Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçməkdir
Vətən müqəddəsdir,
əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur. Bu müqəddəs
borcu isə Şəhidlik adlı uca bir zirvəyə yüksəlməklə qaytarmaq lazım gəlir. Şəhidlik
isə adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü
şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək
nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu gün hər bir
vətəndaş bu borcun nə demək olduğunu yaxşı anlayır və bir an olsun belə bu yolu
getməkdən çəkinmir. "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd
oğullar dünən də olub, bu gün də var və sabah da olacaq. Adlarını tarixə şəhid
kimi yazdıran bu cür Vətən oğullarını yaxından tanımaq, onların əziz xatirələrini
yad etmək isə hər birimizin ən ümdə işimiz olmalıdır. Şəhidlərimiz hər an bizim
qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Bu gün düşmənlə 168 km
sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz
qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək
səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Qazaxlı gənclərdə ən ali
səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid
verib. Martın 26-da Ermənistan
silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən
təxribat nəticəsində şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov
Əlləz Ələddin oğlunun göstərdiyi şücaət, onun həmyerlisi şəhidimiz Abdullayev
Hafiz Məhəd oğlunun doğma torpağa olan sevgisi bir daha sübut etdi ki, qazaxlı
gənclər Vətən sevgisini yalnız dildə deyil, əməlləri ilə də sübut edirlər. 280-dən
çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi
uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı özünə şərəf
sayır. Vətən
oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə
örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini
tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən
müqəddəs borcu olmalıdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından
keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların
ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon
rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə
üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı,
şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin
bariz nümunəsidir. Rayonumuza
gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində
yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz
xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir.
Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması,
məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun
doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz
xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə
yaşaması deməkdir. GOYEZEN.AZ saytı da
mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə
ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Arif Kazımovun, Vidadi Göşşüyevin, Adil Vəliyevin, Arzu Məmmədovun, Asif
Qarayevin, Akif
İsmayılovun, Əli Yunisovun, Niftalı Vəliyevin, Fərman
Əliyevin, Musa Vəliyevin, Məmməd Rəhimovun, İlham İsmayılovun əziz xatirəsini
yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kazımov Arif Nəbi oğlu Kazımov
Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta
məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu
sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə
sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir.
1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan
Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının
19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid
olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu
Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu
ölümündən sonra "Hərbi xidmətə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir
qızı və adını qoyduqları bir oğlu var. Göşşüyev Vidadi Mürsəl oğlu Göşşüyev
Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1
saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində
hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə
yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci
ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və
qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1
saylı tam orta məktəbə və bir bulağa onun adı verilmişdir. Vəliyev Adil Habil oğlu Vəliyev
Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas
xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə
ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş,
qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsitərəfindən atəş dayandırıldıqdan sonra onun nəşi ərazidən çıxarılmışdır. Məmmədov Arzu Mustafa oğlu Məmmədov Arzu Mustafa oğlu 15
aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.
1979-1989-cu illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil almışdır.
1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci
ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr
1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur. Qarayev Asif Safaləddin oğlu Qarayev
Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində
anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin
birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini
bitirmişdir. 1991-ci ildə Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbin
III kursundan ordu sıralarına getmişdir. N saylı hərbi hissədə xidmət etmişdir.
16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid
olmuşdur. Subay idi. İsmayılov Akif
Qabil oğlu İsmayılov
Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya
göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik
təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir.
1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa
vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci ildə
başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin torpaqlarımızı
zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may ayında Milli
Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah
alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd bölgələrində
döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya yüksəkliyi
uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə tuşlanır. Həmin
an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində əbədi olaraq
gözlərini yumur, şəhidlik zirvəsinə ucalır. Yunisov Əli Talıb
oğlu Yunisov
Əli Talıb oğlu 24 may 1967-ci il tarixdə Qazax rayonunun Barxudarlı kəndində
anadan olmuşdur. 18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli
kəndi ərazisində erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid
olmuşdur. 2008-ci ildən şəhid statusu verilib. Vəliyev Niftalı MTS Vəliyev
Niftalı MTS oğlu 24 aprel 1959-cu ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 19 aprel 1992-ci ildə Ağköynək kəndində "Nohur” meşəsi deyilən
ərazidə minaya düşmüşdür. Evli olub və 2 uşağı var. Əliyev Fərman İbrahim oğlu Əliyev
Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı
(hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd
(hazırki Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi
komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel
1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd
qəbiristanlığında dəfn olunmuşdur. Vəliyev Musa Rəşid oğlu Vəliyev
Musa Rəşid oğlu 16 noyabr 1965-ci il Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta
məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan
Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu
bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə
olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis
kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə
çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə
şəhid olmuşdur. Subay idi. Rəhimov Məmməd Məhəmməd oğlu Rəhimov
Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki
sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam
etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin
mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli
idi. 4 övladı var. İsmayılov İlham Məhəmməd oğlu İsmayılov
İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinifinə
daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet
ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə
yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli
Ordusu sıralarına çağrılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci
ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz
gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn
olunmuşdur. Ailəli idi, 3 övladı var.
Facebook-da paylaş