• Təqvim

  • Maraq

Prezident İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir”

Cari ilin 8 oktyabr tarixi Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ilə yadda qaldı.

Ölkə başçısı çıxışı zamanı bildirdi ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.

Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.

Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa ediblər. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir.

Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.

Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq. Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə imzalanan sənədlər mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.




Facebook-da paylaş


{sape_links}