İcra başçısı Kür çayının daşması ilə əlaqədar Aşağı Salahlı kəndində olub və vətəndaşların problemləri ilə yerində maraqlanıb
Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrinin arxasında vətəndaş amili dayanır. Bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, dövlət başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” dəyərli fikri Qazaxda hər zaman örnək götürülür, vətəndaş amili daim ön planda tutulur, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşılır.
Son günlər intensiv yağan leysan yağışları nəticəsində Kür çayının yuxarı hissəsində suyun səviyyəsi artıb. Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndləri ərazisindən keçən hissəsində gərginlik yaşanıb. Belə ki, 8 may tarixində Kür çayının Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində baş vermiş daşqın zamanı örüş sahəsi və kənd sakinlərinə məxsus pay torpaqları sel sularının altında qalıb, təsərrüfata ziyan dəyib.
Mayın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və digər aidiyyəti şəxslərlə birlikdə qeyd edilən məsələ ilə əlaqədar Aşağı Salahlı kəndində olub, vətəndaşların problemləri ilə yerində maraqlanıb.
Vətəndaşların Kür çayının daşması səbəbindən çaya yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının alınması ilə bağlı müraciətlərini dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Rayon rəhbəri edilən müraciətin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını və nəzarətdə saxlanılacağını vurğulayıb.
Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Facebook-da paylaş