Qazaxda akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar “Oftalmologiya aləmində ən yüksək mükafata layiq görülən ilk qadın” mövzusunda tədbir keçirilib
Aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı Sərəncam akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymət olmaqla onun elmi irsinin aktuallığını bir daha təsdiqləyir. Yubiley tədbirləri çərçivəsində keçirilən tədbirər, konfranslar elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır, tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirir. Çünki görkəmli oftalmoloq-alimin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir.
Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiya aləmində ən yüksək mükafata layiq görülən ilk qadın” mövzusunda tədbir keçirilib.
Mərkəzi Xəstəxananın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, tibb işçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd olunduğunu, bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu bildirib. Rayon rəhbəri Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirib. İcra başçısı Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyətinin təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb etdiyini və aktuallığını qoruduğunu vurğulayıb. İcra başçısı 2023-cü ilin Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri vurğulayıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. İcra başçısı ilk növbədə akademik Zərifə Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətini vurğulayıb. Qeyd edib ki, O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedir, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi. Bildirib ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub. İcra başçısı bildirib ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib. “Akademik Zərifə Əliyevanın ideyaları bu gün də yaşayır, elmimizin inkişafına xidmət edir, işıq saçır. Bu işıqdan hamıya pay çatır: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”, - deyən icra başçısı illər ötsə belə dəyərli akademikin unudulmayacağını qeyd edib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. S.Məmmədova bildirib ki, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, - deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Prezidentin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən biz səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar. Qeyd edib ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva. “Zərifə Əliyevanı xalqa sevdirən amillərdən biri onun təmannasız insan olması idi”, - deyən S.Məmmədova bu amilin hər bir həkim üçün bu gün də örnək olduğunu diqqətə çatdırıb. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyevanın həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyət olduğunu söyləyib. Qeyd edib ki, peşəkarlığı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə daim seçilmiş oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına real töhfələr verir. Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməmişdir. Yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, müxtəlif peşələrdən olan xəstələrin görmə qabiliyyətini bərpa etməkdədirlər. Bildirib ki, bu gün xalqımız zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün qan yaddaşına əbədi həkk etməklə, parlaq xatirəsini daim ehtiramla anır.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolundan söz açıb. Qeyd edib ki, görkəmli alim Zərifə Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. A.Nəbiyev çıxışında Azərbaycan xalqının böyük alimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın yüksək mənəviyyata malik, əsl Azərbaycan ziyalısı kimi mənalı ömür sürmüş dahi bir şəxsiyyət olduğunu söyləyib. Zərifə Əliyevanın yüksəkixtisaslı həkimlərin yetişməsində müstəsna rolunun xalqımız tərəfindən bu gün də unudulmadığını bildirib.
“Qazax Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in oftalmoloq həkimi Rahilə Əhmədova çıxış edərək bildirib ki, Zərifə xanım ömrünün parlaq səhifələrinə silinməz yaradıcılıq izləri qoymuşdur. Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi.
“Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika Şöbəsinin müdiri, oftalmoloq həkim Raqiyyə İsmayılova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Qeyd edib ki, Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxışına Ulu Öndərin Zərifə xanım haqqında söylədiyi dəyərli fikirlərlə başlayıb. Ulu Öndərin “Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan dünyaya gəlib, mənim həyatımı xoşbəxt edib. Eyni zamanda kədərli gündür, illər keçsə də bu qəmdən ayrılmaq olmur” fikirlərini bu gün hər kəsin yaxşı xatırladığını söyləyib. C.Hüseynova adı həmişə Vətənə sədaqət simvolu kimi qəlblərimizdə yaşayan Zərifə xanımın xalqı qarşısında, milli elmimizə göstərdiyi xidmətləri haqqında danışmağın çox böyük məsuliyyət tələb etdiyini bildirib. Qeyd edib ki, özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından biri olmuşdur. Zərifə xanım həm də tanrının sevdiyi, əbədiyaşarlıq haqqı verdiyi seçilmişlərdən idi. Çünki Əziz Əliyev kimi ictimai xadimin ailəsində dünyaya gəldi, onun verdiyi həyat dərsindən bəhrələndi. Vurğulayıb ki, elmi problemlərə dair çoxlu kitab yazsa da onun ən dəyərli kitabı qadın ürəyi, insan qəlbi haqqında qələmə almadığı, lakin bütün həyatı boyu yaratdığı kitab oldu. Hansı ki, qızıl hərflərlə yazılmış həkimlik, xanımlıq, analıq və nənəlik kimi səhifələri bu gün də əzizdir. Bu gün hər bir azərbaycanlı Zərifə xanımın qoyub getdiyi işığın nurunda yaşayır. O, təkcə tibb elmində silinməz izlər qoymadı, həm də bir xalqın, bir millətin varlığının qarantı olan şəxsiyyət yetirdi. Onun qoyub getdiyi zəngin irs var. Tibbi tədqiqatları, fundamental əsərləri yüksək mənəvi dəyərlərin varisləri. Tibbi tədqiqatları insanlığın xilası oldu, fundamrntal əsərləri həkimlərin bu gün də ən dəyərli stolüstü kitabına çevrildi, varisləri isə bütün Azərbaycanı dünyaya tanıtdıran ictimai siyasi xadimlər oldular. Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdırdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevrildi. Torpaq niskili ilə yaşayan, başını dik tuta bilməyən xalqının başını zirvələrə qaldırdı. 30 illik bir hüzn, kədəri öz nuru ilə aydınlığa çevirdi. Bir milyondan çox insanın yurd həsrətinə son qoyaraq Qarabağımızı öz doğma insanlarına qaytardı.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in oftalmoloq həkimi Xalidə İsayeva çıxış edərək bildirib ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Qeyd edib ki, Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Qeyd edib ki, biz oftalmoloqlar bu gün fəxr və qürur duyuruq ki, elə bir Azərbaycan xanımının, dəyərli akademikin peşəsinin davamçılarıyıq. Zərifə xanım Əliyevanın xatirəsi bizlər üçün əbədi və əzəli qalacaqdır!
“Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in oftalmoloq həkimi Məlahət Mustafayeva çıxışı zamanı qeyd edib ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara. Qeyd edib ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində həkim-terapevt Nəzrin Əliyeva çıxış edərək bildirib ki, elə şəxsiyyətlər, insanlar var ki, onların ömür yolundan danışarkən biz tarixi ənənələrin formalaşmasının iştirakçısı oluruq. Azərbaycan xalqı bu gün xoşbəxtdir ki, onun dövlətinin tarixində yaşayıb yaratmış Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər olub. N.Əliyeva bildirib ki, nə xoş mənə ki, Zərifə xanımın yetişdirdiyi həkimlərdən dərs almışam, həmin həkimlərin tələbəsi olmuşam. Universitetdə təhsil aldığı dövrdə də Zərifə xanımı hər zaman hörmət və ehtiramla andığını, tələbə yoldaşları ilə birlikdə dəyərli akademikin adına keçirilən tədbirlərdə iştirak etdiyini dilə gətirib. Bir gənc həkim kimi hər zaman Zərifə xanımın həyat və fəaliyyətindən örnək götürdüyünü vurğulayıb. Vaxtilə Zərifə xanımın söylədiyi “Bir həkim əsl həkim o vaxt olar ki, müalicə etdiyi xəstənin ağrısını öz ağrısı bilsin” fikrini hər an nümunə götürdüyü və iş fəaliyyətində tətbiq etməyə çalışdığını diqqətə çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş