Bildiyiniz
kimi, mayın 25-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin
müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)
xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın
iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirildi.
Brifinqdə
hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyətin sabitləşdiyi, xəstələrin,
xəstəxanalarda olan xəstələrin sayının azaldığı, gündəlik yoluxmaların demək
olar ki, sabitləşdiyi qeyd olundu. Bu səbəbdən 31 may və 10 iyun 2021-ci il
tarixlərindən etibarən xüsusi karantin rejimi qaydalarında bir sıra
yumşalmaların tətbiq ediləcəyi bildirildi.
31 may tarixindən etibarən:
· Açıq məkanlarda maska taxılması tələbi ləğv olunur;
· Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur;
· Regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa
olunur.
10 iyun tarixindən etibarən:
· İbadət yerlərinin fəaliyyətinə icazə verilir;
· İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur;
· İdman müəssisələrinin fəaliyyətinə icazə verilir.
Brifinqdə yanvarın 18-dən etibarən bu
günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulduğu, 850
mindən çox vətəndaşın vaksinasiyanı tamamladığı, 1 milyona yaxın vətəndaşımızda
isə peyvənd vasitəsilə immunitet formalaşdığı qeyd edildi.
Brifinqdə də
söylənildiyi kimi, Azərbaycanda COVID pasportu tətbiq olunacaq. COVID pasport iki sertifikatdan ibarətdir.
Birincisi peyvəndlənmə sertifikatıdır. Bu, vaksinin hər iki dozasını alan
şəxslərə verilir. İkincisi isə immunitet sertifikatıdır. Bu sertifikat
xəstələnib sağalmış insanlara tətbiq olunur. Hər iki sertifikatın üzərində QR
kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir.
Onu
da bildirək ki, qeyd
edilən sertifikatlardan birinin olması idman-sağlamlıq obyektlərinə girişə
icazə verir. COVID pasportu olmayan insanlar hələlik idman, sağlamlıq-bərpa
obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər.
Eyni
zamanda, COVID pasportu ilkin olaraq idman mərkəzlərində tətbiq olunacaq. Amma
gələcəkdə bu pasporta malik şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək.
Söhbət konsert, teatr, kinoteatr, nəhayət, toy və digər tədbirlərdən gedir.
Brifinq zamanı söylənilən
fikirlərdən də aydın olur ki, vətəndaşların vaksinasiya olunması, COVID
pasportun olması olduqca vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci
il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na əsasən əhalinin peyvənd olunması da həm onların sağlamlığının
qorunmasına, həm də gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir.
Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının
qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına
nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi
isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da
vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də
ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda
da əhalinin peyvənd olunması prosesi uğurla davam edir. Vaksinasiya
prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 55 min 321 doza
vaksin vurulub. Birinci doza vaksin vurulmuş şəxslərin sayı 32 min 458 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayı isə 22
min 863 nəfərdir.
GOYEZEN.AZ
Geri qayıt
|