Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi
karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib. Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi
Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət
Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat
naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay
Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari
Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68
şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları,
daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin,
rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak
ediblər. Baş Nazir qeyd edib ki, Prezident
İlham Əliyev avqustun 06-da keçirdiyi video müşavirədə hökumət və
müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi
tapşırıq verib. Baş Nazir Əli Əsədov bildirib
ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi
fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal,
ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar
qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar
müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir. Baş Nazir vurğulayıb ki, iqtisadi
aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır.
Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir. Qəbul olunmuş qaydalara əməl
olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra Hakimiyyətləri, hüquq-mühafizə
orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş
sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara
görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olunub ki, şəhər və
rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər
və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da
gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən
nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə
edəcək. Müşavirədə son bir ay ərzində bütün
ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə
olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər
səsləndirildi. Karantin qaydalarına riayət edilməsi
üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə
olundu. nk.gov.az
Facebook-da paylaş