• Təqvim

  • Maraq



Şair Barat Vüsal: “Şuşa dünyanın həm uca, həm yüksək, həm də görkək yerlərindən biridir”


2020-ci il müasir, müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Bu gün də fəxrlə söyləyirik ki, 2020-ci ilin 27 sentyabrından başlayan və 10 noyabrda şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi hərb tariximizin zəfər salnaməsi kimi yaddaşlardan heç zaman silinməyəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə olan bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya hər zaman şahidi oldu ki, Azərbaycan Ordusu hər an düşməni məhv etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin İyul döyüşləri, 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri bir daha sübut etdi. Döyüşlərdə qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında tarixi ədalət bərpa olundu. Bu gün əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə sayəsində doğma Qarabağımızda, Şuşamızda, Xankəndimizdə, Xocalımızda, əzəli torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. 

Bu gün hər kəs işğaldan azad olunmuş torpaqlarımızda yeni çəkilən yollara, inşa olunan evlərə, obyektlərə, bir sözlə, aparılan abadlıq-quruculuq işlərinə baxıb qürur hissi keçirir. Qarabağa Böyük Qayıdışın sevincini yaşayır və buna görə Ali Baş Komandana, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə minnətdardır. 

8 noyabr 2020-ci ildə azadlığına qovuşan Şuşamızda bu gün müqəddəs azan səsi eşidilir, üçrəngli bayrağımız yüksəklərdə dalğalanır. Bu gün mədəniyyət paytaxtımız Şuşa “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi və digər mötəbər tədbirlərə ev sahibliyi edir, əvvəlki tək qonaqlı-qaralı günlərinə qayıdıb. 

Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılış tədbirində yaşananlar xoş anlar bu gün də qürurla xatırlanır. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyevin ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı verdiyi göstərişə əsasən saz, söz adamları yenidən poeziya bayramına toplaşırlar. İlk dəfə 1982-ci ilin iyulunda təşkil edilən söz-sənət bayramı 42 illik tarixi bir yol qət edib. Bu gün qürurverici olan odur ki. Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

Bəli, cari ilin iyulun 17-19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən növbəti Vaqif Poeziya Günləri də yaddaşlara xoş anlarla yazıldı. Rəsmilərin, ədəbiyyat, mədəniyyət, elm və incəsənət xadimlərinin, habelə Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçıların qatıldığı Poeziya bayramında kövrək, duyğulu, qürur dolu anlar yaşandı. Tədbirdə iştirak edənlər tərəfindən bu anı onlara bəxş edənlərə sonsuz minnətdarlıq ifadə olundu, canlarını Vətən yolunda fəda edən qəhrəman şəhidlərimiz ehtiramla anıldı.   


Artıq 4 ildir Vaqif Poeziya Günlərinin açılış tədbirlərində iştirak edən dəyərli ziyalımız Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal (Barat Alı oğlu Alıyev) da həmin tədbirdə yaşanan xoş anları qürurla izləyib, orada yaşanan gözəl dəqiqələrin canlı şahidi olub. 

GOYEZEN.AZ internet portalı olaraq şair Barat Vüsalın səsləndirdiyi dəyərli fikirləri, qiymətli sözləri, yaşadığı xoş anları özündə əks etdirən çıxışını təqdim edirik. 

Dördüncü dəfədir ki, Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edən şair Barat Vüsal hər zaman olduğu kimi, bu gün də Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, Vətən, yurd yolunda sağlamlığını itirən qazilərimizə, canlarından keçən şəhidlərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Növbəti dəfə Şuşada olmaqdan qürur duyan şair Barat Vüsal Şuşanı alan oğullarımızın var olduğu müddətcə Şuşanın da var olacağını qürur hissi ilə bir daha dilə gətirib. Azad Şuşamızda keçirilən mötəbər tədbirlərlə, yaşanan xoş anlarla şəhidlərimizin ruhunun hər zaman şad olacağını söyləyib. Və ürək sözlərini “Şuşanı alan oğullar!” şeiri ilə tamamlayıb:

Gözlərimdə Koroğludur,
 Mustafa bəy, yurd oğludur.
 Bu Vətənin bir oğludur,
 Qələbə çalan oğullar,
 Şuşanı alan oğullar!

 

Atillatək qırmancdılar,
 Qayalara dırmaşdılar.
 Sıldırımdan yol açdılar,
 Qardaşım, balam oğullar,
 Şuşanı alan oğullar!

 

Əzizdi Torpaqdan ötrü,
 Doğma od-ocaqdan ötrü.
 Şuşanı almaqdan ötrü,
 Anadan olan oğullar,
 Şuşanı alan oğullar!

 

Çaxıb şişməyə döndülər,
 Çıxıb çiçəyə döndülər,
 Axır Şuşaya döndülər,
 Ölməyib... ölən oğullar,
 Şuşanı alan oğullar!

 

Qüvvət alıb nərəsindən,
 Gah Daşaltı dərəsindən,
 Gah Kirs dağın zirvəsindən,
 Deyirəm: salam, oğullar,
 Şuşanı alan oğullar!

 

Mizan yox, bu Mizan təki,
 Ehsan yox, bu Ehsan təki,
 Ay özləri Əzan çəkib,
 Namazı qılan oğullar,
 Şuşanı alan oğullar!

 

Bu Vətənə qulluq edin,
 Yurdu oba-elli edin.
 Haqqınızdı, "Yallı" gedin,
 "Cıdır düzü"ndə o ki, var,
 Şuşanı alan oğullar!



Facebook-da paylaş