Şəhidlik ən uca zirvədir...
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- Şəhidlik! Ən uca zirvə! Vətənpərvərliyin ən ali məqamı!
Bu zirvəyə torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından,
qanından keçərək ölümün gözünə dik baxan igid Vətən oğulları yüksəlirlər. Şəhidlik
zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç
zaman ölmürlər. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər
minilliklərə çevrilir, tarixə dönür. Vətən naminə candan keçən oğullarımız
unudulmurlar. Şəhidlik adlı müqəddəs ucalığa yüksələnlərin ömür yolu nə
qədər qısa olsa da, hər birimiz üçün şərəfli və örnək sayılır. Torpaq, Vətən uğrunda döyüşə atılan, yağı düşmənin gülləsindən
qorxmayan igid, mərd oğullarımız bizim qəlbimizdə əbədi yaşayırlar. Doğma Vətən
torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı
yad etmək hər birimizin ən ümdə işi olmalıdır. Eyni zamanda, onların keçdiyi
döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək
göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək
göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış
olarıq. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və
qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə
atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş
ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə
168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Qoşqar Qurbanovun,
Vüsalə Nuruyevanın, Babək Quluyevin əziz xatirəsini yad edirik. Qurbanov Qoşqar Məqsəd oğlu Qurbanov Qoşqar Məqsəd oğlu 26 aprel 1980-ci ildə Qazax rayonunun Fərəhli
kəndində anadan olmuşdur. 1987-ci ildə Fərəhli
kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.
1995-99-cu illərdə Qazax rayon Kənd Təsərüfatı
Texnikumunda təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordu
sıralarında xidmət etmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra
2001-2014-cü illərdə fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə Azərbaycan
Milli Ordu sıralarında müddətsiz hərbi xidmətə daxil olaraq kiçik çavuş rütbəsi
ilə xidmət etmişdir. 7 dekabr 2014-cü ildə Qazax rayonunun Cəfərli kəndi
istiqamətində hərbi vəzifə borcunu yerinə
yetirərkən hərbi texnika ilə düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Fərəhli kəndində dəfn edilmişdir. Evli
idi. Hazırda həyat yoldaşı Aygül Məmmdova, oğlu Elmir Qurbanov və qızı Hamaya
Qurbanova Qazax şəhərində yaşayırlar. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun
əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medalla təltif edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə
Qazax şəhəri M.Rəsulzadə küçəsində adına bulaq kompleksi inşa edilmişdir. Şəhidin
vəfatının 4-cü ildönümü günündə həmin bulaq kompleksinin açılışı olmuşdur. Nuruyeva Vüsalə Nuru qızı Nuruyeva
Vüsalə Nuru qızı 9 dekabr 1981-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 13 iyun 1992-ci ildə Xanlıqlar kəndində ermənilərin atdığı top
mərmisinin qəlpəsindən şəhid olmuşdur. Quluyev Babək Eldar oğlu Quluyev Babək Eldar oğlu 27 oktyabr
1973-cü ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin
birinci sinfinə daxil olmuş, 1990-cı ildə
Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1992-ci
ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə başlamışdır. Xidmət dövründə
artileriya ilə düşmənin bir neçə texnikalarını sıradan çıxarmışdır. Quluyev Babək
Eldar oğlu 10 dekabr 1993-cü ildə Quşçu Ayrım kəndinə düşmənin basqını zamanı
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş