• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir”


Cari ilin 19 iyul tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü və verdiyi müsahibə ilə yadda qaldı. 

Prezident İlham Əliyev bildirdi ki, üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib. Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq.

Ölkə başçısı qeyd etdi ki, COP29 ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq. Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər. İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik. Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

Ölkə rəhbəri vurğuladı ki, COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik. Bununla da karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olundu. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.


Dövlət başçısı söylədi ki, Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub. Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk.

Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək. Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır.

Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

Dövlət başçısı diqqətə çatdırdı ki, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar.


Ölkə başçısı səsləndirdi ki, atamın vəsiyyətini yerinə yetirmək mənim üçün qürur mənbəyi idi. Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.

Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur. Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

COP29 haqqında danışarkən məndə elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var. Hər biri özünün haqlı olduğunu hesab edir. Ancaq burada etibar olmadığı və bir-birinə şübhə ilə yanaşma mövcud olduğu təqdirdə vahid hədəflərə nail olmaq çətin olacaqdır. Ona görə də təhlükəsizlik, sabitlik, milli maraqlara praqmatik yanaşma və qonşularla yaxşı, konstruktiv əlaqələr vacibdir.


Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var.

Avropanın təbii qaz ehtiyacını qarşılamağa hazırıq. Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə deyə bilərəm ki, biz bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır. Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik.


Bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Ukrayna ilə bağlı sualınıza gəlincə qeyd edim ki, bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük. Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Yeri gəlmişkən, Xocalı buradan cəmi bir neçə kilometr məsafədədir. Münaqişə sonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi. Biz tədricən ayağa qalxmağa, dirçəlməyə başladıq. Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Birincisi, relyef. Siz Füzulidən buraya gəlmisiniz. Füzuli şəhəri oktyabrın 17-də azad olunmuşdur. Bundan sonra bizim Silahlı Qüvvələrimiz yol olmayan ərazilərdən piyada keçərək Xankəndi ətrafına, Şuşa qayalarına doğru hərəkət etdilər. Biz döyüş meydanında sübut etdik ki, hər şeyə hazırıq və ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq. Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi.

ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – “qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi. Mən 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edirdim. 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, – bəlkə də heç də faydalı olmayan, – və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. "Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar.

Biz qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular. Əvvəldə dediklərim sadə və ya bəhanə kimi görünə bilər. Amma bunun arxasında bizim həm müharibədə, həm danışıqlar masasında, həm də suverenliyimizi tam bərpa etdikdən sonra yaşadıqlarımız dayanır. Əgər xarici aktorların bizə qarşı təhdidləri, təzyiqləri, şantajları barədə danışsam, bu, çox da xoş mənzərə olmaz. Bunu danışmaq üçün ayrıca görüşə ehtiyac var. Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik. Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm.


İnanın, biz qayıdacağıq. Ədalətə inamım demək olar ki, itmişdi, keçmiş köçkün vətəndaşlarımız kimi. Onlarla daim görüşür və deyirdim ki, “inanın, biz qayıdacağıq”. Amma hər il onların gözlərində inamın azaldığını görürdüm. Axı, gözlər hər şeyi deyir. Onlar mənə deyə bilərlər ki, bəli, inanırıq, amma gözlər hər şeyi deyir. Mənim də inamım az idi, ədalətə inamım. Amma bizim Qələbəmiz, – bu, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər. Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu. Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!.

Biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, - o qədər uzun söhbət gedirdi, - mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur. Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq. Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib. Düşünürəm ki, Azərbaycan coğrafiyası, - mən bu haqda artıq danışmışam, - bu, təbii ki, dərmanlar kimi, kimin əlində olmasından asılı olaraq, müəyyən dərəcədə bəlkə də təhlükəli, bəlkə də çox faydalı bir amildir. Buna görə də özlərini risklərdən qorumaq üçün coğrafiyadan istifadə edirlər. Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub. Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.


Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.

