• Təqvim

  • Maraq



İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binalarda yaşayan sakinlərlə olub


Respublika Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının 2024-cü ilin may ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Qazax şəhəri Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binalarda yaşayan sakinlərlə olub. Mayın 8-də keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, bina sakinləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

Rayon rəhbəri son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açıb. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərin küçələrində, çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparıldığını, asfalt örtüyünün vurulduğunu, bardür düzüldüyünü, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binaların da ötən illər ərzində əsaslı şəkildə təmir olunduğunu, binaların dam örtüklərinin dəyişdirildiyini, fasad və bloklarında təmir işlərinin aparıldığını diqqətə çatdırıb. Rayon rəhbəri bir sıra çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verildiyini vurğulayıb. Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binaların həyətlərində də “Abad məhəllə” layihəsinin icrasının nəzərdə tutulduğunu söyləyib. 


İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Rayon rəhbəri Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəb üçün də yeni inzibati binanın inşasının nəzərdə tutulduğunu söyləyib. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə, ADA Universitetinin rektoruna təşəkkürünü çatdırıb.


Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Şəhidlər Xiyabanı küçəsində daim yeniliklərin, aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin yaşadıqları Şəhidlər Xiyabanı 12,14 və Azadlıq 92 saylı binaların həyətlərində abadlıq işlərinin aparılması, uşaqlar üçün oyun meydançasının və “Abad məhəllə”nin yaradılması ilə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin cari ildə icra edilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə lazımi addımlar atılacağı qeyd edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş