• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevə həsr edilmiş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub YENİLƏNƏCƏK


Oktyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr edilmiş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub. 

Qəhrəman şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetiin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, KİV nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində şəhid məzunlar - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun xatirəsinə tikilən bulağın önünə tər qərənfillər düzərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar. 

Sonra məktəbin foyesində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilib.

Məktəbin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Şəhid Adil Əfəndiyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, qəhrəman şəhidimizə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına şanlı zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda Azərbaycanın qəhrəman oğulları şəhid oldu, qazi oldu. Vətən müharibəsində qani ilə tarix yazdı igidlərimiz. Bu qalibiyyət üçün biz suverenliyimizin təminatçısı olan şəhidlərimizə, qazilərimizə borcluyuq. Həmin qəhrəmanlar bizim qəlbimizdə, ruhumuzda, yazılan əsərlərdə, musiqilərdə, kitablarda ölməzlik qazanıblar. Aparıcılar Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qazaxda da şəhidlərimiz haqqında “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitablarının yazılaraq şəhid ailələrinə, oxuculara təqdim edildiyini diqqətə çatdırıblar. Qələmə alınmış bu kitablar, eləcə də bu gün təqdimatı keçirilən “O, bizim Adildi” adlı kitab sayəsində gələcək nəsillərin qəhrəman Vətən oğullarını tanıyacaqlarını, onlardan örnək götürəcəklərini, Vətəni onlar kimi sevəcəklərini vurğulayıblar.



Facebook-da paylaş