Çin Xalq Respublikası ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirirəm. Son dövrlərdə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində görüşlərimiz baş tutub, həmçinin iki mühüm sənədi qəbul etdik və imzaladıq. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağımız bizi çox sevindirir. Həmçinin deməliyəm ki, cəmi bir neçə gün əvvəl ümumvətəndaş pasportları ilə Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tamamilə aradan qaldırıldı. Biz isə öz növbəmizdə bir il əvvəl Çin vətəndaşları üçün viza rejimini ləğv etmişik. Düşünürəm ki, bu addım xalqlarımız, tələbələrimiz və iş adamlarımız arasında təmasların daha da intensivləşməsinə səbəb olacaq. Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan “vahid Çin” siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur. Ticarət dövriyyəsinin artırılmasına dair böyük planlarımız var. Hazırda bu istiqamətdə böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Hesab edirəm ki, yaxın zamanda bu göstəricilər dəfələrlə artacaq. Biz cənab Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldən dəstəkləmişik və bu məqsədlə ölkəmizdə uyğun nəqliyyat-logistika infrastrukturunu hazır etmişik. Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığımız bu sahədə işbirliyimizə mühüm töhfə verəcək. Çin şirkətləri Günəş elektrik stansiyalarının tikintisi layihələrinin reallaşmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlər tərəfindən alınan Günəş panelləri Çin istehsalıdır. Son dövrlərdə biz, həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və düşünürəm ki, bu sahə də qarşılıqlı faydalı əməkdaşlığımıza mühüm töhfə verəcək. Yəni, münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük. Nəqliyyat-logistika layihələri ilə bağlı dediyim kimi, Çin Xalq Respublikası tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən Azərbaycana və daha sonra beynəlxalq marşrutlar üzrə yük axınlarının həcminin artmasına şərait yaradacaq.


Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq. Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi. Təsəvvür edə bilərsinizmi? Birləşmiş Ştatlar öz suverenliyini bərpa etmək üçün Ukraynanın səylərini güclü şəkildə dəstəkləyirdi və dəstəkləyir, lakin biz öz suverenliyimizi bərpa etdikdə onlar bəyan etdi ki, işlər artıq adi qaydada aparıla bilməz və bunları Dövlət Departamentinin yüksəkrütbəli rəsmisi deyirdi. Prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi. Əlbəttə, Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. Beləliklə, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq.

Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində bizə sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi. Beləliklə, indi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.

Dəvət alsaq Ukrayna-Rusiya münaqişəsinin dayandırılmasında vasitəçi ola bilərik. “Ukrayna ilə Rusiya arasında münaqişənin heç olmasa dayanması üçün rol oynaya bilərsinizmi?” sualınıza gəlincə qeyd edim ki, biz yalnız dəvət olunan zaman məsələyə qoşuluruq. Əgər dəvət olunmuruqsa, biz öz yerimizdə qalırıq. Kiminsə dəvətsiz getdiyi kimi biz getmirik. Əgər dəvət olarsa, düşünürəm ki, biz lazımi vasitəçilik edə bilərik. Amma gərək xahiş edilsin.

ECO-nun çox böyük potensialı var və Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl Şuşada, Ağdamda və Laçında Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq. Bizim ECO-dan xeyli böyük olan təsisatlarda, o cümlədən Qoşulmama Hərəkatında zəngin sədrlik təcrübəmiz var. Üç il ərzində fəaliyyətimiz o qədər yaxşı oldu ki, üzv dövlətlər yekdil olaraq sədrliyimizi bir il də artırmaq qərarına gəldilər. Beləliklə, dörd il ərzində sədr olduq və Qoşulmama Hərəkatına çox dinamika gətirdik. Biz hazırda işləyən Parlament Şəbəkəsini yaratdıq, Qadınlar və Gənclər platformalarını təsis etdik. Bir sözlə, beynəlxalq təşkilatı daha güclü və hərtərəfli edən işlərin hamısını gördük. Bizdə həmin mexanizmlər var. Biz və bir çox digər ölkələr müxtəlif beynəlxalq təsisatlarda iştirak edirik, lakin bəzən həmin beynəlxalq təsisatlarda həmrəylik çatışmır. Bir sözlə, əlimizdən gələni edəcəyik.


Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk.

Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. İctimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Sizin rəyiniz media əsasında formalaşır və siz çox diplomatik söz işlətdiniz: “ziddiyyətli”. Buna görə minnətdaram. Lakin tam açıq danışsaq, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və şayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün diktə edən Avropanın siyasi spektrində olan bəzi qaydalarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbi qruplarıdır. Siz və biz bilirik ki, Qərbdə, o cümlədən Almaniyada bəzi media ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq. Mən bunu böyük beynəlxalq tədbirlər ərəfəsində dəfələrlə görmüşəm. Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçiriləndə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qarayaxma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi. Birinci səbəb isə erməni lobbisinin ayaq alması oldu. İkincisi, bilirsiniz, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır. Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi.

Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq. Güclü ölkəni, güclü iqtisadiyyatı qurduq. Xarici borcumuzu ÜDM-in 6,9 faizinə qədər azaltdıq. Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirdik. Mən Fransada yoxsulluq haqqında danışmaq istəmirəm. Məncə, təxminən 16 faizdir. Bax, beləcə oldu. Biz öz həyatımızı yaşayırıq, öz iradəmizi təlqin etmirik. Biz avropalılara özünü necə aparmağı, necə evlənməyi və necə yeməyi öyrətmirik. Lakin eyni münasibəti də özümüz üçün istəyirik. Biz hörmət istəyirik.

Biz istəyirik həyatımıza, torpağımıza anlayışla yanaşsınlar və biz Azərbaycan xalqının bizdən istədiyini edirik. Beləliklə, səmimi desək, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi də artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük. Lakin ən yaxşı yol belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və hər il auditoriya daha da böyüyür, yeni qonaqlar gəlir. Odur ki, ən yaxşı yol bizi tərifləmək deyil, ən yaxşı yol buraya gəlməyiniz və insanlarla danışmağınızdır. İnsanların mənim, hökumət, inkişaf haqqında nə düşündüklərini öyrənməkdir. Sonra yalnız bir şey lazım olacaq, auditoriyaya həqiqəti söyləmək. Düşünürəm ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq.

Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Ermənistan ilə Azərbaycanın maraqlarının üst-üstə düşə biləcəyinə heç bir etirazım yoxdur. Amma məsələ burasındadır ki, Ermənistan bunu həmişə başqa cür görüb. Əgər işğal olmasaydı, azərbaycanlıların vəhşiliklə, dağıntılarla, soyqırımları ilə deportasiyası baş verməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Cənubi Qafqaz iqtisadi, siyasi, nəqliyyat və hər şeydən əvvəl, enerji baxımından çoxdan inteqrasiya olunmuşdu. Hər şey yaxşı olardı, bu qədər vaxt itirilməzdi. Səbəb bizdə deyil, səbəb Sovet İttifaqı dağılandan bəri Ermənistanı idarə edən rejimlərin işğalçı xarakterindədir. Onların heç biri azərbaycanofobiyası və Azərbaycana qarşı motivi olmayan təcavüzü ilə bir-birindən xüsusilə fərqlənmirdi. Siz ilk dəfə deyil ki, burada olursunuz və yəqin dini ziyarətgahlarımızın həm dağıdılmasına, həm də təhqir olunmasına diqqət yetirmisiniz. Mən burada olanda tez-tez baş çəkirəm, vaxtaşırı öz-özümə sual verirəm: axı, biz sovet dövründə onlara pis heç nə etməmişik, qətiyyən. Onlar burada dinc yaşayırdılar, yarımuxtar quruma malik idilər. Respublika yox, amma muxtar vilayət idi. Bu muxtar vilayətə erməni millətindən olanlar rəhbərlik edirdilər. Bu bina ilə üzbəüz, dediyim kimi, keçmiş vilayət komitəsinin binası var. Orada vilayət komitəsinin birinci katibi otururdu - erməni idi. İcraiyyə komitəsinin sədri də erməni olub. Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət komitəsi bürosunun 9 üzvü var idi və onların arasında yalnız bir azərbaycanlı olub. O da ki, Şuşa rayon komitəsinin birinci katibi idi və sadəcə, vəzifəsinə görə orada olmalı idi, olmasaydı, onu da oraya daxil etməzdilər. Hansı sıxışdırma barədə danışırdıq? Heç bir sıxışdırma yox idi.

