• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət sabitləşib


Bildiyiniz kimi, mayın 25-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirildi.

Brifinqdə hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyətin sabitləşdiyi, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayının azaldığı, gündəlik yoluxmaların demək olar ki, sabitləşdiyi qeyd olundu. Bu səbəbdən 31 may və 10 iyun 2021-ci il tarixlərindən etibarən xüsusi karantin rejimi qaydalarında bir sıra yumşalmaların tətbiq ediləcəyi bildirildi. 

31 may tarixindən etibarən:

· Açıq məkanlarda maska taxılması tələbi ləğv olunur;

· Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur;

· Regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

10 iyun tarixindən etibarən:

· İbadət yerlərinin fəaliyyətinə icazə verilir;

· İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur;

· İdman müəssisələrinin fəaliyyətinə icazə verilir.

Brifinqdə yanvarın 18-dən etibarən bu günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulduğu, 850 mindən çox vətəndaşın vaksinasiyanı tamamladığı, 1 milyona yaxın vətəndaşımızda isə peyvənd vasitəsilə immunitet formalaşdığı qeyd edildi.

Brifinqdə də söylənildiyi kimi, Azərbaycanda COVID pasportu tətbiq olunacaq. COVID pasport iki sertifikatdan ibarətdir. Birincisi peyvəndlənmə sertifikatıdır. Bu, vaksinin hər iki dozasını alan şəxslərə verilir. İkincisi isə immunitet sertifikatıdır. Bu sertifikat xəstələnib sağalmış insanlara tətbiq olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir.

Onu da bildirək ki, qeyd edilən sertifikatlardan birinin olması idman-sağlamlıq obyektlərinə girişə icazə verir. COVID pasportu olmayan insanlar hələlik idman, sağlamlıq-bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər.

 

Eyni zamanda, COVID pasportu ilkin olaraq idman mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə bu pasporta malik şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Söhbət konsert, teatr, kinoteatr, nəhayət, toy və digər tədbirlərdən gedir.

Brifinq zamanı söylənilən fikirlərdən də aydın olur ki, vətəndaşların vaksinasiya olunması, COVID pasportun olması olduqca vacibdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən əhalinin peyvənd olunması da həm onların sağlamlığının qorunmasına, həm də gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 55 min 321 doza vaksin vurulub. Birinci doza vaksin vurulmuş şəxslərin sayı 32 min 458 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayı isə 22 min 863 nəfərdir.

GOYEZEN.AZ



Facebook-da paylaş