Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim mənəvi borcumuzdur
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir.
Bu gün düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Havaxanım Əsgərovanın, Rizvan Məmmədovun, Vilayət Əzizovun, Hürnisə Mustafayevanın, Şəmisdan Əmiraslanovun, Kamran Kərimovun, Əli Əhmədovun, Ədalət Hüseynovun, Əhməd Əhmədovun, Adil Sadiqinin, İlqar Əliyevin, Araz Əmilovun, İnayət Alisgəndərovun, Aydın Məmmədovun, Bəkir Həsənovun əziz xatirələrini yad edirik.
Əsgərova Havaxanım Dədəş qızı
Əsgərova Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1974-cü ildə Aşağı Əskipara kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.
Məmmədov Rizvan Zəkəriyyə oğlu
Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Əzizov Vilayət Abdulla oğlu
Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızılhacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Mustafayeva Hürnisə Hüseyn qızı
Mustafayeva Hürnisə Hüseyn qızı 1928-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1935-ci ildə Cəfərli kənd 7 illik məktəbin birinci sinfinə daxil olmuş və 1942-сi ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. "Pravda” kolxozunda və "Qazax Tinglik” sovxozunda fəhlə işləmişdir. 1978-ci ildə təqaüdə çıxmışdır. 25 dekabr 1993-cü ildə öz həyətinin kənarında mal-qarasını gətirərkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.
Əmiraslanov Şəmisdan Əmiraslan oğlu
Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur.
Kərimov Kamran Nüsrəddin oğlu
Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığındadə dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını daşıyır. Evli idi. Bir qız övladı var.
Əhmədov Əli Əlövsət oğlu
Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra isə 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin müdafiəsi uğurunda gedən döyüşlərdə O, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbionun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.
Hüseynov Ədalət Teymur oğlu
Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-86-cı illərdə M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi.
Əhmədov Əhməd Nuru oğlu
Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Sadiqi Adil Rza oğlu
Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964–cü ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənddə şəhid olmuşdur. Ailəlidir, iki övladı var.
Əliyev İlqar Nəbi oğlu
Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Əmilov Araz Laçın oğlu
Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur.
Alisgəndərov İnayət Mustafa oğlu
Alisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. İnayət müəllim 1971-ci ildə "Maarif xadimi” medalına, 1978-ci ildə isə "Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.
Məmmədov Aydın Musa oğlu
Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.
Həsənov Bəkir Oruc oğlu
Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.
Facebook-da paylaş