Ermənilər o zaman sovet hakimiyyətinin olduğu Azərbaycan Respublikasının verdiyi bütün nemətlərdən istifadə edirdilər. Bu meydanda gördüyünüz hər şey istisnasız olaraq Azərbaycan memarları tərəfindən tikilib. Rayon komitəsinin binasını memar Həsən Məcidov, indi bərpa etdiyimiz “Qarabağ” hotelinin binasını memar Ənvər Qasımzadə tikdirib. Hazırda bərpa olunan icraiyyə komitəsinin binası azərbaycanlı memar Kəngərli tərəfindən tikilib. Yəni, bütün bunlar olub. Bunların hamısı kindir. Ağdamı, necə deyərlər, Qafqazın Xirosimasına çevirmək nəyə lazım idi? Axı bu, müharibə bitəndən sonra edilib. Bu, Azərbaycanla, azərbaycanlılarla bağlı hər şeyin məhvinə yönələn səbəbsiz kin-küdurətdir. İndi Əbu-Dabidən və İrəvandan eşitdiyimiz şərhlərdən danışsaq, bəli, bu, yaxşı şərhdir və mən baş nazir Paşinyanın Qarabağın daha əvvəl Azərbaycanın bir hissəsi kimi tanınmalı olması ilə bağlı dedikləri ilə tanış idim. Belə də olmalı idi. Mən bunu onlara dedim. 2018-ci ildə də, 2019-cu ildə də dedim, xəbərdarlıq etdim ki, pis olacaq. Yaxşı, əvəzində nə baş verdi? Buradan çıxanda bir az sola gedib daha sola baxsanız, bir futbol stadionu görəcəksiniz. Bu stadionda indi Qarabağın daha əvvəl Azərbaycanın tərkib hissəsi kimi tanınmalı olduğunu deyən baş nazir Paşinyan 2019-cu ilin yayında keçirilən böyük mitinqdə bildirib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Beləliklə, necə deyərlər, özü üçün ağır həyata imza atıb. Hələ mən Şuşa çəmənliklərində baş verənləri, yaxud, yeri gəlmişkən, - mən burada parlament adlanan yerdən danışırdım, - cənab Paşinyanın qərarı ilə onu Şuşa şəhərinə köçürmək qərarına gəliblər və orada tikintiyə başlayıblar. Buraya gələndə, hətta o yerə gedib birbaşa xalq üçün çıxış etdiyimi də xatırlayıram, bu binanın qarşısında ona müraciət etmişdim. Biz onu dağıtdıq. İkinci sual: İndi bu binanın yerində nə olduğunu bilirsiniz? Bilin, qaldığınız “Şuşa” hotelidir.

İndi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb, bəli, mən ciddi ziddiyyətlər görmürəm. Amma erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir. Bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var? Etimologiyanı, şüurun təkamülünü nəzərə alsaq, mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır.

Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommünikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şərhləri ilə təfərrüatları ortaya qoymağa çalışır. Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaqdan və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin.

Qaz ixrac etdiyimiz 12 ölkədən 10-u Avropa ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlığa gəldikdə bilirsiniz ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür.

Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Mən bu yaxınlarda Xəzər neft sərgisində neft hasilatı ilə bağlı planlarımız haqqında danışdım və bəyan etdim ki, bizim planımız 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Yəni, bu gün biz 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Sual ondan ibarətdir ki, bu əlavə 8 milyard kubmetr hansı istiqamətdə ixrac ediləcəkdir? Mən bu haqda danışmışam. Artıq qeyd etdim ki, bizim neft kəmərimiz və interkonnektorlar tam həcmdə doludur və bu neft kəmərləri genişləndirilməsə, ixrac haqqında danışmaq çətin olar. Avropa İttifaqı məsələsinə gəldikdə isə onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik. Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk.

Bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir.

Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir.

Bizim tələbimiz təbii tələb idi. Rusiya ilə münasibətlərə gəldikdə, siz təyyarə qəzasını qeyd etdiniz. Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın İstintaq Komitəsinə məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil.

Sülh sazişinin mətninin hazırlanması Azərbaycanın təşəbbüsü idi. Bilirsiniz, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Yeri gəlmişkən, prosesin əvvəlinə qayıtdıqda onu qeyd etməliyəm ki, məhz Azərbaycan sülh prosesinin təşəbbüskarı olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışırdı, Bakıya səfər edirdi. Mən o zaman gördüm ki, onlar nə edəcəklərini bilmirlər və onlar mənə sual verəndə dedim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi.

Dağlıq Qarabağ reallıqda mövcud deyil! Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər.

Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq.

Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq. Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir. Hesab edirəm ki, bu, hekayətin sonu deyil, başlanğıcıdır. Bizim neokolonizmlə bağlı mövqeyimiz tam aydındır. Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir.

XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, bir ölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, hər hansı normal insan davranışına heç cür sığmır. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Beləliklə, Bakı Təşəbbüs Qrupu beynəlxalq QHT-dir. Bəzi Avropa paytaxtları düşündüyü və ya təqdim etdiyi kimi deyil. Onun Azərbaycan hökuməti ilə heç bir əlaqəsi yoxdur. Bununla belə, həmin qrup qısa müddət ərzində Qvadelupa, Yeni Kaledoniya, Martinika, Sen-Marten və digər müstəmləkələrin xalqlarının tələbləri əsasında gündəliyi yarada bildi. Bu, onların qrupudur. Yəni, öz şəxsi gündəliyi olan qrup deyil. Onlar, sadəcə, bu prosesə qoşulmuş Azərbaycana və digər beynəlxalq tərəfdaşlara kömək etmək istəyirlər. Onlar, sadəcə, xalqlara azad olmağa, öz taleyinin yiyəsi olmağa kömək edirlər. Onların bunu etməyə hüququ var. Beləliklə, düşünürəm ki, Fransa və Yeni Kaledoniya arasında baş verənlər başlanğıcdır və presedentdir. Hesab edirəm ki, bunları Yeni Kaledoniyada həmin faciəli hadisələr olmadan belə, etmək olardı. Həmin vaxt Fransanın dövlət orqanları 10-dan artıq insanı qətlə yetirdi. Bu mənə Ermənistan ilə Azərbaycan arasında apardığımız müzakirələri xatırladır. Əgər Ermənistan rəhbərliyi 2019-cu ildə Qarabağı Azərbaycanın hissəsi kimi tanısaydı, onda aramızda müharibə olmazdı. Gec heç vaxt olmamaqdan daha yaxşıdır. Lakin, həmçinin aydındır ki, əgər Yeni Kaledoniya xalqı öz güclü siyasi iradəsini, cəsarətini, mübarizliyini, azadlıq uğrunda canından keçməyə hazır olduğunu nümayiş etdirməsəydi, çox güman ki, həmin saziş heç zaman imzalanmazdı. Bir sözlə, siz mübarizə aparmalısınız. Siz ərazilərinizi, ərazi bütövlüyünüzü bərpa etmək uğrunda mübarizə aparmalısınız. Azadlıq uğrunda vuruşmalısınız. Azad olmağınız uğrunda çalışmalısınız. Dünya bu cür işləyir və ümid edirəm ki, birinci addımın davamı olacaq. Əminəm ki, Fransanın müstəmləkə hakimiyyəti altında olan bütün ərazilərin hazırda Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş dövlətlərarası münasibətləri qurmaq imkanı olacaq.

