• Təqvim

  • Maraq



Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim mənəvi borcumuzdur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, bizlərə doğma, əziz olan Vətənin bir qarış, bir ovuc torpağı uğrunda candan, qandan keçmək üçün bir an belə tərəddüd etmirik. Vətənin hər daşı, hər qayası üçün haqq savaşına çıxan, Ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən - Yaşar Əhmədovun, Süleyman Süleymanovun, Vidadi Mustafayevin, Mustafa Süleymanovun əziz xatirəsini yad edirik. 

Əhmədov Yaşar Mail oğlu


Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və  1990-cı ildə hərbi xidməti başa vurmuşdur. Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı ilə təltif olunmuşdur.

11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Süleymanov Süleyman Elçin oğlu


Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətinə Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur.  Şəhidin doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.

Mustafayev Vidadi Məhəmməd oğlu


Mustafayev Vidadi Məhəmməd oğlu 12 noyabr 1964-cü ildə Qazax rayonunun Xeyrımlı kəndində anadan olmuşdur. 1971-ci ildə Xeyrımlı kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin onuncu sinfini bitirmişdir. Xeyrımlı kəndinin müdafiəsində iştirak etmişdir. 30 oktyabr 1992-ci ildə şəhid olmuşdur.

Süleymanov Mustafa Mədəd oğlu


Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Kosalar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi. İki övladı var.



Facebook-da paylaş