İcra başçısı şəhid Tahir Fərzəliyevin atasının qırx mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullarımız Şəhidlik zirvəsinə ucaldılar. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran, Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid Fərzəliyev Tahir Dursun oğludur.
Şəhid Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972-ci ildə Qazax rayonunun Əzizbəyli (hazırki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1979-1990-cı illərdə Əzizbəyli (hazırki Hüseynbəyli) kənd tam orta məktəbində təhsil almışdır. 1990-cı ildə Sovet ordusuna həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci ildə xidmətini başa vuraraq Azərbaycan Ordusunda xidmətə başlamışdır. 1994-cü il mart ayının 6-da Qazax rayonunun Fərəhli kəndində xidmətini vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Hüseynbəyli kənd qəbiristanlığında dəfn olunub. Subay idi.
17.03.2024-cü il tarixdə şəhidimizin atası Fərzəliyev Dursun Hətəm oğlu dünyasını dəyişib. Aprelin 26-da şəhid atasının qırx mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin ata ocağında olub, şəhid atasının qırx mərasimində iştirak edərək mərhumun ailəsinə başsağlığı verib.
İcra başçısı Rəcəb Babaşov mərhum Dursun Fərzəliyevin vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var Tahir kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.
Facebook-da paylaş