ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Azərbaycanın igid, cəsur oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Mərd oğullarımız öz doğma torpaqlarını həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Döyüş meydanında öz qanları ilə tarix yazan oğullarımız adlarını hərb tariximizə əbədi həkk edərək Şəhidlik adlı uca bir zirvəyə yüksəlmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Bütün döyüşlərdə igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərib, şərəfli bir iz qoyub gediblər. Odur ki, hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Alı Eminovun, baş leytenant Xaliddin Nəsibovun, Dursun Allahverənovun, çavuş Çərkəz Həsənovun, Vüqar Həsənovun, Məhəmməd Qəhrəmanovun, İsmayıl Musayevin, əsgər Anar Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik.
Eminov Alı Məhəmməd oğlu
Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu
Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.
Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub.
Allahverənov Dursun Vəli oglu
Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.
Çavuş Həsənov Çərkəz Muxtar oğlu
Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayon Polis şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur.
Həsənov Vüqar Eldar oğlu
Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, 9-cu sinifi bitirdikdən sonra Xanlıqlar kəndində 10-11-ci sinifi oxumuşdur. Eyni zamanda, Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qəhrəmanov Məhəmməd Maksim oğlu
Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.
Musayev İsmayıl Ürfət oğlu
Musayev İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə 8-ci sinifi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər. Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Cəfərli və Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci il iyul ayının 20-də Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşmuş və 19 yaşında Şəhidlik zirvəsinə ucalmışdır.
Əsgər Vəliyev Anar Həmzə oğlu
Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.
Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş