Qazaxda “COVID-19: İnfeksion nəzarət və profilaktika” mövzusunda təlim keçirilib
Avqustun
24-də Qazaxda İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin nəzdində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik
Hüquqi Şəxsin (TƏBİB) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM)
birgə təşkilatçılığı, UNİCEF və "Ümidli Gələcək” İctimai Birliyinin texniki,
Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "COVID-19: İnfeksion nəzarət
və profilaktika” mövzusunda təlim keçirilib. Təlimdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin
müdiri İlyaz İsmayılov, RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, "Qazax Rayon Mərkəzi Xəstəxanası”
Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, "Qazax Müalicə
Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov, Qadın məsləhətxanasının,
Uşaq poliklinikasının, Doğum evinin, Uşaq xəstəxanasının həkimləri, tibb işçiləri,
qadınlara tibbi xidmət göstərən inzibati və kliniki mütəxəssislər iştirak ediblər.
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin
mütəxəssisi Gülnarə Yusifovanın, Elmi-Tədqiqat
Mamalıq və Ginekologiya İnstitutunun cərrah-mama-ginekoloqu, tibb elmləri
üzrə fəlsəfə doktoru, dosent Xəyalə Təhməzinin, İSİM-in ictimai sağlamlıq üzrə həkim-metodisti
Vəfa Ağayevanın və Mərkəzin meneceri Fərid İsrafilzadənin iştirakı ilə təşkil
olunmuş təlim həkim və tibb işçiləri tərəfindən də razılıqla qarşılanıb. Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi Gülnar Quluyeva çıxış edərək qonaqları
və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, təlimə ilk
olaraq sərhəd rayonu olan Qazaxdan başlanılmasına görə təşkilatçılara minnətdarlığını
bildirib. G.Quluyeva Azərbaycanda COVID-19 pandemiyasına yoluxanların
sayının mart ayından başlayaraq artmasına baxmayaraq Respublika Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus
infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə məqsədyönlü
mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. G.Quluyeva qeyd edib ki, bu gün 46 xəstəxana
ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17
il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz
olunub. Bundan əlavə, modul tipli xəstəxanaların tikintisi təşkil edilərək bu
günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar
Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300
çarpayılıq xəstəxana isə yaxın günlərdə istifadəyə veriləcək ki, bu, əlavə 2100
çarpayı deməkdir. Həmçinin, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi
məsələləri həll edilərək qısa müddət ərzində hazır vəziyyətə gətirildi. G.Quluyeva
bu il martın 3-də ölkə başçısının iştirakı ilə açılışı olan 145 çarpayılıq
Qazax Rayon Mərkəzi Xəstəxanasının da karantin xəstəxanası kimi, Qazaxdan, eləcə
də digər qonşu rayonlardan olan koronaviruslu xəstələrin müalicəsi üçün
ayrıldığını diqqətə çatdırıb. Pandemiya ilə mübarizədə dövlət başçısının səhiyyə
işçilərinin əməyini yüksək qiymətləndirməsini, ölkə başçısının öz çıxışında səhiyyə
işçilərinin əməyi haqqında yüksək fikirlər səsləndirməsini bu sahədə çalışan
insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. G.Quluyeva COVID-19
pandemiyası ilə mübarizədə səhiyyə işçilərinin əməyinə verilən qiymətin daha
bir bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin "Yeni növ
koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” imzaladığı 18 mart
2020-ci il tarixli sərəncamını göstərərək Prezident tərəfindən səhiyyə
işçilərinin əməyinə verilən yüksək qiymət kimi qeyd edib. Həmin sərəncamla tibb
işçilərinin əməkhaqlarının aldıqları maaşın 3 misli qədər artırılmasını,
hazırda müddətin yenidən uzadılmasını təkcə tibb işçilərinə qayğı kimi deyil, həm
də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da
qayğı kimi qiymətləndirib. G.Quluyeva Qazax Rayon Mərkəzi Xəstəxanasının
Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərin və tibb işçilərinin əməyinin
rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onların Qazax Rayon İcra
Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunduğunu, həmçinin, mükafatlandırıldıqlarını diqqətə
çatdırıb. G.Quluyeva ölkəmizdə COVID-19 pandemiyası ilə
mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin Qazaxda da
uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan
30 mobil qrupun fəaliyyət göstərdiyini bildirib. Tərkibində bir nəfər DİN əməkdaşı
olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİH başçısının İnzibati
Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların
nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvlərinin rayon ərazisində
xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət
etdiyini, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının
qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların
qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparıldığını
bildirib. Həmin mobil qruplar tərəfindən əhalinin kütləvilik təşkil etdiyi yerlərdə,
ticarət obyektlərində, ictimai nəqliyyatda vətəndaşlarla sosial məsafənin gözlənilməsi,
tibbi maskadan istifadənin vacibliyi barədə mütəmadi olaraq maarifləndirici
söhbətlər aparıldığını bir daha vurğulayıb. Rayon rəhbərliyinin və
hüquq-mühafizə orqanları rəhbərlərinin bilavasitə iştirakı ilə rayonda toy, nişan,
yas mərasimlərinin keçirilməsinin daim nəzarət altında saxlanıldığını, reydlər
keçirildiyini və bu sahədə mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini
qeyd edib. "Qazax Rayon Mərkəzi Xəstəxanası”
Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək
qonaqları salamlayıb, bu cür təlimin təşkilinə görə əməyi keçən insanlara, tədbirin
təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışaraq Qazaxda
da həmin tədbirlərin uğurla həyata keçirildiyini vurğulayıb. Sonra TƏBİB-in Xəstəliklərin kontrolu və
profilaktikası departamentinin mütəxəssisi Gülnarə Yusifova çıxış edərək
yeni növ COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları,
COVID-19 virusuna dair laboratoriya tədqiqatları: laborator müayinə
materialının toplanması, qablaşdırılması və nəqli, xəstələrin çeşidlənməsi və
erkən aşkarlanması, izolyasiya metodları haqqında ətraflı və dolğun məlumatlar
verib. Həmçinin, İSX müəssisələrində və xəstəxanalarda COVID-19 virusuna dair
standart və spesifik yoluxma hallarına əsaslanan qorunma qaydaları, ötürülmə
yollarına əsaslanan FQV-dən düzgün
istifadə qaydaları, COVID-19 virusunun səhiyyə xidməti işçilərinə yoluxmasının
qarşısının alınması strategiyası haqqında olan məlumatları slayd vasitəsilə təlim
iştirakçılarının diqqətinə çatdırıb. İSİM-in ictimai sağlamlıq üzrə həkim-metodisti Vəfa
Ağayeva "İctimai səhiyyə” mövzusunda çıxış edərək bu barədə geniş və dolğun məlumatlar
verib. İSX səviyyəsində risk hallarının kommunikasiyası və icmaların cəlb edilməsinin
vacibliyi, icmaların və fərdi şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq məqsədilə
məlumatlandırma yolları, COVID-19-a dair preventiv tədbirlər və cavab vermə:
infeksiyanı azaltmaq və sağlamlığı dəstəkləmək strategiyaları təlim
iştirakçılarına ətraflı şəkildə izah olunub. Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun cərrah-mama-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə
doktoru, dosent Xəyalə Təhməzi çıxış edərək təlimin təşkilində
göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. "COVID-19
pandemiyası dövründə ana və uşaq sağlamlığına dair” mövzuda çıxış edən X.Təhməzi
mövzu ilə bağlı dolğun məlumatlar çatdırıb. COVID-19 pandemiyası dövründə
antenatal xidmətin təşkili, doğuşa yardım xidmətinin təşkili, pediatrik xidmətin
təşkili istiqamətində görülməsi vacib olan işlər haqqında ətraflı məlumat
verib. COVID-19-un hamiləlik dövründə həkim müayinələrinə təsiri, COVID-19:
düşüklərə və anadangəlmə qüsurlara səbəb olurmu, COVID-19: vaxtından əvvəl
doğum və ölüdoğulma halları, COVID-19 pandemiyası zamanı doğuş zallarının idarə
olunması, ağır vəziyyətdə olan hamilələrə doğuş vaxtının təyini və s. mövzular
geniş şəkildə müzakirə olunub. Sonda təlim iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş