• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Tarix yazan tarixi şəxsiyyət” mövzusunda tədbir keçirilib


Mayın 7-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Tarix yazan tarixi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva, tələbələr, gənclər iştirak ediblər.  

İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər güllər düzüblər. Sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 

Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı danışıb. E.Cəfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dünyada layiqli yer tutması üçün uzun illər çalışmış, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə layiqli yer tutmuşdur. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması məhz Dahi şəxsiyyətin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradaraq xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya arenasında öz layiqli yerini tutmuşdur.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Həsənova bildirib ki, Ümummilli Lider Heydər Əliyev dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətdir. Heydər Əliyev tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqilliyinə çatmasına nail olmuşdur. Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək qüdrətli Azərbaycan dövlətinin əsasını qoydu. İctiami-siyasi sabitliyin qorunmasının və iqtisadi inkişafın təməlində Ümummilli Liderin inkişaf strategiyası dayanır. G.Həsənova Ulu Öndərin Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinin, eyni zamanda, yürütdüyü dövlət siyasətinin bu gün onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün bütün dünyanın Dahi şəxsiyyətin görmək istədiyi, arzuladığı Azərbaycanı və onun güclü liderini gördüyünü söyləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanındakı qəhrəmanlığından, qazanılan tarixi Qələbədən söz açan müavin illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. G.Həsənova istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Müavin G.Həsənova qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəlməklə 30 ildən çox işğal altında olan torpaqlarımızı azad etdik. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. Müavin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 19 aprel 2024-cü il tarixinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. Müavin vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir uğurudur. Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilasıdır. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb. Ümummilli maraqlara xidmət edən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Milli maraqlara əsaslanan fəaliyyəti ilə ümidləri doğrultdu. Azərbaycanın iqtisadi inkişafının əsasının qoyulması, ölkəmizin beynəlxalq əlaqələrinin formalaşdırılması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.  


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək qeyd edib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Ulu Öndər Azərbaycan xalqı və dövlətçiliyi üçün mühüm xidmətlər göstərərək Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni həyatında yeni bir tarix yaradıb. Fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər dövlətin hüquqi bazasının möhkəmləndirilməsi, həmçinin, milli ideologiyanın yaradılması istiqamətində mühüm addımlar atıb.  


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamladığını, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümü olduğunu vurğulayıb. Qeyd edib ki, keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Ümummilli Lider ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur. O, hər zaman Azərbaycan xalqının maraqlarını qoruyub, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova çıxış edərək Heydər Əliyevin ömür yolunun Azərbaycan tarixinin şərəfli bir hissəsi olduğunu qeyd edib. M.Kazımova bildirib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun hakimiyyətinin hər iki dövründə irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.


Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Könül Butayeva ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından danışıb. Qeyd edib ki, Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Bu gün gəncliyimiz ictimai, sosial həyatın bütün sahələrində aktif faliyyəti ilə seçilir. Gənclər siyasəti dövlət siyasətinin ayrılmaz hissəsindən biri olaraq bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın gənclərimizə olan böyük etimadı Azərbaycan gəncliyinin gələcəyə olan inamını artırır. Biz hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və Onun Azərbaycanı gələcəyə aparan yeganə qüvvə olduğuna inanırıq.



Facebook-da paylaş