Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib YENİLƏNİB 2 VİDEO
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan
Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib. Prezident İlham Əliyevin nitqi - Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü
münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur.
Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı,
sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində
olacaq. Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə
başlamışdır. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və
İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər
siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır. O illər çox ağır illər idi. Azərbaycan böhrandan
təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə
islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox
düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait
yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər
verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman
imzalanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa
çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmişdir.
Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmışdır, 44 Olimpiya İdman Mərkəzi
vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir. Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Gəncə şəhəri
2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Biz Azərbaycanda
müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak
etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar
onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da
atılacaq. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti
başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən,
gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda
bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç
il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə
başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad
yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət
törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir. O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya
çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet
İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu
dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya
çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki
il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı
dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər
tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı,
onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm
ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına
gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet
sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki,
ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan
məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və
göstəriş vermişdi ki, o, həbs olunsun. Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan
Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya
gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük
təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir
müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi. Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz
Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli
Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı
ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir.Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım.
Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də
demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet
İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə
bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif
yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin
oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü. O vaxt Sovet İttifaqının
tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə
icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa
müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş
oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan
icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada
Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından
biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə
dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis
edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə
dəstəyi verən də mən olmuşam. Mən bunları ona görə demirəm
ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim
gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz
vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə
bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o
vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı
başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün
bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət
dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük
xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də
həmişə ümidli olmalıdırlar. Bu gün Azərbaycan gəncləri
müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir
vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan
Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət
göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Gənclər üçün əsas istiqamət,
əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox
böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün
dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir
ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər
peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz
peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik
ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin,
imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi
qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq
və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan
dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi
qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana
dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan
gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət
maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab
edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Mən bir daha demək istəyirəm
ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq
gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda
vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah
bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi
şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu
əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu
əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları
işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə
rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi
qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç
vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq
uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində
yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş
meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi
mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib
olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir,
zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz
hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək. Bizim gənclərimiz bu gün
sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim
gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən
təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla
fəaliyyət göstərir. Azərbaycanda könüllülər
hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc
könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə
işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu,
cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil
ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət”dən
başladı və "ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün
"ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir
neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət”
yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100
faizə yaxınlaşır. Bizim gənclərimiz idmanda
böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər
bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük
nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə
Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni
müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz
bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü
xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı
sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi
qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam
Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim
gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir. Bizim gənclərimiz bu gün
iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim
də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər.
Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları
cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki,
könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə,
digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan
ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət
göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə
qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq
gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq
prosesi sürətlə getsin. Yəni, gənc alimlərimiz
müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə
bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar
vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat
proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz
bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi
idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli
vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim
hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu
qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu
Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz
başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi
səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik
dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim
gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi
hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır.
Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad,
vətənpərvərlik və milli təfəkkür olmalıdır. Bu gün gənclərə ölkə
qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm.
Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün
vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə
kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə
baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll
etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu
sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə
ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda
dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət
olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət
yetirməyə dəvət edirəm. Ölkəmizdə daxili vəziyyət
sabitdir. Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz
görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr
baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki,
ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə
düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və
bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Sosial problemlərin həlli daim
diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük
vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ
müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır.
Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı
sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də
öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan
dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı
sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz
çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən
vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə
özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı
vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin
edəcəkdir. Hesab edirəm ki, Azərbaycan
xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz
daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz
özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən
bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq
mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub.
Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin
işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla,
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə.
Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə
lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə
olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl
Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir.
Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən
hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi. Əlbəttə, ən başlıca vəzifə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu
istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz
mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil,
heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün
dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb.
Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi
bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış
Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi,
sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar,
BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti
əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq
Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim
mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza,
hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük
təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar
keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə
bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir
yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər
görülüb. Bununla paralel olaraq, bizim
iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən
uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz
strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik.
Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu
məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və
biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü
artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın
şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son
"Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci
yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan
25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar
hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat
naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki,
ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll
edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və
bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi
olmalıdır. Biz bunu hiss edirik və görürük. İqtisadi müstəqillik siyasi
müstəqilliyin əsas şərtidir. Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı
olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər
ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə
arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik,
xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq. İqtisadi müstəqillik və
dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət
borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici
borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin.
Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı
olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt
heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı
özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, -
əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz
hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili
bunu göstərir ki, biz düzgün yoldayıq. Biz 1993-cü ildən başlayaraq
ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr
baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi.
Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz
vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi
çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq,
quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları
görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük
- özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər,
ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və
Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə
torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər
Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi
hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı.
Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək
qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik. Biz Azərbaycanın dövlət
maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər
də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz
yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik
ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr,
nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq
istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi
olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər
şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları
qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin
etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri
fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram,
güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm
və gənclərə "Eşq olsun!” deyirəm. Sağ olun. X X X Sonra gənclər siyasətinə həsr
olunan film nümayiş olundu. X X X Daha sonra gənclərin nümayəndələri çıxış
etdilər. Azərbaycan Gənclər
Təşkilatları Milli Şurasının sədri Məryəm MƏCİDOVA dedi: - Möhtərəm cənab Prezident. Hörmətli Mehriban xanım. Əziz gənc dostlarım. Əvvəlcə hamınızı 2 fevral -
Gənclər Günü münasibətilə təbrik edir, fəaliyyətinizdə daim uğurlar
arzulayıram. Biz tarixi hadisələrlə zəngin
bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil
və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə
hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən
siyasət dayanır. Ümummilli liderimiz Heydər Əliyev öz zəngin təcrübəsi, nüfuzu
və dahilərə xas zəkası ilə gələcəyimiz üçün güclü əsaslar yaradıb. Azərbaycan 28 ildir ki,
müstəqil dövlətdir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bu il
25 ili tamam olur. 25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni
mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır. Biz
beynəlxalq tribunalarda çıxış edərkən "Mən müstəqil Respublikanın
vətəndaşıyam”, - deyə özümüzü təqdim edirik. Bəli, bu sözləri biz fəxrlə
deyirik. Çünki bizim arxalandığımız güclü dövlətimiz və güclü liderimiz var! Sədri olduğum Gənclər
Təşkilatları Milli Şurası 1995-ci ildə 11 təşkilatla yaradıldı. Bu gün
sıralarımızda 128 təşkilat birləşir. Təşkilatımız Azərbaycanın ictimai-siyasi
həyatında fəal iştirak edərək gənclərin ictimai idarəetmə məktəbi kimi də
formalaşıb. Gənclər Təşkilatları Milli Şurasının sıralarından çıxmış gənclər bu
gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və
şirkətlərdə çalışaraq, bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməsinə və
inkişafına yönəldirlər. Bu amilin əhəmiyyətini nəzərə alaraq gəncləri ölkəmizin
həyatında daha da fəal iştiraka çağırıram. Çünki bu, bizim Vətənimizdir, çünki
bu, bizim Azərbaycanımızdır. Bir məqamı da xüsusi qeyd
etmək istərdim. Gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və
gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı
dövlət tərəfindən dəstəklənir. Gənclər təşkilatları üzvlərinin fəaliyyəti ən
ali səviyyədə qiymətləndirilir. Məsələn, mən beynəlxalq tədbirlərdə iştirak
edərkən, öz həmyaşıdlarıma gənclər üçün Prezident mükafatçısı olduğumu
bildirəndə bunu təəccüblə qarşılayır, dövlət gənclər siyasətimizə həsəd
aparırlar. Budur, gənclərə olan qayğı və diqqət, budur, gənclərə olan inam. Gənclər siyasətinin vacib
istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü
xarici siyasət nəticəsində biz gənclər Azərbaycanın inkişafı və həqiqətlərini
dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırıq. Əminliklə deyə bilərəm
ki, bundan sonra da belə olacaq. Azərbaycan əhalisinin
əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının
təminatıdır. Bizim yeganə yolumuz Prezidentimizin ətrafında daha da sıx
birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir. Möhtərəm cənab Prezident, Siz
Azərbaycan gənclərinin IV Forumunda çıxış edərək belə bir fikir bildirdiniz:
"Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz də
bütün fəaliyyətimizdə Sizə arxalanır və qayğınızı hər zaman hiss edirik. On minlərlə gənci birləşdirən
128 gənclər təşkilatı adından bizə verilən bu dəyəri yüksək qiymətləndirir və
Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim səylə çalışacağıq. Diqqətinizə görə minnətdaram. X X X Qarabağ qazisi, baş leytenant
Kamil MUSAVİ çıxış edərək dedi: - Möhtərəm Prezident. Cənab Ali Baş Komandan. Hörmətli tədbir iştirakçıları. Hər birinizi salamlayıram.
Gənclər Günü münasibətilə bütün gənc bacı və qardaşlarımızı təbrik edir,
həyatda uğurlar arzulayıram. Azərbaycan gəncləri
Azərbaycanın gələcəyidir. Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin
üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər
olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir.
Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər
olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın
vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət
etməsidir. Mən bu gün burada həm
Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm
ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma
torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq. Cənab Baş Komandan, bir
zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində
gözlənilməyən anda Sizin "İrəli” əmri verməyiniz cəsarətli qərarlarınızdan
oldu. Siz çıxışlarınızın birində
belə bir fikir söyləmişdiniz: "Biz öz doğma torpaqlarımızı heç kimə
verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. Bu fikirlərinizi
dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək
üçün Azərbaycanın qeyrətli oğulları Sizin "İrəli” əmrinizə hazırdır. Möhtərəm cənab Prezident,
"İrəli” əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq.
Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar
necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss
edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil
Azərbaycanımız var olsun. Çox sağ olun. X X X Azərbaycan Dövlət İqtisad
Universitetinin müəllimi, "Human Foundation” Fondunun Azərbaycan üzrə təsisçisi
Fəridə ƏSGƏRZADƏ çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Hörmətli gənclər. Sizin və bu böyük gənclər
auditoriyasının qarşısında çıxış etmək, fikirlərimi sizinlə bölüşmək mənim üçün
şərəfdir. Biz bu gün dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Genetika,
süni intellekt, robototexnika, nanotexnologiya və biotexnologiya sahələri artıq
yenilik deyil. Bir çox peşə və ixtisaslar 5 və ya 10 il əvvəl heç mövcud
deyildi. Bu səbəbdən də gənclərin yeni yaranan peşələr və əmək bazarına
uyğunlaşması baxımından sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi çox
aktualdır. Sizin apardığınız uğurlu
iqtisadi siyasət nəticəsində Azərbaycanda biznes mühiti davamlı olaraq
yaxşılaşır, istehsal, emal sahələri inkişaf edir və iqtisadiyyatın şaxələnməsi
təmin edilir. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına
dəstək göstərilir, qanunvericilik bazası təkmilləşdirilir və güzəştli kreditlər
verilir. Startap infrastrukturunun inkişafı üçün böyük addımlar atılır. Yüksək
texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubasiya mərkəzləri
açılır. Gənclər üçün biznes məsləhət xidmətlərinin təşkili və metodiki
tövsiyələrin verilməsi mühüm əhəmiyyət kəsb edir. Gənc sahibkarlığın inkişafının
ən vacib komponentlərindən biri beynəlxalq təcrübənin öyrənilməsi, mentallıq və
innovasiya xidmətlərinin göstərilməsidir. İnnovativ ideyalara gəldikdə isə,
sosial sahibkarlığı xüsusi vurğulamaq lazımdır. Bu sahə gəlir gətirməklə
yanaşı, cəmiyyətə fayda verən, yerli və qlobal problemlərin həlli yollarını
tapmağa təsir göstərməyə malik sahibkarlıq konsepsiyasıdır. Mənim "Human
Foundation”u yaratmağıma bu düşüncə səbəb olub. Bizim məqsədimiz sosial
sahibkarlıq platforması vasitəsilə gənclərə sosial biznes, mədəni layihələrin
həyata keçirilməsi üçün şərait yaratmaq, hər kəs üçün bərabər imkanları
dəstəkləməkdir. Dövlətin dəstəyi bizi
ətrafımızda çox sadə gəncləri toplamağa həvəsləndirdi və bu qarşılıqlı dəstək
dairəsi bu gün getdikcə genişlənir. Son dövrlərdə yaradılmış sahibkarlıq
subyektlərinə diqqət yetirəndə burada qadınların sayının artdığını müşahidə
edirik. Azərbaycan çox azsaylı ölkələrdən biridir ki, qadınların sahibkarlıq
fəaliyyəti dövlət tərəfindən tam dəstəklənir və inkişaf üçün bütün şərait
yaradılır. Mənim fəaliyyətim bunun bir nümunəsidir. 21 yaşımdan etibarən
sahibkar kimi, 23 yaşımdan isə universitetdə müəllim kimi çalışmağa başlamışam.
Sevindirici haldır ki, mənim fəaliyyətim və ideyalarım müxtəlif təşkilat və
dövlət qurumları tərəfindən dəstəklənib. Sahibkarlıq sahəsində həm elmi, həm
praktiki fəaliyyət göstərməyim dövlətimizin yaratdığı şərait nəticəsində mümkün
olub. Əziz Mehriban xanım, Sizin
ictimai fəaliyyətiniz, sosial sahədə gördüyünüz işlər, insanpərvərliyiniz və
işgüzarlığınız nəinki mənə, bütün gənc azərbaycanlı qadınlara örnəkdir. Hörmətli gənclər, bu gün
ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət
nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun
təmin olunması üçün münbit şərait yaranmışdır. Biz gənclər bu işdə cənab
Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın
daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Azərbaycanda hər bir gənc parlaq
uğura nail ola bilər. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün
başlamalıyıq. Gənclər günümüzü təbrik edirəm. Hörmətli cənab Prezident, bizə
yaratdığınız şərait və dəstək üçün Sizə gənc sahibkarlar adından dərin
minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, biz Azərbaycanın daha
da güclənməsi naminə əzmlə çalışacağıq. Diqqətinizə görə təşəkkür
edirəm. X X X Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədri Seymur ORUCOV çıxış edərək dedi: - Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım. Hörmətli tədbir iştirakçıları. Əvvəla, Ulu Öndərimizin biz
gənclərə hədiyyəsi olan Gənclər Günü münasibətilə hər birinizi səmimi qəlbdən
təbrik edirəm. Bu gün bu yüksək kürsüdən Ulu
Öndərin qurduğu Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi çıxış edib
fikirlərimi sizinlə bölüşmək istəyirəm. Cənab Prezident, Sizin rəhbəri
olduğunuz Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsidir. Müdriklərdən
biri deyib: "Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini müəyyən edən
xalqlar heç zaman uğursuzluğa düçar olmurlar”. Bəli, biz bu yolda iri
addımlarla irəliləyirik. Biz ona görə xoşbəxtik ki, bu yolun təməlini ulu
öndərimiz Heydər Əliyev qoyub. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki,
Azərbaycanın lideri, Prezidenti gənclərimizə daha güclü, daha zəngin bir
Azərbaycan bəxş edib. Cənab Prezident, Siz
çıxışlarınızda demisiniz ki, Azərbaycan tarixində bu qədər güclü olmayıb. Bəli,
bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın
birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının, Azərbaycan gəncinin Sizə olan
ehtiramıdır, məhəbbətidir. Bu gün hər bir Azərbaycan
gənci Ali Baş Komandanın əsgəridir. Səngərdə əsgəridir, Orduda əsgəridir,
təhsildə əsgəridir. Əgər Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir təhdid
olarsa, inanın kı, cənab Prezident, bu gənclər həmin qüvvələri tarixin siyasi
səhnəsindən bir anda silərlər. Təbiidir ki, bu gün dünyada
sosial şəbəkələrlə bağlı baş vermiş xaosdan bəzi antimilli qüvvələr
sui-istifadə etməyə çalışırlar. Bir çox dövlətlər artıq bununla bağlı
qanunvericilikdə dəyişikliklər edib, düşünürük ki, artıq bu, Azərbaycanda da
zərurətə və tələbata çevrilib. Bu gün xalq tərəfindən tarixin
arxivinə atılmış siyasətin tör-töküntüləri, bax, həmin bu sosial medianın
vermiş olduğu imkanlardan sui-istifadə edərək, xalqı çaşdırmağa, səhv, yalan,
böhtan xarakterli məlumatlar yayaraq, insanlardakı Azərbaycana olan inamı
itirməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma bu gün
Yeni Azərbaycan Partiyasının gənc üzvləri - Prezidentini, Vətənini sevən
gənclər onları sosial şəbəkələrdə də iflasa uğradıblar. Bütün həqiqətləri
açıqlayaraq, Azərbaycan cəmiyyətinə onların kim olduqlarını göstərib.
Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Mən buradan
üzümü həmin antimilli qüvvələrə tutub deyirəm, təkcə Yeni Azərbaycan Partiyası
Gənclər Təşkilatının bir rayondakı üzvlərinin sayı sizdən qat-qat çoxdur. Təkcə
ötən il Yeni Azərbaycan Partiyasına 24 mindən çox üzv qəbul edilib. Onların
əksəriyyəti gənclərdir. Bu da ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti bu
siyasi kursa böyük dəstək verir, bu siyasi kursla həmfikirdir. Əziz cənab Prezidentimiz, Siz
qısa müddət ərzində yeni Azərbaycan qurdunuz. Azərbaycanı dünyada bir çox
dövlətlərin heyranlıqla izlədiyi bir səviyyəyə gətirib çıxardınız. Biz
gənclərin də, Yeni Azərbaycan Partiyası gənclərinin də əsas işi ondan ibarətdir
ki, Sizin və çox hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın
gördüyü işləri gənclərimizə çatdıraq, bunun təbliğatını aparaq. Təbiidir ki,
Siz bu işdə bizə çox kömək göstərirsiniz. Çünki Sizin gördüyünüz işlər o qədər
möhtəşəmdir, cəmiyyət tərəfindən o qədər müsbət qarşılanır və Azərbaycanı o
qədər qüdrətli edir ki, həmin işlər özü-özünü təbliğ edir. Müqayisə üçün deyim ki,
məsələn, Ermənistan gəncləri öz rəhbərlərini necə təbliğ edə bilərlər? İş
yoxdursa, əhali səfil vəziyyətdə yaşayırsa, hər şeydən məhrumdursa, hansı
təbliğatdan söhbət gedə bilər?! Amma Azərbaycan gəncinin deməyə sözü çoxdur. Cənab Prezident, Sizi bir daha
əmin etmək istəyirəm ki, biz istər regionlarda, istərsə də paytaxtda gənclərlə
görüşlərimiz zamanı gənclər Sizə hər zaman öz məhəbbət, sevgi və ehtiramlarını
ifadə edirlər. Bu gün Siz əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyi Sizin
çağırışınızı gözləyir, Azərbaycan gəncliyi Sizinlədir. Çünki bizim dəmir
iradəli Prezidentimiz var. Biz çox sürətlə inkişaf edirik. Bu yoldan bizi heç
kim, heç bir qüvvə döndərə bilməz. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Heydər Əliyev yolu!
