Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir!
Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları
həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə
apararaq Vətənini düşməndən azad etmişdir. Mərd, mübariz oğul və qızlarımız öz
doğma torpaqlarını həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə
canlarını qurban verməkdən belə çəkinməmişlər. Bu yolda öz qanları ilə adlarını
şəhidlik adlı uca bir zirvəyə yazmışlar. Bu gün milli vətənpərvərlik Vətənin
göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti
ilə dərk edirlər. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub
və bu, bundan sonra da belə olacaqdır. Bu gün düşmənlə 168 km sərhəddi
olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə
məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid
verib. Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu
istiqamətində törədilən təxribat nəticəsində şəhid olan həmyerlimiz Yuxarı
Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaət də bir daha
sübut etdi ki, qazaxlı gənclər Vətən torpaqları tam olsun deyə şəhid olmaqdan
heç bir zaman çəkinmədilər. Ölümün gözünə dik baxaraq şəhidlik adlı zirvəni fəth
etməyi qarşılarına məqsəd qoydular. Əlləz Əlləzovun şəhidliyi ilə bu gün Qazaxın Vətən uğrunda
canından keçən şəhdlərinin sayı 286-ya çatdı. Bu gün 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalmağı ən böyük şərəf və qürur sayır. Şəhidliyi özlərinə ömür
payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri
hünər isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli
Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri
öyrənməlidir. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu
olmalıdır. Bu igid oğul və qızlarımızın bizim
nisgilimiz, kədərimiz, ürək ağrımızla yanaşı, həm də qürurumuz, vüqarımız,
fəxrimiz olduqlarını heç zaman unutmamalıyıq. İlk və əsas işimiz canlarını
Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək
nəsillərə örnək göstərmək olmalıdır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə
fəxr edib, onlarla qürur duyur. Qazaxda Vətən torpaqlarının
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman uca
tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından
keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət
mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət
ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir
edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan
abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu
istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir. Rayonumuza gələn hər bir
qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu
müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla
yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən
tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi
olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım
günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin
dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı da mütəmadi olaraq
şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş,
doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir.
Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd
olunan şəhidlərimizdən Saqif Nəsirovun, Rəşad Nəsibovun, Vilayət Əzizovun, Nəsimi Hüseynovun, Şakir Əsgərovun əziz xatirəsini yad edir. Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Nəsirov Saqif Nəsir oğlu Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli
kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbinin
səkkizinci sinfini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində
davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili
Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən
amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd tam orta məktəbi
şəhid Saqif Nəsirovun adını daşıyır. Nəsibov Rəşad Hümbət oğlu Nəsibov
Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan
olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil
olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni
silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli
idi. Əzizov Vilayət Abdulla oğlu Əzizov
Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində
anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd orta məktəbin birinci sinfinə daxil
olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi
xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızılhacılı kəndi
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hüseynov Nəsimi Sarı oğlu Hüseynov
Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan
olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbinin birinci sinifinə daxil
olmuşdur. 1987-ci ildə həmin məktəbin beşinci sinfinə kimi oxumuş, sonra təhsilini
Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin
onbirinci sinfini bitirmişdir. 1993-cü
ilin payız çağırışında Qazax Hərbi Komissarlığından hərbi xidmətə
çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun "Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə
itkin düşmüşdür. Əsgərov Şakir Əsgər oğlu Əsgərov Şakir Əsgər oğlu 31
mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində
anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd
orta məktəbinində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində
hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində
şəhid olmuşdur.
Facebook-da paylaş