Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir
Zərifə Əliyeva – 100-----------------------------------
2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli ziyalımızın anadan olmasının 100 illiyi respublikamızda böyük təntənə ilə qeyd olunacaq. Ölkə Prezidenti İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı 3 noyabr 2022-ci il tarixli Sərəncamı Əməkdar elm xadiminin Azərbaycan səhiyyəsinin, xüsusilə də oftalmologiya elminin inkişafı sahəsində gördüyü işlərin, misilsiz xidmətlərinin xalqımıza çatdırılmasında böyük töhfədir. Sərəncamda da qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın bu xidmətlərini gələcək nəsillərə, xüsusilə də gənc həkimlərə, oftalmoloqlara çatdırmaq üçün dövlət başçısının imzaladığı müfaviq Sərəncam mühüm əhəmiyyət kəsb edir.
Uzun illər göz həkimi kimi çalışdığı müddətdə neçə-neçə insana göz nuru bəxş etmiş Rəfiqə Əmiraslanova da Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd olunması haqqında ölkə rəhbərinin imzaladığı Sərəncamı minnətdarlıqla qarşılayır və səhiyyə işçiləri adından razılığını ifadə edir.
“Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. O işıq ki, gözlərə nur verirdi. Eyni zamanda, Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsi idi. Ən əsası isə bu işıqdan hər kəsə pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, və gözünün nurunu itirmiş neçə-neçə insana…”, - deyən Rəfiqə həkim dəyərli ziyalı haqqında ürək sözlərini bölüşməyin, fikir bildirməyin həm məsuliyyətli, həm çətin, həm də şərəfli bir missiya olduğunu qeyd edir.
Rəfiqə həkim Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayarkən həm də göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsinin canlandığını söyləyir. Eyni zamanda, Onun simasında nəcib Azərbaycan qadınını, vəfalı ömür-gün yoldaşını, fədakar ana obrazını gördüyümüzü vurğulayır. Rəfiqə həkim yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlərin Zərifə xanımın portretini tamamlayan əsas cizgilər olduğunu bildirir.
“Zərifə xanım üçün ailə dəyərləri, cəmiyyətimizdə mənəvi dəyərlərə sahib ailələrin olması mühüm əhəmiyyət kəsb edirdi”, - deyən Rəfiqə həkim bunu dəyərli ziyalımızın öz ailəsinin timsalında aydın şəkildə gördüyümüzü qeyd edir. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, Onun qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını Vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi.
Rəfiqə həkim qeyd edir ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, bu sahədə şərəfli yol keçmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Ən əsası da gənc oftalmoloqlar üçün bir məktəb və örnəkdir.
“Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti mənim üçün də örnəkdir. Tibb elminin inkişafı sahəsində olan xidmətlərini bu gün də unutmuram”, - deyən Rəfiqə həkim dəyərli ziyalımızla, Əməkdar elm xadimi ilə olan xatirələrini kövrək duyğularla belə xatırlayır:
- “Mən 1975-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) oftalmologiyadan kursda oldum. Həmin illərdə Zərifə xanım Əliyeva atasının adını daşıyan o möhtəşəm elm ocağında Göz xəstəlikləri kafedrasında işləyirdi. Mənim Zərifə xanımla tanışlığım və ilk oftalmoloji təcrübəm də elə bu illərdən başladı. Həmin illərdən başlayaraq Zərifə xanımla olan görüşlərdə Ondan oftalmologiyanın sirlərini dərindən öyrənməyə çalışdım. Zərifə xanım biz tələbələrlə çox isti münasibətdə olardı. O, göz xəstəliklərinin incəliklərinin tələbələr tərəfindən mənimsənilməsini, göz xəstəliklərinin diaqnozunun qoyulmasını, dəqiq müayinəsini, müalicəsini, xırda elementar hissələrini belə bizə yorulmadan başa salardı.
Zərifə xanım yumşaq xarakterli, insanları dinləməyi bacaran və kömək əlini uzadan bir insan idi. O, yaxşı insan, yaxşı həkim, yaxşı ana idi. Zərifə xanım ana qayğısını tələbələrindən də əsirgəmirdi, daim tələbələrinə öz doğma övladları tək can yandırardı. Həmin qayğının əyani şahidi olduğum üçün o anı bu gün də minnətdarlıqla xatırlayıram. Tələbələrdən bir neçəsi dərsə gecikərdi. Bunu bir neçə dəfə görən Zərifə xanım haqlı olaraq iradını bildirdi və niyə gecikmələrinin səbəbini soruşdu. Cavabında həmin gecikən tələbələr institutun yaxınlığında çörək köşkünün olmadığını, çörək almaq üçün uzaq məsafəyə getdiklərini və bu səbəbdən dərsə gecikdiklərini söylədilər. Səhəri gün biz tələbələr dərsə gələndə gördük ki, sözügedən ərazidə çörək köşkü qoyulub. Bu addımı ilə Zərifə xanım necə sadə, səmimi, qayğıkeş, ana nəvazişini biz tələbələrindən əsirgəməyən bir insan kimi yaddaşımıza əbədi həkk olundu”.
Rəfiqə həkim Zərifə xanımla bağlı xatirələrini aylara, illərə sığışdırmağın mümkün olmadığını söyləyir. Hər xatirənin onun üçün nə qədər əziz və doğma olduğunu vurğulayır, növbəti xatirəsini belə bölüşür:
- “2003-cü il 28 apreldə Heydər Əliyev və Zərifə xanım Əliyevanın Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 80 illik yubileyində dəvət ilə mən də iştirak etdim. Çox maraqlı bir tədbir keçirildi. Zərifə xanım Əliyevanın həyatı və elmi yaradıcılığı ilə bağlı çoxlu maraqlı çıxışlar oldu. Heydər Əliyev və Zərifə xanım Əliyevanın ilk tanışlığı və həyat salnaməsi ilə bağlı sənədli film göstərildi. Bu tədbirdən sonra 29-30 apreldə Azərbaycan Tibb Universitetində keçirilən Zərifə xanım Əliyevanın yubileyinə həsr olunmuş Dünya Oftalmoloqlarının Beynəlxalq Konfransında iştirak etdim. Bu konfrans da yaddaqalan anlarla yaddaşıma əbədi həkk olunub. 2010-cu ildə aprelin 28-29-da Zərifə xanımın yubileyi ilə əlaqədar Azərbaycan Tibb Universitetində Dünya Oftalmoloqlarının Beynəlxalq Konfransında, bu şərəfli ad günündə iştirakım da həyatıma unudulmaz anlarla yazılıb. Zərifə xanım haqqında söylənilən dəyərli fikirləri, xoş sözləri bu gün də qürurla xatırlayıram”.
Rəfiqə həkim bildirir ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər illər ötsə belə müasir dövrdə də öz aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır və bundan sonra da işıqlandıracaq.
Facebook-da paylaş