COP29 çərçivəsində iqlim dəyişmələri ilə bağlı Afrika ölkələrinə birmənalı dəstək gündəliyimizin prioritetlərindən biri idi. COP29-un sədri olaraq qeyd etdiyim kimi, bizim inkişaf edən kiçik ada dövlətləri üzrə xüsusi formatımız var, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır. Lakin Afrika qitəsindəki ölkələrə gəldikdə, onlar da bizim gündəliyimizdədir. Yeri gəlmişkən, Qoşulmama Hərəkatının sədri kimi hətta COVID-19 vaxtlarında biz 80-dən artıq ölkəyə maliyyə və humanitar dəstəyi göstərdik və onların əksər hissəsi Afrika Birliyinə üzv ölkələrdir. Uzun illərdir ki, bizim Efiopiyada yerləşən Afrika Birliyində daimi nümayəndəliyimiz fəaliyyət göstərir. Öncə qeyd etdiyim kimi, hazırda öz problemimiz, yəni Ermənistanla münaqişə bizdə artıq narahatlıq predmeti olmadığı üçün bizim xarici siyasətimiz daha genişdir. Mən Afrikadan gəlmiş bir neçə dövlət başçısı ilə rəsmi səfər çərçivəsində görüşmüşəm və biz artıq yüksəksəviyyəli nümayəndə heyətlərimizi ora göndərmişik. Bəzi ölkələrlə hazırda enerji sahəsində potensial əməkdaşlıq üzərində fəal işləyirik. Biz bəzi Afrika ölkələri üçün bir sıra aşağıfaizli kredit müqavilələri üzərində çalışırıq. Mən xüsusi təfərrüatlara varmaq istəmirəm, lakin bu, həqiqətən gündəliyimizdədir və biz daha fəal olmaq istəyirik. Bir yerdə çox iş görə bilərik, çünki biz xaricə sərmayələr yatırmaq istəyirik və investisiya üçün sahələr axtarırıq. İnvestisiya portfelimiz 20 milyard ABŞ dollarını keçib. Mən Azərbaycandan kənarda yatırılmış investisiyaları nəzərdə tuturam. Ona görə Afrika ölkələrinin potensialına gəldikdə, biz bunları birləşdirərək əməkdaşlıq qura bilərik. Yeri gəlmişkən, rəsmi səfərlər zamanı şəxsi təmaslarımda və COP29-a gəlmiş Afrika liderləri ilə keçirdiyim görüşlərdə mən onlardan prioritetlər, konkret layihələrin siyahısını verməyi xahiş etdim. Soruşdum ki, onlar Azərbaycanın istər özəl, istər dövlət şirkətlərini sərmayədar kimi harada görmək istəyirlər.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard ABŞ dolları sərmayə qoyulub. Süni intellektin inkişafına gəlincə biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Eyni zamanda, enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübəmiz var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard ABŞ dollarına bərabər olub. Dediyim kimi, Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. Biz ön cərgədə olmalıyıq. Bir daha nə dərəcədə uğurlu olacağımızı söyləmək çətindir. Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk. Ümid edirik, gələn il Şuşa Forumuna gəlsəniz biz sizinlə müəyyən məsələləri bölüşəcəyik.

Latın Amerikası ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcəyik. Biz artıq neçə vaxtdır ki, Latın Amerikasının bəzi ölkələrində səfirliklər açmışıq və müxtəlif səviyyələrdə, nazirlər, eləcə də xarici işlər səviyyəsində səfərlər olub, nümayəndə heyətlərinin mübadiləsi olub. Lakin deməzdim ki, münasibətlər görmək istədiyimiz səviyyədəki kimidir. Əvvəllər dəfələrlə qeyd etmişəm ki, beynəlxalq məsələlərlə daha sıx məşğul olanda biz birmənalı olaraq bunları gündəliyimizə daxil edəcəyik. Biz Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi şirkətlərlə müzakirələr prosesindəyik. Bəzi layihələr artıq başa çatdırılıb. Lakin əlbəttə ki, Latın Amerikasının çox ölkəsində inkişaf etmiş iqtisadiyyat var. O, çox böyük bölgədir. Düşünürəm ki, biznes, ticarət, potensial sərmayələr və mədəniyyət sahələrində çox ümumi əsasları tapa bilərik.

Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.

“Böyük Qayıdış”la bağlı çox böyük işlər görülür. O ki qaldı, “Böyük Qayıdış”a, bunu demək üçün gərək biz ayrıca panel təşkil edək və mən təkcə bir neçə saat bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Ağdam-Xankəndi-Şuşa yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti iki-üç ayda hazır olacaq. Murov dağının altındakı tunelin uzunluğu, - təkcə bir tunelin uzunluğu, - 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yəqin ki, yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir - hər yerdə inşaat-quruculuq işləri, xəstəxanalar, evlər, yaşayış binaları.

İnfrastruktur layihələrinin əksəriyyətini başa çatandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Yəni, bütün bunlar bilirsiniz, necə deyim, bizə bir möcüzə kimi gəlir, o cümlədən mənə. Halbuki yəni, sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.



Facebook-da paylaş