Yaşasın Prezidentimiz İlham Əliyev! Çox sağ olun. x x x "Regional İnkişaf” İctimai
Birliyinin nümayəndəsi Aydan RAMAZANOVA çıxış edərək dedi: - Möhtərəm cənab Prezident,
hörmətli Mehriban xanım. 2016-cı ildə Heydər Əliyev
Fondu tərəfindən təsis olunmuş "Regional İnkişaf” İctimai Birliyinin məqsədi
regionlarda ictimai nəzarəti həyata keçirmək, ölkəmizin sosial, ictimai və
mədəni həyatında fəal iştirak etmək, dövlətimiz tərəfindən regionların inkişafı
sahəsində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdən ibarətdir. Bu
istiqamətdə İctimai Birlik bölgələrdə mütəmadi görüşlər keçirir, insanların
qayğıları ilə maraqlanır, müraciətlərini araşdıraraq həlli yollarını axtarır. Cənab Prezident, bu günədək
biz Sizin və Mehriban xanımın bilavasitə dəstəyi sayəsində əhalinin sosial,
infrastruktur, özünüməşğulluq, səhiyyə və digər məsələlərlə bağlı çoxsaylı
müraciətlərinin müsbət həllinə nail olmuşuq. İcazənizlə görülmüş işlərdən bəzi
nümunələri qeyd etmək istəyirəm. Əhalinin özünüməşğulluğunun
təmin olunması ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq, "Sosial bağlar”
layihəsi həyata keçirildi. Layihə çərçivəsində 125 şəhid ailəsi, əlil və
aztəminatlı ailələr üçün intensiv meyvə bağları salındı. Bu bağlar onların
yaşayış səviyyəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Bu yaxınlarda Ağsu rayonundan
qayıtdıq. Əhalinin Sizə salamlarını çatdırmaq istərdim. Ağsu rayonunun Elabad
kəndində sakinlərə verilmiş pay torpaqlarının sərhədləri uzun müddət
qeyri-müəyyən olduğundan, insanlar torpağı əkib-becərməkdə və dövlət tərəfindən
verilmiş imtiyazlardan istifadədə çətinlik çəkirdi. İctimai Birliyin təşəbbüsü
ilə aidiyyəti qurum tərəfindən qısa müddət ərzində torpaqların dəqiq sərhədləri
müəyyənləşdirildi, vətəndaşlara müvafiq mülkiyyət sənədləri verildi. Eyni
zamanda, əkin üçün torpaqların şumlanması və məhsulun yığılmasında da onlara
lazımi kömək göstərildi. Belə nümunələr kifayət
qədərdir. Bildirmək istərdim ki, bütün bu işlər regionlarda əhali, xüsusilə
gənclər tərəfindən böyük məmnunluqla qarşılanır, onlarda ruh yüksəkliyi yaradır
və dövlətə olan inamı daha da gücləndirir. Cənab Prezident, bütün bu
işlərdə həmişə Sizin və Mehriban xanımın dəstəyinə arxalanırıq. Sizin insanlara
bu cür qayğı göstərməyiniz, onların problemlərinə həssaslıqla yanaşmağınız bizə
və bütün gənclərə stimul verir. Gənclərimiz bütün sahələrdə
gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi
nailiyyətlərlə qürur duyur. Sizin rəhbərliyiniz altında dövlətçiliyimiz, siyasi
və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. Bu gün ölkəmiz beynəlxalq
tədbirlərin, forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana
çevrilib. Xalqımızın rifahı naminə gördüyünüz bütün bu işlər Azərbaycan
gənclərində xoşbəxt gələcəyə olan inam və əminliyi daha da artırır. Regionlardakı gənclərimizin
sosial fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf
etdirilməsi, həyata keçirilən layihələrdə iştirakının təmin olunması məqsədilə
biz geniş fəaliyyətimizə könüllüləri də cəlb etmişik. Hazırda 500-ə yaxın
könüllü İctimai Birliyin bütün təşəbbüslərinə dəstək verərək müxtəlif idman
yarışlarında, marafonlarda, səhiyyə aksiyalarında, eləcə də əhalinin tibbi,
hüquqi və ekoloji maarifləndirilməsində fəal iştirak edir. Möhtərəm cənab Prezident,
"Regional İnkişaf” İctimai Birliyi olaraq biz regionlara, o cümlədən cəbhə
bölgələrinə müntəzəm səfərlər edirik. Bu səfərlər zamanı şahidi oluruq ki,
xalqımızda böyük ruh yüksəkliyi, milli birlik və həmrəylik var. Bu hisslər
onların Sizə və Mehriban xanıma olan inamından irəli gəlir. Siz bayramları, xoş
günlərinizi, hətta doğum günlərinizi xalqla, qaçqın və məcburi köçkünlərlə,
şəhid ailələri və əsgərlərlə qeyd edirsiniz. Bu, biz gəncləri bir daha hədsiz
qürurlandırmaqla yanaşı, Sizdən humanizm və vətənpərvərlik dərsi alaraq
dövlətimizə layiqli vətəndaş kimi yetişməyimizdə böyük rol oynayır. Bizim qarşımıza konkret
məqsədlər qoyulub. Region gəncləri adından bildirmək istəyirəm ki, bu
məqsədlərə nail olmaq üçün bundan sonrakı fəaliyyətimizdə də dövlətimizə və
Prezidentimizə sadiq qalaraq, Sizin ətrafınızda sıx birləşəcək, ölkəmizin
inkişafı naminə daha böyük əzmlə çalışacağıq. Möhtərəm cənab Prezident,
regionların inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinizdə biz gənclər
Sizin bir nömrəli köməkçilərinizik. Diqqətinizə görə minnətdaram. x x x Naxçıvan Müəllimlər
İnstitutunun müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Ayxan HÜSEYNLİ çıxış
edərək dedi: -Möhtərəm cənab Prezident. Bu gün Azərbaycan vətənpərvər
və istedadlı gənclər ölkəsidir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlət gənclər siyasətinin real bəhrəsidir. Dahi rəhbərimizin təşəbbüsü
ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı
istiqamətində ardıcıl tədbirlər görülürdü, milli dəyərlərə və tarixi-mədəni
irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanılmışdı. O dövrdə gənclərin
təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi
yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək
müstəqilliyinə hesablanmışdı. Ümummilli Liderimiz ölkəmizdə
ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da gənclərlə bağlı dövlət
siyasətini əsas vəzifələr sırasına çəkmiş, gənclərin ölkənin sosial-iqtisadi,
ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların
problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi yetişməsi üçün
lazımi şərait yaratmışdı. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi
formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması
baxımından mühüm əhəmiyyətə malikdir. Ulu öndərimiz Heydər Əliyev
deyirdi: "Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik
ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə
etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda
müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb
etməkdir”. Bu gün Ulu Öndərimizin
müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yolla gedən
Azərbaycan gəncləri cəmiyyətin fəal sosial təbəqəsinə çevrilmişdir. İnsan
kapitalının yetişdirilməsi sahəsində irəli sürdüyünüz düzgün yol və əldə olunan
nəticə Azərbaycanda gənclər siyasətini yeni mərhələyə çıxarıb. Görülən işlərin
nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik
və bacarıqları ilə dünyada tanınır və qəbul olunurlar. Artıq gənclərimiz
diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə
ölkəmizi layiqincə təmsil edirlər. Dünyada Azərbaycan kimi ikinci
bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola gənclərin
problemləri ilə bu qədər yaxından məşğul olsun. Müstəqil ölkəmizin hər yerində
olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə
əhatə olunub. Muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil alması, intellektual
səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının
səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər görülür. Ötən dövrdə muxtar
respublikada 200-dən çox məktəb binası, 5 peşə məktəbi, 23 uşaq bağçası,
məktəbdənkənar tərbiyə müəssisələri, musiqi məktəbləri, Gənclər Mərkəzi,
elektron kitabxanalar, mədəniyyət sarayları, tələbə evləri, 50-dən artıq idman
obyekti, universitet şəhərcikləri tikilərək və ya yenidən qurularaq istifadəyə
verilib. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı”nın
təsis edilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin
cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm
addımlardandır. Həyata keçirdiyiniz dövlət
gənclər siyasətinin, gələcəyimiz olan gənclərə göstərdiyiniz qayğının və
yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə ölkəmizin
Gənclər Paytaxtı seçilmişdi. Müdriklər deyirlər ki, bir
ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki
gənclər mənsub olduğu xalqı təmsil edir. Azərbaycan gənci xalqına, dövlətinə və
rəhbərinə sədaqətlidir. Azərbaycan gənci ulu öndərimiz Heydər Əliyevin
ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu
kimi seçən əsl vətəndaşlardır. Bu gün Azərbaycan gəncinin simasını Avropa,
dünya və Olimpiya çempionu olan idmançılarımız, beynəlxalq reytinqli
şahmatçılarımız, istedadlı gənc alimlərimiz, musiqiçilərimiz, mühəndislərimiz,
doğma Azərbaycanımızın mənafeyini müdafiə edən diplomatlarımız, Lələtəpədə, Günnütdə
Azərbaycan bayrağını vüqarla dalğalandıran əsgərlərimiz müəyyən edirlər. Budur,
Azərbaycan gəncliyi, budur, müstəqil Azərbaycanın gələcəyi. Çıxışlarınızın birində qeyd
etmişdiniz ki, "Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu
ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz
Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər
şeydən üstün tutsunlar”. Biz Sizin etimadınızı və bundan irəli gələn
məsuliyyəti başa düşərək potensialımızı müstəqil Azərbaycanın ictimai-siyasi,
sosial-iqtisadi və mədəni inkişafına sərf edirik. Bizim bir yolumuz var. O da
müdrik rəhbərimiz tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev
yoludur. Cənab Prezident, ölkəmizin
gələcəyi olan gənclərin inkişafına göstərdiyiniz hərtərəfli qayğıya görə Sizə
muxtar respublika gəncləri adından dərin minnətdarlığımızı bildiririk. X X X Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Ülkər ƏSƏDOVA çıxış edərək dedi: - Hörmətli cənab Prezident. Əziz tədbir iştirakçıları. Bu gün burada Azərbaycanın
böyük tələbə ordusu adından çıxış etmək mənim üçün çox böyük məsuliyyət və
şərəfdir. Mən Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsiyəm. Bir çox yuxarı
kurs tələbələri kimi, mən də artıq magistratura imtahanlarına hazırlaşmağa
başlamışam. Mən magistr diplomunu diplom üçün deyil, bilik və bacarıq üçün
almaq istəyirəm. İnanıram ki, belə də olacaq. Mən istəyirəm ki, aldığım təhsil
sayəsində ölkəmin inkişafına töhfə verim və mənim həmin inkişafda payım olsun. Yəqin ki, burada əyləşən hər
bir kəs Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə” əsərini xatırlayır. Orada
balaca Şahzadə deyir ki, "Böyüklər rəqəmləri çox sevirlər. Onlara deyəndə ki,
özünə təzə dost tapmısan, heç vaxt soruşmazlar ki, onun səsi necədir? O hansı
oyunları sevir? O, kəpənəkləri xoşlayırmı? Bu suallar əvəzinə soruşacaqlar ki,
onun neçə yaşı var? Neçə bacı-qardaşdırlar?”. Biz, tələbələr üçün isə vacib
olan rəqəmlər deyil, tələbəlik illərində qazandığımız biliklər, dostluqlar, ən
əsası isə xatirələrdir. Biz hər səhər dərsə qaçmağa,
axşamlar sosial şəbəkələrdə günün hesabatı formatında statuslar yazmağa,
gecələr isə kollokvium və imtahanlara hazırlaşmağa öyrəşmişik. Yadımdadır ki,
dərsə gecikdiyim vaxtlarda auditoriyanın qapısı ağzında arzulayırdım ki,
müəllim hələ auditoriyaya girməmiş olsun – bəzən bu arzularım gerçəkləşirdi,
bəzən isə yox. Təqaüdlər köçürüləndə və hamı bu xəbəri bir-birinə sevinclə
ötürəndə biz əsl bayram ab-havasını yaşayırdıq. Dövlətimiz bizim üçün dünya
standartlarına cavab verən auditoriyalar, məşq zalları, yeni kitabxana və
laboratoriyalar yaradıb. Biz tələbələr bu imkanlardan çox yaxşı faydalanırıq.
