Torpağı Vətən edən Şəhidlərimizi yad etmək hər birimizin borcudur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Şəhidlik
adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda
özünü qurban vermək deməkdir. Şəhidlik ulularımızdan bizlərə miras
qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Şəhidlik
verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək
nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli
Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük
qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə
üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək
nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə işi olmalıdır. Vətənpərvərliyin ən ali
məqamı olan Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da,
şərəfli və örnəkdir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı
ilə bu müqəddəs amal uğrunda döyüşə atılan
və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin
əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və
ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və
borcudur. İlk və əsas işimiz canlarını Vətənə fəda edən igid
oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək
göstərmək olmalıdır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib,
onlarla qürur duyur. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da
belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə
döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah
da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və
etiramın daha bir bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – gizir Elxan Civişovun, kiçik gizir Elcan Namazovun, Əvəz əsgər Məmmədovun, Müşfiq gizir Məmmədovun, Rauf
Budaqovun, Şərif Quluyevin, Vüqar Vəliyevin, İbrahim İbrahimovun, Qəhrəman Rəhimovun əziz xatirəsini ehtiramla yad
edirik. Gizir Civişov Elxan Mehdi oğlu Civişov
Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ
silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr
1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Kiçik gizir Namazov Elcan Hidayət
oğlu Şəhid
Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan
olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin
1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci
ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən
il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu
ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini
alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik
alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat
bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov
16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn
olunmuşdur. Subay idi. 23
yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi
igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Əsgər Məmmədov Əvəz Elnur oğlu Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan
olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin11-ci sinfini bitirmişdir. 2019-cu ilin2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün
atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz
Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin
hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid
olan əsgərimiz07.10.2020-ci ildə Çaylı
kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Vətənə
olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən
igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan
İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən
sonra ölkə
Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” medalı ilə təltif olunmuşdur. Gizir Məmmədov Müşfiq Sabir oğlu Məmmədov
Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil
almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci
ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən
Milli Ordu sıralarına könüllü yazılan Müşfiq "N” saylı hərbi hissənin 3-cü
alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının
4-də şəhid olmuşdur. "Azərbaycan
bayrağı" ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən Fəxri Fərmanla
təltif olunmuşdur. Budaqov
Rauf Aliq oğlu Budaqov Rauf Aliq
oğlu 23 may 1986-cı ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur.
1993-cü ildə Canalı kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin
onbirinci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində
həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində
yaşayırlar. Quluyev Şərif Novruz oğlu Quluyev
Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə
daxil olmuş, 1974-cü ildə həmin məktəbin üçüncü sinfini bitirmişdir. 1974-cü
ildə Barxudarlı kənd əsas məktəbin dördüncü sinfinə daxil olmuş, 1979-cu ildə Barxudarlı
kənd əsas məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon
Texniki Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü
illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax
rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə
traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür. Vəliyev Vüqar Eyyub oğlu Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax
rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam
orta məktəbində təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi
xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı
Murovdağ, "Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından
müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il
iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən
mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur. İbrahimov İbrahim Hətəm oğlu İbrahimov
İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə
daxil olmuş və dördüncü sinfə kimi oxumuşdur. Beşinci sinifdən səkkizinci sinfə
kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur. 1963-cü ildə Səlim Əfəndiyev
adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin doqquzuncu sinfinə daxil olmuş, 1965-ci
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ
silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon
TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz
mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur. Rəhimov Qəhrəman Nuru oğlu Rəhimov
Qəhrəman Nuru oğlu 6 iyun 1971-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan
olmuşdur. 1978-ci ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil
olmuşdur. 1988-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına
çağrılmışdır. Rəhimov Qəhrəman Nuru oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində
düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş