• Təqvim

  • Maraq



Qazaxda rayonda fəaliyyət göstərən Dini işlər üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib


Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.

Şükürlər olsun ki, Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Builki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda və digər azad olunmuş torpaqlarda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Ağdam, Zəngilan məscidlərinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədaları biz, Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar ibadətlərini doğma məkanlarda yerinə yetirirlər. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş, Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın müəllifi adını qazanmış dövlət başçımız cənab İlham Əliyev, bu çətin yolda yaxın yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün Azərbaycan xalqı dualar edir, Uca Allahdan onların səylərinə rəvac diləyir. Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca Şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Şəhidliyin zirvəsi sayılan İmam Hüseyn şəhadətinin anıldığı Məhərrəmlik təziyələrində müqəddəs Vətən torpağı uğrunda canından keçmiş Vətən şəhidlərini də yad edib dua etmək iman borcumuzdur.


İyulun 11-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Dini işlər üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Dini işlər üzrə komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən imamlar və dini icma sədrləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən iclasın əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bugünkü iclasın əsas məqsədinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Məhərrəm ayının başlanması ilə əlaqədar müraciətini və tövsiyəsini diqqətə çatdırmaq olduğunu bildirib. 


Görüşdə vurğulanıb ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciətində qeyd edildiyi kimi, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Bölgələrdəki din xadimlərinin qeyd olunan tövsiyələri dindarlara çatdırmaları vacibdir.        

https://www.qafqazislam.com/index.php?lang=az&sectionid=news&id=3302 

 

https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/meherremlik-merasimi-ile-bagli-tovsiyeler



Facebook-da paylaş