• Təqvim

  • Maraq



Qazax RİH-də keçirilən görüşdə sığortanın əhəmiyyəti, faydaları və vətəndaşlar üçün üstünlüklərindən söhbət açılıb


Hər kəsə yaxşı məlumdur ki, son günlər respublikanın əksər bölgələrində olduğu kimi, qərb bölgəsində baş verən çoxsaylı təbiət hadisələri – dolu, güclü yağışlar və sel-subasma əkin sahələrinə və digər aqrar təsərrüfatlara, o cümlədən çoxmənzilli yaşayış binalarına, fərdi yaşayış evlərinə böyük zərər vurdu. 20 iyun 2024-cü il tarixdə respublikanın qərb bölgəsində əsən güclü külək və yağan yağışlar səbəbindən Qazax rayonunda yaranmış ciddi fəsadlar sığorta olunmanın əhəmiyyətini, istər fərdi təsərrüfat, istərsə də daşınmaz əmlak olsun sığortlanmanın vətəndaşın köməyinə çatdığını bir daha gündəmə gətirdi. 

İyulun 2-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə məhz bu mövzuda söhbət açılıb. Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsimi, idarə, müəssisə rəhbərləri, Qazax RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, iri sahibkarlıq obyektlərinin rəhbərləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən görüşün əhəmiyyətindən söz açıb. İcra başçısı 20 iyun 2024-cü il tarixdə respublikanın qərb bölgəsində əsən güclü külək və yağan yağışlar səbəbindən Qazax rayonunda yaranmış ciddi fəsadlardan, həmin fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərdən ətraflı söz açıb. Rayon rəhbəri vurğulayıb ki, iyunun 20-də baş vermiş təbii fəlakət bir daha onu sübut etdi ki, bu cür hallar qaçılmazdır. Son günlər iqlim dəyişikliyi ilə bağlı bu cür hadisələrin hər an təkrarlana biləcəyini qeyd edən rayon rəhbəri bu baxımdan istər təsərrüfatların, istərsə də daşınmaz əmlakın sığorta olunmasının vacib bir məsələ olduğunu bildirib. İcra başçısı sığortanın əhalinin təbii fəlakətlərə, yanğın, eləcə də digər təhlükəli risklərə qarşı müdafiəsi üçün zəruri olduğunu söyləyib. İcra başçısı təbii fəlakət, eləcə də digər baş verə biləcək hadisələr zamanı təsərrüfatların, daşınmaz əmlakın, mənzillərin, yaşayış evlərinin sığortasının vacibliyini nəzərə alaraq vətəndaşlar arasında maarifləndirmə tədbirlərinin aparılmasını, onlara sığortanın faydaları barədə məlumat verilməsini diqqətə çatdırıb, bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 


“Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsimi çıxış edərək bugünkü görüşə görə rayon rəhbərliyinə razılığını ifadə edib. “Paşa Sığorta” ASC olaraq hər zaman vətəndaşların yanında olduqlarını söyləyib. S.Nəsimi hazırda Qazax rayonunda mindən çox vətəndaşın öz əmlakını məhz “Paşa Sığorta” ASC-də sığorta etdirdiyini söyləyib. Natiq daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("Çıxarış") tələb olunduğunu diqqətə çatdırıb. S.Nəsimi “Paşa Sığorta” ASC-də əmlakı sığorta olunmuş 4 nəfər vətəndaşın fərdi yaşayış evinə, mənzilinə 20 iyun 2024-cü il tarixdə Qazaxda əsən güclü külək və yağan yağışlar səbəbindən zərər dəydiyini, hazırda dəymiş zərərin qiymətləndirmə işlərinin aparıldığını, bu barədə vətəndaşlara məlumat verildiyini, yaxın zamanda dəymiş zərərin müqabilində müəyyən edilmiş məbləğlərin zərər çəkənlərə ödəniləcəyini qeyd edib.

Əmlakını “Paşa Sığorta” ASC-də sığortalatmış Dəmirçilər kənd sakini Gülsüm Abbasova da sığortanın əhəmiyyətindən söz açıb. “Bir neçə il əvvəl baş vermiş təbii fəlakət zamanı həyətimdəki çardağıma ciddi ziyan dəymişdi. Vaxtında sığorta etdirmədiyim üçün bütün zərəri özüm qarşılamalı oldum. Lakin bu il daşınmaz əmlakımı “Paşa Sığorta” ASC-də sığortalatdım. Son günlər baş vermiş təbii fəlakətdən zərər çəkənlərdən biri də mənəm. Bu gün sığorta olunmanın faydasını görürük. “Paşa Sığorta” ASC tərəfindən evimizdə dəymiş zərərlə bağlı qiymətləndirilmə aparıldı və yaxın zamanda müəyyən olunmuş məbləğin köçürüləcəyi bildirildi. Bir daha əmin olduq ki, istər təsərrüfatı, istərsə də daşınmaz əmlakımızı sığorta etdirmək biz vətəndaşlara kömək edir”, - deyə G.Abbasova fikirlərini çatdırıb və hər kəsə öz mənzilini, fərdi yaşayış evini, təsərrüfatını sığorta etdirməyi tövsiyə edib. 



Facebook-da paylaş