Dörd il əvvəl mənə yad olan insanlar bu gün mənim ən yaxın və ən doğma
dostlarıma çevriliblər və biz bir-birimizdən artıq ayrıla bilmirik. Çünki biz
artıq bir ailəyik. Tələbələr istənilən ölkənin
aparıcı qüvvəsidir. Ölkənin inkişafı və nailiyyətləri birbaşa tələbələrin nə
qədər sağlam, savadlı, xoşbəxt və uğurlu olmasından asılıdır. Biz, Azərbaycan
tələbələri əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Uğur qazanaq ki, ölkəmiz
də uğur qazansın, biz xoşbəxt olaq ki, ölkəmiz də xoşbəxt olsun. Biz çalışacağıq ki, müstəqil
dövlətimizdə yaradılan bütün imkanlardan tam şəkildə istifadə edək və növbəti
dəfə, cənab Prezident, siz Sofiya ilə deyil, məhz azərbaycanlı mühəndis
tələbələr tərəfindən yaradılmış robotla danışasınız. Biz çalışacağıq ki, Nobel
mükafatçıları arasında gənc azərbaycanlı alimlər olsun – niyə də olmasın axı?
Bizim tərəfdaşlıq etdiyimiz universitet dünyaya 29 Nobel mükafatçısı bəxş edib.
Biz çalışacağıq ki, azərbaycanlı tələbə Harvard və Oksford tələbəsi kimi bir
brendə çevrilsin, ölkəmiz xoşbəxtlik reytinqlərində ən ön yerləri tutsun. Ola bilsin ki, dediklərim bir
az qeyri-real səslənir. Amma bu gün mən, sadə bir tələbə, ölkə başçısının
qarşısında necə çıxış edirəmsə, inanın ki, sizin də hər bir arzunuz həyata keçə
bilər. Əziz gənclər və tələbələr, biz
Azərbaycan kimi keçmişi zəngin və gələcəyi parlaq bir ölkədə yaşadığımıza və
təhsil aldığımıza görə, həqiqətən də, çox şanslıyıq. Azərbaycan tələbələri
beynəlxalq əmək bazarında rəqabət gücünə malikdirlər. Bu gücü biz tələbələr,
ilk növbədə, ölkəmizin inkişafına sərf etməliyik, çünki bizim hər addımımızda
dövlət bizə dəstək olmağa hazırdır və dəstək olur da. Hörmətli cənab Prezident, bu
cür imkanları bizə yaratdığınız üçün Sizə bütün tələbələrin minnətdarlığını
çatdırmaq istərdim. Siz bizim üçün ən böyük nümunəsiniz və ən böyük örnəksiniz. Sonda bütün tələbələr adından onu da diqqətinizə çatdırmaq
istəyirəm ki, cənab Prezident, biz Sizi həqiqətən də çox istəyirik və çox
sevirik. Ulu Tanrı Sizi və ailənizi qorusun. Çox sağ olun. X X X Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin
ORUCLU çıxış edərək dedi: -Möhtərəm cənab Prezident. Əziz həmyaşıdlar. İşinizin gərgin olmasına baxmayaraq, vaxt ayırıb biz
gənclərlə görüşdüyünüz üçün Sizə çox təşəkkür edirik. Mən Aprel döyüşlərində
qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğluyam və şəhid
oğlu olmağımla fəxr edirəm. Aprel döyüşlərində atamın Vətənimiz uğrunda
qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel
döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel
döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini
göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya
məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə
edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və
qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq. Mən bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq
məqsədilə ADA Universitetinə qəbul oldum. Hazırda ölkəmizin ən nüfuzlu
universitetlərindən birində təhsil alıram və dövlətim bizə dəstək olur. Digər
sosial müdafiəyə ehtiyacı olan ailələr kimi, mənim də təhsil haqqım dövlətimiz
tərəfindən ödənilir. Cənab Prezident, Sizin dörd gün öncə şəhid ailələri
ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və
nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün
gözəl nümunə oldu. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə
keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən
mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri
verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid
ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz
Sərəncama uyğun olaraq, 2016-cı ildə biz də digər şəhid ailələri kimi 11 min
manat vəsaiti almışıq. Qərara gəldik ki, Qarabağ döyüşçülərinin və
qazilərinin, şəhidlərin təbliği işinə biz də qoşulaq. Bu məqsədlə 2016-cı ilin
Aprel döyüşlərində şəhid olanların ailə üzvləri birləşərək İctimai Birlik
yaratdıq. Ümid edirik ki, gördüyümüz işlərlə dövlətin bu sahədə həyata
keçirdiyi siyasətə kiçik töhfə vermiş oluruq. Güman edirik ki, bu iş
valideynlərimizin ruhlarını da şad edib. Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə
minlərlə gənc onların keçdiyi şərəfli yolunu davam etdirməyə hazırdır. Mən bu
gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz
siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz və
birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman
xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında
olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət və mərhəmətinizi hiss
edib. Sizin gəncliyə dəstəyiniz və sosial siyasətiniz bizdə özünəinam və
əminlik yaradır. Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün
Sizə bir daha minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz
ilə Azərbaycan gəncliyi sabaha daha inamla addımlayacaq. Azərbaycanın əmin-amanlıq
şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin
ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq.
Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Çox sağ olun,
möhtərəm cənab Prezident. X X X "ASAN” könüllüsü Emilya BAYRAMOVA çıxış edərək dedi: - Möhtərəm cənab Prezident. Sizi 17 minlik ASAN könüllüləri hərəkatının üzvü kimi
salamlamaqdan qurur duyuram. Sizin xeyir-duanızla 15 nəfərlə çıxdığımız bu
yola, Sizin dəstəyinizlə davam edirik. Gənclərlə görüşlər zamanı nəcib bir fəaliyyət kimi
dəyərləndirdiyiniz könüllülük fəaliyyəti bu gün ölkəmizdə geniş vüsət alıb.
Sizin də dediyiniz kimi, ölkəmizdə könüllülük hərəkatı var və bu hərəkat
yaşayır. Dövlətimizə olan sonsuz sevgimizin nəticəsi olaraq
"ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza təmənnasız xidmətlə yanaşı, ev
sahibliyi etdiyimiz dünya əhəmiyyətli tədbirlərdə, idman yarışlarında könüllü
olaraq aktiv iştirak etdik, ölkəmizi ən yüksək səviyyədə təbliğ etməyə
çalışdıq. Könüllülük fəaliyyəti zamanı Sizin və hörmətli Mehriban xanımın
dəstəyini daim hiss edirik. Təşəbbüskarı olduğunuz ASAN könüllüləri haqqında
fikirlərinizi hər zaman böyük fəxrlə dinləyir və ruhlanırıq. Biz gənclər olaraq
fəaliyyətimizdə hər zaman Sizin Azərbaycan gəncliyi qarşısında qoyduğunuz ən
ümdə vəzifələri, vətənpərvərlik və insanpərvərlik prinsiplərini, məsuliyyətli
vətəndaş tələblərinizi rəhbər tuturuq. Diqqətinizə çatdırmaq istərdim ki, bu günə qədər ASAN
könüllüləri tərəfindən 30 mindən çox gənci əhatə edən 500-dən çox
sosial-mədəni, ekoloji, maarifləndirici layihələr icra edilib, o cümlədən "ASAN
məktub” layihəsi çərçivəsində 3000 aztəminatlı və ya kimsəsiz uşağın əlçatan
arzularının gerçəkləşməsində vasitəçi olmuşuq. Eyni zamanda, "Əsgərə məktub” layihəsi çərçivəsində
vətəndaşlarımızın xeyir-duasını, arzu və diləklərini əsgərlərimizə çatdırmışıq,
Aprel döyüşləri zamanı qəhrəman əsgərlərimizə mənəvi dəstək olmuşuq.
Azərbaycanın hərbi uğurları bu gün biz gəncləri çox qürurlandırır və əminik ki,
Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə işğal altında olan bütün
torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil. Ən böyük arzumuz isə o zəfər
bayramının təşkilində könüllü olaraq iştirak etməkdir. Könüllülük həyatımıza hədsiz dinamiklik qatdı və heç
şübhəsiz ki, fərdi inkişafımıza böyük təkan oldu. Valideynlərimiz, böyüklərimiz
onların dövründə gənclər üçün belə şəraitin olmamasından şikayətlənəndə biz
onları da könüllülüyə dəvət etdik və bu gün artıq ölkəmizdə "Könüllülüyün yaşı
yoxdur” şüarı heç kəsi təəccübləndirmir. Möhtərəm Prezident, biz çox gözəl dərk edirik ki,
Sizin siyasətiniz ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə,
dövlətimizin dayanıqlı inkişafına yönəlib. Bu gün biz gənclərin ən böyük
xoşbəxtliyi, ən dəyərli sərvəti məhz ölkəmizin müstəqilliyi, sabitliyi və
tərəqqisidir. Sonda bir məsələyə də xüsusi olaraq toxunmaq
istəyirəm. Bu gün dövlətimizin uğurlu inkişafını gözü götürməyən qüvvələr bəzən
gəncləri də öz oyunlarına alət etməyə çalışır. Lakin gəncliyimizin mütləq
əksəriyyəti həmin təsisatların əsl niyyətlərindən xəbərdardır və biz Sizin
yanınızdayıq, Sizin sadiq, könüllü əsgərlərinizik. Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki,
ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində öz
müstəqilliyini qorumuş, güclü, öz sözünü deməyə qadir dövlətimizin dayanıqlı
inkişafı üçün daim çalışacağıq. Bir daha biz gənclərə olan sevginiz üçün Sizə
minnətdarıq. Biz Sizi çox sevirik, könüllülərin könlü daim
Sizinlədir. X X X Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə yekunlaşıb.Prezident İlham Əliyev toplantıda iştirak edib
Facebook-da paylaş