• Təqvim

  • Maraq



Qazaxda görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” başlıqlı tədbir keçirilib


Aprelin 27-də Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” başlıqlı tədbir keçirilib. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova, Mərkəzi Xəstəxananın həkim-oftalmoloqları, digər həkimlər və əməkdaşları iştirak ediblər. 

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin hər kəsə örnək olduğunu bildirib. İllər ötsə belə Zərifə xanımın Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi kimi xatırlanacağını, yad olunacağını söyləyib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Müavin G.Həsənova 2023-cü ilin dövlətimiz və xalqımız üçün əlamətdar bir il olduğunu, ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileylərinin ölkəmizdə, eləcə də Qazax rayonunda silsilə tədbirlərlə təntənə ilə qeyd olunduğunu bir daha vurğulayıb. Müavin qeyd edib ki, Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında söylədiyi xatirələrinə nəzər salarkən bir daha dahi şəxsiyyətin ona olan böyük hörmət və ehtiramının şahidi oluruq. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”. Ulu Öndər daha bir xatirəsində qeyd edirdi ki, “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Dahi rəhbər vurğulayırdı ki, “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”. 


Müavin qeyd edib ki, ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar bəxş edib. Müavin vurğulayıb ki, Prezident İlham Əliyevin Zərifə xanım Əliyeva haqqında xatirələrini, söylədiyi fikirləri oxuyarkən övladın anaya olan sonsuz sevgisinin şahidi oluruq. “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”. Dövlət başçısı qeyd edir ki, “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. Ölkə başçısı bildirir ki, “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”. Müavin G.Həsənova qeyd edib ki, illər ötsə, qərinələr dolansa belə Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq. Onun misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq. İllər keçsə belə bundan sonra da Zərifə Əliyeva ömrünün nurundan hamıya pay çatacaq. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Poliklinika Şöbəsinin müdiri Rəqiyyə İsmayılova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-terapevt Fərid  Bayramov, həkim-otolerenqoloq Gültac Qədimalıyeva, həkim-infeksionist Yetər Məmmədova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Xəstə Xidmətləri şöbəsinin koordinasiya bölməsinin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi Əli Nağdalıyev çıxış edərək Azərbaycan oftalmologiya elminə böyük töhfələr verən Akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, həyat və fəaliyyətindən danışıblar. Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbi olduğunu vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.

Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.

1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdı və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoydu. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Respublika Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımovun fikrincə, Azərbaycan oftalmologiyasının dünya miqyasında tanınmasına məhz Zərifə xanım Əliyeva nail olmuşdu: “Məhz Zərifə xanım bu elm sahəsində həmkarlarımın günümüzdə də tələblərinə cavab verməyə çalışdıqları yüksək elmi-nəzəri meyarları müəyyən etmişdi”.

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.

Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.

Akademik Arkadi Nesterov deyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər: “Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.

Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 1966-1986-cı illərdə direktoru olmuş Kseniya Trutneva yazırdı ki, Zərifə Əliyevanın apardığı tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir: “Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanıb, istehsalata tətbiq edilib”.

Professor, Əməkdar elm xadimi Nina Şulpina Zərifə xanımın bir alim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirdiyini söyləyirdi: “O, canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi. İnsani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir”.

Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.



Facebook-da paylaş