Qazaxda Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi münasibətilə keçiriləcək tədbirlərə start verilib
2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur. “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunacaqdır. Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyinə dair Tədbirlər Planına uyğun olaraq Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin 21-23.10.2025-ci il tarixlərində Qazax şəhərində Fəxri Qazaxlılar parkında Xalq yazıçısının büstünün və Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun Poeziya evinin ziyarət edilməsi nəzərdə tutulmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə baş tutan ziyarətlərə bu gündən start verilib. Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın müəllimləri və tələbələri Fəxri Qazaxlılar parkında olub, Xalq yazıçısının büstü önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla anıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq öncə dəyərli ziyalı, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti və öz adından dərin minnətdarlığını bildirib. Sözügedən Sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirib. Rayon rəhbəri Qərbin qapısı sayılan Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, hər zaman dövlətini, xalqını sevən Xalq yazıçısının 90 illiyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də ziyalımızın adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. Yubileylə bağlı Tədbirlər Planının hazırlandığını və Xalq yazıçısının büstü önündə keçirilən bugünkü tədbirin də həmin silsilə tədbirlərdən biri olduğunu söyləyib. AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tələbələri salamlayıb, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilində əziyyəti olan insanlara, rayon rəhbərliyinə razılığını ifadə edib. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə Prezidentinə ziyalılar adından təşəkkürünü çatdırıb. Xalq yazıçısı Yusif Səmədoğlunun dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinin, yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu sərəncamın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşən B.Vüsal onun yaradıcılığının bugünkü gənc yazarlara örnək olduğunu bildirib. Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək filial rəhbərliyi olaraq Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün böyük səylə çalışdıqlarını, yubileyə həsr olunmuş silsilə tədbirlərin, esse, inşa müsabiqələrinin, konfransın keçiriləcəyini qeyd edib. Bakı Dövlət Universitetinin Qazax filialının Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, İctimai və təbiət fənlər kafedrasında müəllim, Əməkdar müəllim İndira Vəliyeva çıxış edərək təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Filologiya fakültəsində təhsil alan tələbələrin Xalq yazıçısının yaradıcılığı ilə tanış olmaq, onu yaxından tanımaq, büstünü əyani şəkildə görmək üçün bugünkü ziyarətin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sonra rayon rəhbərliyi və tələbələr Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər. Tələbələrə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb. Gənclər Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin önündə Molla Pənah Vaqifin abidəsini də ziyarət ediblər. Gənclərə hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinin keçirildiyi, ənənəvi poeziya bayramına iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start verildiyi diqqətə çatdırılıb.
Facebook-da paylaş