üçün
uğurlu il olsun. X X X Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Müsəlman Şərqində ilk demokratik respublikanın
qurulmasının 100 illiyi münasibətilə "Cümhuriyyət ili” kimi qeyd etdiyimiz
2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin
əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il kimi səciyyələndirilməlidir. Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel
ayında keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi olub. Azərbaycan xalqı Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dönməz sabitliyə və təhlükəsizliyə,
davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə, modernləşməyə və firavan
gələcəyə aparan və son 15 ildə özünü təsdiq etmiş uğurlu iqtisadi və sosial
kursun davam etməsinə növbəti dəfə tam dəstəyini ifadə edib. 2018-ci il dövlətimizin müasir tarixində xüsusi
yerə layiq olan bir sıra layihələrin ərsəyə gəlməsi, o cümlədən nəhəng
transmilli "Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində "Şahdəniz-2” və TANAP
layihələrinin uğurla reallaşması, "Azərspace-2” peykinin orbitə buraxılması,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda polipropilen
zavodunun, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı
zavodunun istismara verilməsi ilə də səciyyələnir. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin təşəbbüskarı olduğu bu layihələr uzun illər ərzində ölkə
iqtisadiyyatının inkişafına birbaşa və dolayısı ilə mühüm töhfələr verəcək. Ötən il "Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa, Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib, yeni
büdcə və ortamüddətli xərclərin formalaşdırılması qaydası, dövlət borcunun
idarə edilməsinə dair orta və uzunmüddətli strategiya, yeni vahid büdcə
təsnifatı təsdiqlənib. Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi yükünün
azaldılmasını, büdcənin sabitliyinin və ortamüddətli dayanıqlığının təmin
edilməsini, dövlət xərclərinin prosiklikliyinin aradan qaldırılmasını, maliyyə
inzibatçılığının və hesabatlılığın daha da artırılmasını, ölkədə dayanıqlı və
idarəolunan dövlət borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə
risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizminin
gücləndirilməsini özündə birləşdirir. 2018-ci il, eyni zamanda, makroiqtisadi
sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və
ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə
iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə
bilər. Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata
keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub,
inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10
faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo
tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər,
məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ
dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib. 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta
ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət
borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib. Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı
dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ
məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35
milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4
milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə
5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq
olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151
milyon manat və ya 4,6 faiz çox icra olunub. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22
milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon
manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza
qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək
daralıb. Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının
artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10
milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan
207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4
faiz çox təşkil edib. 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə
daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə
nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət
büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat
çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6
faiz çoxdur. Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz
1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin
edilib. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22
milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin
icra göstəricisindən 0,3 faiz-bənd çoxdur. Ötən il dövlət və icmal büdcələrdə nəzərdə
tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən
layihələr tam həcmdə maliyyələşdirilib. Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7
faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki,
bu da 2017-ci illə müqayisədə 506,0 milyon manat və ya 7,6 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər
sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz
artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə
olaraq 446,0 milyon manat təminat yaradılıb. Sosialyönlü siyasətin digər vacib istiqamətləri
kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və
yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət
büdcələrindən üst-üstə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və
güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon
manat vəsait ayrılıb. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət
etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə
hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb. Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi
olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən
etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə
bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının
"Doing Business 2019” təhlilində öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni
rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu
təhlil ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin mühüm
göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza,
xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verir. Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi
kimi qeyd etmək yerinə düşər ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində
çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilib,
Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160,0 milyon manat
məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti
Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat
məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0 milyon manat
məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib. Ölkənin qeyri-neft məhsullarının ixracının
təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət
büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqləri ödənilib. Hesabat ilində sosial, fiziki infrastruktur və
digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət
investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301,0 milyon manat – cəmi 5
milyard 365 milyon manat vəsait sərf edilib. Möhtərəm Prezident, 2018-ci ildə təsdiq
etdiyiniz dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli
strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına
xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8
faiz-bənd azalıb və 19,0 faiz təşkil edib. Bununla yanaşı, daxili qiymətli kağızlar
bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə
olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili
dövlət borc kağızları yerləşdirilib. Ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə
xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə
olunub. Möhtərəm cənab Prezident. Sizin də qeyd etdiyiniz kimi, yola saldığımız
2018-ci ildə Azərbaycan Respublikasının uğurlu, dinamik inkişafı təmin olunub,
ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilib, 2019-cu və
gələcək illərin iqtisadi inkişafının təməlləri atılıb. Tam əminliklə söyləmək
olar ki, Sizin rəhbərliyinizlə 2019-cu ildə də davam etdiriləcək köklü və
çoxşaxəli iqtisadi islahatlar, məqsədyönlü proqramlar iqtisadiyyatımızın
inkişafına və xalqımızın rifahının yüksəldilməsinə öz böyük töhfəsini verəcək. İcazə verin, çıxışımın sonunda Sizi əmin edim
ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2019-cu ildə
qarşıya qoyulan hədəflərin təmin olunmasında Maliyyə Nazirliyinin kollektivi
səylərini əsirgəməyəcək. Diqqətinizə görə təşəkkür edirəm. X X X Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
BABAYEV çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım
təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə
sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Cənab Prezident, pensiya, ünvanlı yardım,
əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin
olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan
qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron
sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında
qoyduğunuz əsas vəzifələrdir. Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə
sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş
islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin
vahid platforma və "bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində
göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və "DOST”
mərkəzlərinin yaradılmasına başlanıb. Sizin 2018-ci il 9 avqust və 10 dekabr
tarixli fərmanlarınıza əsasən "DOST” layihəsinin hüquqi və institusional işləri
artıq başa çatıb. "DOST” mərkəzlərində birbaşa, telefon və
internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət
göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk "DOST” mərkəzinin açılması,
cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda, elektron xidmətlərin
genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr
tarixli Fərmanınızın icrası olaraq "e-sosial” internet portalı, "Məşğulluq”
sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi
yaradılıb. "E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq
sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq,
pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər
məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin
edib. Yanvar ayında istifadəyə veriləcək "Məşğulluq”
sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya
bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem
vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni
zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər. Pensiya təyinatı sahəsində "Pensiyaçının dostu”
proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına
başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün
elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını
əldə edəcəyi bank filialı barədə "sms”, e-mail və məktub göndərilir. İslahatın tərkib hissəsi kimi, fərdi hesabında
pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik
hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti
təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və
onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628
şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq
şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz
avtomatlaşdırılmış şəkildə aparılacaqdır. Möhtərəm cənab Prezident, hesabat ilində
inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə
nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb.
Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə
müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86
milyon manat çox olub. Ötən il Fondun xərcləri 3 milyard 682 milyon
manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Sizin
sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz,
sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə
pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox
olub. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə
ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın
orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait
xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin
edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102
milyon manat və ya 49 faiz qənaət edilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni
il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamınızla
172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib. Şəhid ailələrinin və müharibə əlillərinin
mənzillə təminatı proqramı da uğurla davam edib. 1997-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib
və 6654 ailəyə mənzillər təqdim edilib. Sizin və birinci xanım Mehriban Əliyevanın
avqustun 1-də müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi
mərasimində iştirakınız onlara yüksək diqqətin növbəti təzahürü olub. Tədbirdən
bir gün sonra imzaladığınız Sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə
vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik
avtomobili verilib. Möhtərəm cənab Prezident, 2018-ci ildə
keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən
qazanaraq, Prezident seçildikdən sonra imzaladığınız ilk Fərman da şəhid
ailələri ilə bağlı növbəti humanist addımınız olub. Fərmanın icrası olaraq 11
min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin
4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib. Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri
də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin
təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə
Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni
meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə,
əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında
qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da
nəzərə alınıb. Əlillik təyinatlarında şəffaflığın təmin
edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə
birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə
əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar
ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub. Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya
xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort
yollayışı verilib. Çox hörmətli cənab Prezident, hesabat ilində
işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək
bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci
ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox
olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü
məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə
işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının
alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək
müqavilələrinin sayı 91,3 min artıb. Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə
genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə
aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb. Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı
yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar
və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək
verib və "Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq
təsərrüfatları yaradılıb. Tapşırığınıza əsasən ictimai işlərin təşkilinə
dair "İşsizin dostu” adlı yeni proqram hazırlanıb, "DOST İŞ MƏRKƏZİ” yaradılıb.
Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə
cəlb ediləcəkdir. Cənab Prezident, Sizi əmin edirəm ki, Nazirliyin
kollektivi sosial inkişaf proqramınızın yüksək səviyyədə icrası üçün 2019-cu
ildə də bütün səylərini səfərbər edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. X X X Dövlət Gömrük Komitəsinin sədri Səfər MEHDİYEV çıxış
edərək dedi: -Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq zamanın
çağırışlarına adekvat qərarlar qəbul edilməklə ölkəmizin iqtisadi gücü daha da
artırılıb. 2018-ci ildə ölkəmizin maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə
hədəflənmiş düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi
sabitlik təmin edilib və iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub
saxlanılmasına nail olunub. Əldə olunan bu nailiyyətlər, cənab Prezident, Sizin
rəhbərliyiniz ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində qazanılıb və
ötən dövr ərzində beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da güclənib. 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında
və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət
Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün
müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük
ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla
müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və
rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Qeyd etmək istəyirəm ki, hesabat dövründə
ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi
19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ
dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları
məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil.
Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın
tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan
Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada
ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində
qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə
idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və
digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində
vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə
gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında
qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub. Cənab Prezident, gömrük orqanları qarşısında
gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə
statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan
şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin
yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz. Bildirmək istəyirəm ki,
2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük
nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə
tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata
keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672
hüquqpozma faktı aşkarlanıb. Hesabat dövründə narkotiklərin qanunsuz
dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1
ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən
çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman
preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar
tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə
cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta
faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada
tədbirlər görülüb. Aparılan hesablamalara görə, gömrük nəzarətindən
gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə
tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107
milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli
qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və
bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı "Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu
vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük
əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və
digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə
tədbirləri daha da gücləndiriləcək. Cənab Prezident, Azərbaycan gömrük xidməti
idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron
bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına
daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min
elektron müraciət daxil olub və gömrük xidməti göstərilib. Diqqətinizə çatdırmaq istəyirəm ki, ötən dövr
ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti
zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və
problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən
ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan
olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq
prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına
münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda
rəqabətliliyin qorunması təmin edilir. Fiskal funksiyalar həyata keçirən qurumların, o
cümlədən gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki,
vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və
onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki
olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş öhdəliklərin icrasında daha
effektiv metod hesab olunur. Hazırda bu formatda yanaşma ilə bağlı yeni
qanunvericilik aktı Zati-alilərinizin müvafiq Fərmanı ilə təsdiqlənib. Möhtərəm cənab Prezident, Sizin "Xarici ticarət
iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu
əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq
edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Fərmanınız ölkəmizdə
sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd
təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və
biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes
münasibətlərində "Könüllü riayət mədəniyyətinin” əsasını qoyub. Cənab Prezident, ölkədə idxal-ixrac
əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
müvafiq sərəncamlarınızın icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə
Vergilər Nazirliyi qarşılıqlı əlaqələndirmə formatında idxal-ixrac
əməliyyatlarına birgə nəzarət tədbirləri həyata keçirib, xarici ticarət
fəaliyyət iştirakçılarının vergidən yayınma cəhdləri nəzarətə götürülüb, vahid
risk platformasının tətbiqinə başlanılıb. Qeyd etmək istəyirəm ki, iki dövlət
qurumu arasında idxal-ixrac mallarına münasibətdə risklərin idarə olunması
prinsipinin ən yüksək səviyyədə tətbiqinə demək olar ki, nail olmuşuq.
