Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyəti müzakirə edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ
Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin
köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77
şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və
dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər. Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi
tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin
qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən
sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin
gücləndirilməsinə ehtiyac olduğu bildirilmişdir. Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində
bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd
edib. Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq
statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə
nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda
utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və
qüsursuz icra olunması tələbini qoymuşdur.
Facebook-da paylaş