Qazaxda 10 iyun tarixindən etibarən ibadət yerlərinin fəaliyyətə başlaması ilə bağlı iclas keçirilib
Hər kəsə yaxşı məlumdur ki, cari ilin mayın 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyətin sabitləşdiyi, xəstələrin sayının azaldığı, gündəlik yoluxmaların demək olar ki, sabitləşdiyi qeyd olundu. Bu səbəbdən 31 may və 10 iyun 2021-ci il tarixlərindən etibarən xüsusi karantin rejimi qaydalarında bir sıra yumşalmalar tətbiq edildi. 10 iyun tarixindən etibarən isə ibadət yerlərinin fəaliyyətinə icazə verilir.
İyunun 8-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydalarla bağlı iclas keçirilib. Dövlət və din münasibətlərinin də söhbət açıldığı iclasda icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən dindarlar iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Burada yaşayan ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmamışlar. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur, ölkəmiz bir çox beynəlxalq konfranslara ev sahibliyi edir.
Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də yeni mərhələnin başladığını, din sahəsinə xüsusi qayğı göstərildiyini, yeni ibadət ocaqlarının inşa olunduğunu qeyd edib. Ümummilli Liderin davamlı olaraq dini ibadət ocaqlarını ziyarət etdiyini, din xadimləri və dini icma rəhbərləri ilə görüşdüyünü vurğulayıb.
İcra başçısı bildirib ki, Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulmuşdur.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin bu gün onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, böyük uzaqgörənliklə və uğurla davam etdirildiyini, ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə xüsusi diqqət göstərildiyini söyləyib. Dövlət başçısının bilavasitə diqqət və qayğısı ilə ölkədə yüzlərlə məscidin, sinaqoqun inşa edildiyini, əsaslı bərpa olunduğunu, müqəddəs ziyarətgahların yenidən qurulduğunu, yeni dini təhsil ocaqlarının yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına verilən böyük önəmin göstəricilərindən biri də Respublika Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun, 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə yeni təhsil müəssisəsinin – Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. İnstitutun təsis edilməsində əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
İcra başçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atdığını bildirib. Son illər Fondun xətti ilə bir çox dini abidələrin, o cümlədən, 2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işlərinin aparıldığını, 2006-cı ildə Gəncədəki Həzrəti Zeynəb məscidinin yenidən qurulduğunu, 2007-ci ildə Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində, 2008-ci ilin sentyabrında Bakıdakı Müqəddəs Məryəm kilsəsində, 2007–2009-cu illərdə Buzovna qəsəbəsindəki Cümə məscidində, 2012–2013-cü illərdə Binə qəsəbəsindəki İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidlərində əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qeyd edib. 2010–2013-cü illər ərzində Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. 2020-ci ilin noyabrında Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilmişdir. Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işlərinin aparılması, Gəncədəki İmamzadə kompleksinin Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları ilə yenidən qurulması, Qafqazın ən böyük məscidi hesab edilən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidinin, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşası və dini qurumlara dövlət büdcəsindən mütəmadi olaraq maliyyə vəsaitinin ayrılması xalqımızın ən yeni tarixinin şanlı səhifələrindəndir.
Rayon rəhbəri Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən də söz açıb. Qeyd edib ki, şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.
İcra başçısı bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən, işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. 44 məbəd və 9 məscid təhqir edilib. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Mənfur düşmənin talan etdiyi, saxta izlər saldığı və yiyələnmək istədiyi belə məbədlərdən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisindəki Xudavəng və ya Dədəvəng kompleksidir.
Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, ermənilər noyabrın 25-dək Kəlbəcəri təhvil verməli idilər. Lakin bu müddət ərzində də öz naqis əməllərindən çəkinməyən ermənilər tarixi abidələrimizə ziyan vurmaqda davam etdilər. Xudavəng monastrı da bu vandallığın qurbanlarından oldu. Belə ki, onlar Kəlbəcərdən köç ərəfəsində monastrın zənglərini, xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana apardılar.
Rayon rəhbəri işğaldan azad olunmuş bölgələrimizə edilən səfərlərdən də söz açıb. Qeyd edib ki, Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.
2020-ci il noyabrın 23-də Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.
