Şəhidlər ölmürlər
Şəhidlərimizi
tanıyaq---------------------- Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar
uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik
verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək
nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli
Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük
qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə
üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək
nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə borcu olmalıdır. Bu
gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən işğalında olan Qazax rayonu da xeyli sayda şəhid verib.
Qərbin qapısı sayılan Qazaxda Vətən uğrunda şəhidlik adlı zirvəni bir göz
qırpımında fəth edənlərin, bu ucalığa yüksələn igid oğullarımızın sayı kifayət
qədərdir. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması,
vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə
ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından
keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon
rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə
üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı,
şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli
işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin
şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş
çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük
ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı
ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri,
hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına
dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar
dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan İsə Almazovun, İlqar
Həsənqarayevin, Surxay
Məmmədovun, Mərdan
Əsgərovun əziz xatirəsini yad edirik. Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Almazov İsə Ziyad oğlu Baş gizir Almazov İsə Ziyad
oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə
kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi
hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir.
2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət
etmişdir. 13.01.2001-ci ildə gizir,
29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri
nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin
müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının
90 illiyi” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95
illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Baş gizir Almazov İsə Ziyad
oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli
kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş
döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq
başından aldığı güllə yarasından həlak olmuşdur. Baş gizir İ.Almazov xidmət
etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq
tərəfindən mükafatlandırılmışdır. Baş gizir İ.Almazov bütün
kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə
idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid
olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz
xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il
tarixli Əmrinə əsasənölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif
olunub. Həsənqarayev İlqar Həmid oğlu Həsənqarayev
İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax
rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli)
kənd orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin orta məktəbin
onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun
1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn
olunmuşdur. Məmmədov Surxay Nəsib oğlu Məmmədov
Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə
olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak
etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur. Əsgərov Mərdan Məhəmmədəli oğlu Əsgərov
Mərdan Məhəmmədəli oğlu 22 iyun 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci
ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə şəhid
olmuşdur. Ölümündən sonra "Hərbi xidmətə görə” medalı ilə təltif olunmuşdur.
Facebook-da paylaş