Əsas Səhifə > Şəhidlər > Torpağı Vətən edən Şəhidlərimizi yad etmək hər birimizin borcudur

Torpağı Vətən edən Şəhidlərimizi yad etmək hər birimizin borcudur


6-06-2021, 13:18

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik ulularımızdan bizlərə miras qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə işi olmalıdır.

Vətənpərvərliyin ən ali məqamı olan Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnəkdir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. İlk və əsas işimiz canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək olmalıdır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – gizir Elxan Civişovun,  kiçik gizir Elcan Namazovun, Əvəz əsgər Məmmədovun, Müşfiq gizir Məmmədovun, Rauf Budaqovun, Şərif Quluyevin, Vüqar Vəliyevin, İbrahim İbrahimovun, Qəhrəman Rəhimovun əziz xatirəsini ehtiramla yad edirik.

Gizir Civişov Elxan Mehdi oğlu


Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Kiçik gizir Namazov Elcan Hidayət oğlu


Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini  bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.           

Əsgər Məmmədov Əvəz Elnur oğlu


Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin11-ci sinfini bitirmişdir. 2019-cu ilin2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Gizir Məmmədov Müşfiq Sabir oğlu


Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq "N” saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı"  ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Budaqov Rauf Aliq oğlu


Budaqov Rauf Aliq oğlu 23 may 1986-cı ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar.

Quluyev Şərif Novruz oğlu


Quluyev Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin üçüncü sinfini bitirmişdir. 1974-cü ildə Barxudarlı kənd əsas məktəbin dördüncü sinfinə daxil olmuş, 1979-cu ildə Barxudarlı kənd əsas məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon Texniki Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür.

Vəliyev Vüqar Eyyub oğlu


Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta məktəbində təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, "Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur.

İbrahimov İbrahim Hətəm oğlu


İbrahimov İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş və dördüncü sinfə kimi oxumuşdur. Beşinci sinifdən səkkizinci sinfə kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur. 1963-cü ildə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin doqquzuncu sinfinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Rəhimov Qəhrəman Nuru oğlu


Rəhimov Qəhrəman Nuru oğlu 6 iyun 1971-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1978-ci ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur. 1988-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağrılmışdır. Rəhimov Qəhrəman Nuru oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.


Geri qayıt