26 aprel 2021-ci il tarixdə Zəngilan məscidində olmuş, məscidin müvcud vəziyyəti və görüləcək işlər müzakirə edilmişdir.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş "Qurani-Şərif” kitabları hədiyyə verib, dualar ediblər.
İcra başçısı dini inanc yerlərimizə diqqət və qayğıdan başqa ölkə Prezidentinin din xadimlərinin əməyini də yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan Respublikasının "Şərəf”, "İstiqlal” və "Şöhrət” ordenlərinə layiq görülüb.
İcra başçısı 44 günlük müharibə zamanı din xadimlərinin də daim ön cərgədə durduqlarını, şəhidlərimizin pak nəşlərini uğrunda şəhid olduqları Vətən torpağına təslim edərkən müqəddəs kitabın "Vətəni sevmək imandandır” prinsipini rəhbər tutaraq döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdiklərini qeyd edib. Bu yuxusuz və ağır, şərəfli günlərdə bütün gücünü qələbə üçün səfərbər edən din xadimlərimizin ordu komandanlığı, siyasi rəhbərlik tərəfindən Təşəkkürnamələrə layiq görüldüyünü də diqqətə çatdırıb.
İcra başçısı Qazaxda da din xadimlərinin şəhidlərin dəfn, yas mərasimlərində yüksək səviyyədə iştirak etdiklərini və şəhid ailələrinin dərdinə şərik olduqlarını söyləyib, onlara təşəkkürünü bildirib.
İcra başçısı daha sonra Azərbaycanda pandemiyaya qarşı görülən işlərdən danışıb. Bildirib ki, dini mərkəzlərin ibadətə açılması xüsusi əhəmiyyət daşıyır. Dindarlar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməlidirlər. Yalnız bu yolla pandemiyaya qalib gəlmək olar.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmovçıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə 14 mart 2020-ci il tarixdən saat 00:00-dan ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunmuşdur. Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılmış, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunmuşdur. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə 18 mart 2020-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Əmrə əsasən Qafqaz Müsəlmanları İdarəsi və onun strukturlarında infeksiya ilə mübarizə və sosial izolyasiya tədbirlərinə riayət olunması vəziyyətinə nəzarətin təşkili, bu sahədə tədbirlərin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti uzadılmış və bəzi məhdudiyyətlər aradan qaldırılmışdır. COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında uyğun olaraq məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydalarla bağlı 02.06.2021-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən iclas keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dindarlarımızın müəyyənləşdirilmiş qaydalara riayət edəcəyini və həyatın öz əvvəlki axarına dönəcəyini qeyd etmişdir.
C.Rüstəmov daha sonra COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalar haqqında geniş məlumat verib.
Qeyd edib ki:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının 2.2.1-ci yarımbəndinə uyğun olaraq dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir.
2. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.
3. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.
4. Məscid və digər ibadət yerlərinə gələn şəxslər:
• Mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər;
• İbadət yerində olarkən onların arasındakı məsafə 4 (dörd) bir tərəfdən minimum 1,5 (bir metr yarım) metr, sahə imkan verdikdə isə daha çox olmalıdır;
• Məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər;
• İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.
5. Məscid və digər ibadət yerləri:
• Bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır;
• Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir;
• İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır;
• İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.
Çaylı kənd dini icmasının sədri Sahilə Orucova, dindarlardan Fazil Süleymanov və başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı üçün daim dualar etdiklərini qeyd ediblər. İcra başçısı ilə səmimi söhbət edən dindarlar rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə bir daha minnətdarlıqlarını bildiriblər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər. Üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını, xüsusi karantin rejimi qaydalarının tələblərini yerinə yetirəcəklərini qeyd ediblər. Dini ibadət yerlərinin açılmasını razılıq hissi ilə qarşılayan dindarlar buna görə ölkə başçısına bir daha sonsuz təşəkkürlərini çatdırıblar.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri Süleymanov İlham Alı oğlu, Qazax Cümə Məscidinin imamı Budaqov Zaur Bəhmən oğlu Qazax rayonu üzrə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş mərasimlərdə dini ayinlərin icra və təşkil edilməsində göstərdikləri xidmətlərə görə, Qazax rayonu Dəmirçilər kənd sakini Nəsirov Allahverdi Camal oğlu isə rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha dindarlara və səlahiyyətli nümayəndələrə dini ibadət yerlərində müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş