Qazaxda çoxmənzilli binalarda görülən işlərlə bağlı iclas keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazaxda son 3 ildə böyük sürətlə həyata keçirilən tikinti-quruculuq işlərinin siyahısında rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verilir. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrinə, imzaladığı müvafiq sərəncamlara uyğun olaraq Qazaxda vətəndaşların sosial rifah halı ilə yanaşı mənzil-məişət şəraiti də yaxşılaşdırılır. 2016-cı ildən start götürən və vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub. Yerdə qalan 41 binada da təmir işləri uğurla yerinə yetiriləcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində təmir işləri aparılan, eləcə də təmir olunması nəzərdə tutulan çoxmənzilli yaşayış binaları ilə bağlı iclas keçirilib. Aidiyyəti şəxslərin, briqadirlərin iştirakı ilə keçirilən iclasda təmirlə bağlı mövcud vəziyyət müzakirə olunub.
İclasda təmir işləri yekunlaşmaq üzrə olan Heydər Əliyev prospektində yerləşən doqquzmərtəbəli 179 saylı və Bakı küçəsi 1-də yerləşən beşmərtəbəli binaların bloklarında bütün işlərin başa çatdığı, yalnız xarici fasadlarında rənglənmə işinin qaldığı bildirilib. Həmçinin, Azadlıq 151, Ş.Çobanov 15-də də təmir işlərinin aparıldığı qeyd olunub.
Şəhərin mərkəzində yerləşən Azadlıq 92, Ş.Xiyabani 12 və 14, H.Əliyev 127 saylı binalarda da təmir işlərinə başlanılacağı vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən yaşayış binalarının təmiri vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, yeni iş yerlərinin yaradılması, burada çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir. İcra başçısı bildirib ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən biri də çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır ki, bu sahədə görülən işlər Qazaxda uğurla həyata keçirilir. Rayon rəhbəri bu günə kimi keyfiyyətlə görülən işlərin bundan sonra da eyni qaydada davam etdiriləcəyini qeyd edib və bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verib.
GOYEZEN.AZ
Facebook-da paylaş