Qarşılıqlı nəzarət sisteminin tətbiqi dövlətin büdcəsindən vergi yayınmasının
qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi
mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində
görüləcək ən mühüm tədbirlərdən olacaq. Diqqətinizə çatdırmaq istəyirəm ki, ölkəmizin
artan turizm potensialı fonunda 2018-ci ildə sərhədi keçən fiziki şəxslərin
ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon
nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş
rejimində xidmət göstərilib. Cari ildə yeni innovasiya tipli layihələrin
həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət
dövriyyəsinin daha da artırılmasına nail olunacaq. Ümumi Tranzit Konvensiyasına
əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca
hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq
olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması,
tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər
görülməkdədir. Bu isə "Made in Azerbaijan” markalı malların Avropa bazarlarına
sərbəst çıxışını təmin edəcək. Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin
edim ki, Zati-alilərinizin ölkədə apardığı uğurlu iqtisadi siyasətin nəticəsi
olaraq cari ildə də göstəriş və sərəncamlarınızın icrasını təmin etməklə Dövlət
Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata
keçirəcək, ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1 milyard 272 milyon
manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunmuş 3 milyard 702 milyon
manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək. Diqqətinizə görə təşəkkür edirəm. X X X Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun
nitqi söylədi. Prezident İlham Əliyevin yekun nitqi - Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza
qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il
olacaqdır. Mən giriş sözümdə qeyd etdim ki, keçən il dərin islahatlar ili
olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi, əlbəttə ki, gələcək
illərdə özünü daha böyük həcmdə göstərəcək. Xüsusilə vergi və gömrük
sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə
sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız
genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü
böyük dərəcədə göstərəcək. Burada qeyd olundu ki, gömrük sahəsində aparılan
islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta
keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək.
Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə
vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi,
həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə
gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi
əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük
təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və
aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən
kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin
timsalında biz gözəl nəticələri görə bilmişik. Vergi sahəsində də çox dərin islahatlar
aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə
layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud
səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı,
beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı
əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir
çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və
son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük
sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu
sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də
görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə
işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün
olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır,
onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət
məsuliyyətinə də cəlb olunurlar. Mən tam əminəm ki, aparılan islahatlar
nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard
manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük
zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə
aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə
yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı
həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə
mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz
məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə
düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan
qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər
çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa
düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç
bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də
islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə
vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi
islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də
vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan
qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək. Bu il infrastrukturla bağlı bir çox önəmli
layihələr icra ediləcək. Biz son illər ərzində infrastrukturun yaradılması ilə
çox ciddi məşğul olmuşuq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl
yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ ki, görüləsi işlər var və bu
istiqamətdə işlər aparılacaq. Bu il "Şimal-2" yeni böyük elektrik
stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji
istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta
böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat
artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400
meqavat gücündə "Şimal-2" elektrik stansiyasının işə salınması mühüm
hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq – o
qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu
sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz
yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün
çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud
enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start
verilib. Bu məqsədlər üçün keçən il vəsait ayrılıb. Ancaq mövcud enerji
qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək biz yeni
stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu,
çox böyük rəqəmdir. Gücü 400 meqavat olan "Şimal-2" stansiyasının işə
salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola
bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki
keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə
etmişik, bu vəsait xəzinəyə daxil olubdur. Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu
fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki,
bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə
görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir
generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə,
metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da
imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək
ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın.
Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və
vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa
bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan
ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və
bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir. Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95
faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir
ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu
proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və
o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir. İçməli su ilə bağlı aparılan işlər nəticəsində 38 şəhərin su məsələsi tam
şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o
şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcəkdir. Bu il beş şəhərdə
işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli
su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir. Keçən il 2 min kilometr avtomobil yolu
salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə
qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi
Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan
dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və
bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb,
yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni,
2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda,
iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da
sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən
xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük
əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər
vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol
salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni
zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o
cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol
salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni
zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca
giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol
yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana
görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol
çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları
narahat etmədən sərhədə qədər gedə biləcək. Biz bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük
vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə
yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq,
eyni zamanda, çox keyfiyyətli yol olacaq. Bununla yanaşı, bu günə qədər boş
qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı.
İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra
edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da
əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi
yolunun böyük hissəsi bu il icra edilməlidir. Natamam qalmış Bakı-Gürcüstan
sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən
Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik.
Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub. Şəhərlərarası, şəhərlərdaxili və
kənd yolları tikiləcək. Keçən il biz meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su
verilməsini təmin etdik. Onlardan 60 min hektara su verilirdi, ancaq çox zəif
verilirdi. Yəni, keçən il o torpaqlara suyun verilməsi yaxşılaşdırıldı, 40 min
hektara isə heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb edilmiş
suvarılan yeni torpaqlar olacaqdır. Yəni, həm 2017-ci ildə 100 min hektara, həm
də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük
dəstəkdir. Bu il artıq verilən təkliflərə görə ən azı 80 min hektara suyun
verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusu qazılacaq. Biz
onu hər il edirik, keçən il də, əvvəlki illərdə də. Üç yüz subartezian
quyusunun qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki,
kənd təsərrüfatına xidmət göstərir. Bu il sosial infrastrukturla bağlı işlər görüləcək. Mən giriş sözümdə qeyd
etdiyim kimi, məcburi köçkünlərin məişət problemlərinin həlli təmin
ediləcəkdir. Bu il 5800 ailəyə yeni mənzillər verildi. Onu da qeyd etməliyəm
ki, bu mənzillərdən 1000-i "Qobu Park” yaşayış kompleksində özəl şirkət
tərəfindən inşa edilmiş və köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür,
mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də
fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu
proses bu il də davam etdiriləcək. İlkin hesablamalara görə, bu il təqribən
5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik
biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa,
bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq
hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu
məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün
yeni evlərlə təmin edilibdir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi
davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil
veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna
layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq.
Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm
və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas
o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara
mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik.
Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin
olunacaqlar. Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid
ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti
almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq
vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın
vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda,
siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli
sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət
prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də
istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki,
vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik.
Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı
bundan sonra da açıqlamalar veriləcəkdir. Keçən il 140-dan çox məktəb tikilib. Bu il
100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan
məktəblərin yenidən tikilməsi hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu
il və gələn il biz bu proqramı başa çatdırmalıyıq. Bu il mərkəzi rayon xəstəxanalarının tikintisi davam etdiriləcək. Bu il 10-a
yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Keçən il də bir çox
yerlərdə xəstəxanalar açılmışdır. Bu il üç Olimpiya İdman Kompleksinin açılışı
nəzərdə tutulur. Beş "ASAN xidmət” mərkəzi açılmalıdır. Onu da bildirməliyəm ki, keçən il 5 milyondan çox insan pulsuz olaraq tibbi
müayinədən keçmişdir. Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu
proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial
yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin
dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar.
Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var. Mən giriş sözümdə qeyd etdim ki, biz hərbi potensialımızın
möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüşük. Bu il də istisna
olmayacaq. Artıq yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış
kontraktlar əsasında ölkəmizə müasir silahlar, texnikalar gətirilir. Yəni, bu
məqsədlər üçün biz nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq. Bununla
paralel olaraq, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, məişət
problemlərinin həlli istiqamətində işlər gedir. Keçən il 400-ə yaxın hərbçiyə
mənzil verilmişdir. Artıq hərbi xidməti uğurla, qüsursuz başa vuran hərbçilərə
bu il də mənzillərin verilməsi nəzərdə tutulur. Hərbçilərin məişət
problemlərinin həlli də təmin edilir. Bizim hərbi hissələrimizin mütləq
əksəriyyəti indi tam təmirlidir. Təmirsiz olan hissələrdə də təmir işləri
nəzərdə tutulur. Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq.
Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində
güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici
haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər
hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait
akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və
göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox
ölkələrə ixrac missiyaları təşkil olunur. Biz kömək edirik, bu işlərə büdcədən
vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı
sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki,
onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər. Ticarət evləri
yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan
Ticarət evləri açılıb. Bu da bizim təşəbbüsümüzdür. Onu da bildirməliyəm ki,
bizim Ticarət evlərimizə çox böyük maraq var. Bu Ticarət evlərinin açılması
nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş
Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə
tutulur. Sənaye potensialımızın inkişafı ilə bağlı keçən ilin göstəriciləri çox
müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb. Bütün bu
işlərin təməlində düşünülmüş siyasət dayanır. Sənaye zonalarının, sənaye
məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki
Sumqayıtda, indi Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir.
Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident
artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə
tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni
iş yeri yaradılıb. Bu proses davam etdiriləcək. Bu il də sənaye zonalarının
yaradılması nəzərdə tutulur. İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu
proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib.
İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri
2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri
yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu tətbiq
etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı. Bu, islahatların nə qədər vacib olduğunu bir daha göstərir. Bəzi hallarda
artıq o sözə sadəcə öyrəşirlər. Amma islahat çox böyük məna daşıyır. İslahat
nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır.
Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm
makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların
rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu
sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir. Biz bir neçə il bundan əvvəl ənənəvi sahəmiz olan xalçaçılığı sürətlə
inkişaf etdirməyə başlamışıq və nəticələr də var. İyirmi xalça fabriki
tikilərək istifadəyə verilib. Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi
nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə
yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. Həm iş
yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və
yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi
tərəfi də var. Bu, ixracyönümlü məhsuldur. Qeyd etdiyim kimi, kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı
göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd
Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli
sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır.
Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük
dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli
məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim
kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə
edəcəyik. Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib
məsələlərdən biridir. Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu
sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların
verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana
çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən
güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda
keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə
götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi
və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona
görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss
etməlidir ki, dövlət hər zaman onun yanındadır. Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük.
Texnikanın alınması. Təkcə keçən il 5800 texnika alınıb. Əvvəlki illərdə bəzən
9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik.
Ən qabaqcıl şirkətlərin texnikası alınır, istər taxılçılıqda, istər
pambıqçılıqda və digər sahələrdə. Ona görə biz bu sahədə işlərimizi davam
etdirəcəyik. Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən
azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı?
Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən
alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri.
İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin
edilməsi, yolların çəkilməsi – bütün bunlar güzəştli kreditlər hesabınadır.
Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına
gedir. Amma biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi
real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal,
daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi. Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və
fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər,
narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu
pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz
imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr
islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi
idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik,
daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o
qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir
xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük
dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam,
çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə
idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı,
kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər
mütləq maksimum səmərə ilə işləməlidirlər. Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki,
yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri
fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı
nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer
təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi
sahəsi 104 min hektardır. Ümumiyyətlə isə bütün aqroparkların əhatə etdiyi sahə
təqribən 200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın yaradılmasına 2,2
milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi
təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın
olacaqdır. Turizm sahəsində gözəl nəticələr var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz
artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm
sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli
inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz,
gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi
turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur,
otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport. Bütün bu
amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar
aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıbdır.
Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görüləcək işlərlə
bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə
yaradacağıq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir. Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox
böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən
Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən
acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O
vaxtdan bu günə qədər heç nə dəyişilməyib - həmin o dağılmış binalar, eybəcər
budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa,
haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən
dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq
buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam
yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai
zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə
yenidən qurulacaq. Bizim tarixi kəndlərimiz var. Onlardan biri
Lahıc kəndidir. Bildiyiniz kimi, Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz,
Bakıdan gələndə daha qısa yeni yol çəkildi, qaz çəkildi, yeni məktəb tikildi.
Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və əlbəttə ki, həm turistləri
cəlb edir, həm də Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə
qədər qədim və zəngin dövlət olduğunu göstərir. Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb
etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram
hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir,
yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri
oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə
bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb
edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən "Şahdağ”
xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma
tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək. Biz keçən il nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə etmişik.
Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün bir çox ikitərəfli
təmaslar olub, razılaşmalar əldə edilib. Mənim keçən il Türkmənistana dövlət
səfərim çərçivəsində 21 sənəd imzalanmışdır. Onlardan 9-u məhz nəqliyyat
sektoruna aiddir. Türkmənistanla əldə edilmiş razılaşma imkan verəcək ki, digər
Orta Asiya ölkələri, Əfqanıstan öz yüklərini Türkmənistandan keçməklə
Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə dünya bazarlarına çıxara
bilsinlər. Ələt Dəniz Ticarət Limanında xüsusi şərait yaradırıq. Müvafiq
orqanlar həm tarif siyasətini, həm də tranzit imkanlarını dövlətlərarası
səviyyədə tənzimləyiblər. Yəni, bu, bizim üçün yeni böyük nəqliyyat imkanları
yaradır. Onu da bildirməliyəm ki, nəinki Orta Asiya ölkələri ilə, eyni zamanda,
Əfqanıstanla danışıqlar aparılıb və aparılacaq. Biz Əfqanıstanın "Lapis-Lazuli”
layihəsini Bakı-Tbilisi-Qars layihəsi ilə birləşdiririk. Artıq Əfqanıstandan da
birinci yüklər Türkmənistan ərazisindən Azərbaycana, ondan sonra da Qərb
istiqamətinə getməyə başlamışdır. Ona görə bizim hədəfimiz odur ki, Orta
Asiyanın yüklərinin böyük hissəsini biz bu istiqamətə cəlb edək. Artıq bu
proses başlanmışdır. Təbii ki, Türkmənistan bu imkanlardan istifadə edir,
Tacikistan yükləri bu marşrutla gəlir, Əfqanıstan bu yolla yükləri göndərməyə
başlayıb. Biz yaxın gələcəkdə Özbəkistanla da danışıqlar aparacağıq. Təbii ki,
Qazaxıstanla bizim bu sahədə ənənəvi əməkdaşlığımız var və Qırğızıstan tərəfinə
də biz öz təkliflərimizi göndərmişik. Ona görə çox böyük bir inkişaf olacaqdır.
Biz isə keçən il Ələt Dəniz Ticarət Limanını işə saldıq, dəmir yolu da
hazırdır, ona görə bütün infrastruktur var. Keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə
artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir
yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun
yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən
qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub.
Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmir yolu
var, ancaq sürət aşağıdır. Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını
istifadəyə verdik, indi vaxt nə qədər qısalıbdır. Sürət qatarları həm
sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən
qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz "Şahdağ”
kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ
dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə
turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaqdır. Onu da bildirməliyəm ki, keçən il Bakı və Sumqayıt dəmir yolu vağzalları
yenidən quruldu. Bakı-Sumqayıt sürət qatarı işləyir və sərnişinlər bu qatardan
çox razıdırlar. Müasir vaqonlar alınır. Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün
əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi
nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə.
Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların
rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun
böyük faydası var. Əlbəttə, bu il görüləcək işlər çoxdur. Hamısını bir iclasda qeyd etmək
mümkün deyil. Amma əsas məsələlər bunlardan ibarətdir. İclasın sonunda bildirməliyəm ki, mən keçən il noyabr ayında böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında Sərəncam imzalamışam. Bu il biz İmadəddin Nəsiminin 650 illik
yubileyini qeyd edəcəyik. Keçən il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində
Nəsimi günləri, Nəsimi festivalı keçirilmişdir. Bütün bunları və Nəsiminin 650
illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili "Nəsimi ili” elan edirəm. Sağ
olun.
Facebook-da paylaş