• Təqvim

  • Maraq



İcra başçısı Rəcəb Babaşov və millət vəkili Ülviyyə Ağayeva şəhid Akif İsmayılovun anasının dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı veriblər


Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid İsmayılov Akif Qabil oğludur.


Şəhid Akif İsmayılov 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-ci ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Sonra təhsilini 117 saylı texniki peşə məktəbində davam etdirərək qaynaqçı peşəsinə yiyələnmişdir. 1988-1990-cı illərdə Sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa vuraraq Vətənə dönmüş və öz ixtisası üzrə işləmişdir. 1993-cü ilin may ayında ordu sıralarına qoşularaq torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. A.İsmayılov Ballıqaya, Bala Cəfərli sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İgid Vətən oğlu yanvar ayının 19-da Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

İyulun 30-da şəhidimizin anası İsmayılova Qəndaf Cəlal qızı dünyasını dəyişib. İyulun 31-də şəhidimizin anasının dəfn mərasimi olub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Ağköynək kəndinə gələrək şəhidimizin ata ocağında olublar. Şəhid anasının dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı veriblər.


İcra başçısı Rəcəb Babaşov və qonaqlar mərhum Qəndaf İsmayılovanın vəfatından kədərləndiklərini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyiblər. Qeyd edilib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Akif İsmayılov kimi qəhrəmanlarımız daim qəlblərdə yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyi bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş