Vətənə xidmət yolunun Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------- “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Mübariz Eyyubovun, leytenant Mayis Yaqubovun, Mehman Quliyevin, kiçik gizir Röyal Mədətovun, Ənvər Abdullayevin, Aliyə Əliyevanın, çavuş Surxay Məmmədovun, Məmməd Rəhimovun, tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsini ehtiramla yad edirik. Eyyubov Mübariz Hidayət oğlu Leytenant Yaqubov Mayis Rəhim oğlu “N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Quliyev Mehman Allahverən oğlu Kiçik gizir Mədətov Röyal Şahin oğlu Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları,5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni,“Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin xatirəsini əbədiləşdirən iki bulaq inşa edilmişdir. Doğulduğu kəndin girəcəyində və təhsil aldığı məktəbin qarşısında adını yaşadan bulaq tikilmiş, dayanacaq qoyulmuşdur. Abdullayev Ənvər Abdulla oğlu Əliyeva Aliyə Fərhad qızı Çavuş Məmmədov Surxay Nəsib oğlu Rəhimov Məmməd Məhəmməd oğlu Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var. Ailəsinin təəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün müəllif Xuraman Yusif tərəfindən “O, bizim Adildi” adlı kitab yazılıb.
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq, o yüksək zirvəni fəth etmək isə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar, oğullar yüksələ bilirlər bu müqəddəs zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Əbədilik qazanan şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları, Vətənə olan sevgiləri illər ötsə belə dillər dastanı olacaq. Çünki müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları üçün bir örnəkdir. Belə şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Eyyubov Mübariz Hidayət oğlu 20 oktyabr 1973-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. 1993-cü ildə aprel ayının 12-də Vəlixan meşəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Quliyev Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.
Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.
Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Alı Əliyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.
Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmişdir. 1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur.
Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Facebook-da paylaş














