Qazaxda Xalq şairi Osman Sarıvəlli anım günündə məzarı başında yad edilib
Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax eli həm də tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda şairlərimizin, yazarlarımızın yubileyləri, doğum və anım günləri də heç zaman unudulmur. Rəhbər təyin olunduğu ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi öz ənənəsini bu gün də davam etdirir.
İyulun 3-də Xalq şairi Osman Sarıvəllinin (Osman Abdulla oğlu Qurbanov) anım günündə məzarı başında yad edilməsi şairlərimizə olan ehtiramın bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının birgə təşkilatçılığı ilə İkinci Şıxlı kəndində şairin məzarı başında keçirilən anım tədbirində Osman Sarıvəlli sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər onun yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.
Anım tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul əməkdaşları, AYB Qazax bölməsinin üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Mərkəzi Kitabxana Sisteminin, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin əməkdaşları, şairin yaxın qohumları iştirak ediblər.
Əvvəlcə şairin məzarı üstünə tər qərənfillər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan G.Həsənova həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu, ölkə başçısının Sərəncamı ilə tikilən və istifadəyə verilən Ədəbiyyat Muzeyini bunun bariz nümunəsi kimi göstərib. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərinin bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Rayon rəhbərinin ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. G.Həsənova rayon rəhbərliyinin təşəbbüsü ilə sazın, sözün beşiyi sayılan, bütün döyüşlərdə igidlikləri ilə tarix yazan qəhrəman oğulların diyarı olan Qazaxda bu cür tədbirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. Xalq şairi Osman Sarıvəlli və onun yaxın dostu Xalq şairi Səməd Vurğun haqqında ürək sözlərini, onlarla bağlı xatirələrini bölüşən G.Həsənova hər iki şairimizin xalqımızın və doğma qazaxlıların qəlbində əbədi yaşadıqlarını vurğulayıb. “Nə yaxşı ki, Osman Sarıvəlli, Səməd Vurğun, İsmayıl Şıxlı və onlar kimi fəxr olunacaq yüzlərlə ziyalılarımız, yazarlarımız var. Qazaxlılar olaraq adlarını Azərbaycan ədəbiyyatına yazdıran bu cür ziyalılarımızla hər zaman fəxr edirik”, - deyən G.Həsənova onların əziz xatirələrinin yad olunduqca, anıldıqca ruhlarının şad olduğunu bildirib. Rayon rəhbərliyinin təşəbbüsü ilə bugünkü anım tədbirinin təşkil olunmasının da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Osman Sarıvəlli ocağından pərvazlanan, atasının adını daim uca tutan Prof. Dr. Babək Qurbanovun həyat və fəaliyyətindən söz açan müavin ata kimi oğulun da öz adını tarixə yazdığını qeyd edib. Bildirib ki, Osmanoğlu Babək Qurbanov xoşməramlı, xeyirxah niyyəti ilə xatirələrdə bu gün də yaşamaqdadır. Həyatda ikən hörmət-ehtiram sahibi olan, zəhməti, çalışqanlığı ilə hər kəsə nümunə, örnək olan Osmanoğlu yadigarı Babək Qurbanov bu gün də anılmaqdadır. Uzun müddət qardaş Türkiyədə yaşasa da insanlıq naminə vicdanla, qeyrətlə ana Vətənimiz Azərbaycan adına layiq ülvi xidmətlərlə, elmi nailiyyətlərlə xalqının, ölkəsinin adını daim uca tutdu. Atasının adına layiq şəkildə yaşadı və daim da Osmanoğlu adını yaşatdı. Osman Sarıvəllinin dostluqda sadiq olduğu kimi, oğlu Babəkin də dostluqda sadiq olduğunu vurğulayan müavin məhz bu mənəvi keyfiyyət sayəsində özünə böyük hörmət qazandığını söyləyib. Babək Qurbanovun bu gün də unudulmadığını, yaxın dostu, uzun müddət bir yerdə çiyin-çiyinə çalışmış Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyevin Babək Qurbanovu hər zaman yad etdiyini, onun əziz ruhunu şad etdiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, bu günün əhəmiyyətindən söz açıb. İlk növbədə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Osman Sarıvəllinin timsalında bütün yazarlara verilən dəyərdir”, - söyləyən şair ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü anım tədbirinin təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ziyalılar və öz adından təşəkkürünü bildirib. Şairin həyat və yaradıcılığı barədə gənclərə və tədbir iştirakçılarına ətraflı məlumat verən B.Vüsal qeyd edib ki, Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. 1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu İkinci Şıxlı kəndində dəfn edilmişdir. Bildirib ki, Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur. Şairin təltif və mükafatlarını qeyd edən B.Vüsal söyləyib ki, O.Sarıvəlli "Azərbaycan SSR xalq şairi" fəxri adına, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Xalqlar Dostluğu", "Şərəf nişanı" ordenlərinə, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülmüşdür. B.Vüsal Xalq şairinin “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə”, “Sabahı yaradanlar”, “Seçilmiş əsərləri” (üç cilddə), “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Sarıvəlli O.Qüdrətli şair, ustad sənətkar” adlı kitabların müəllifi olduğunu diqqətə çatdırıb. Xalq şairi Osman Sarıvəlli haqqında ürək sözlərini qeyd edən B.Vüsal 1990-cı ilin 3 iyulunda haqq dünyasına qovuşan böyük şairin illər ötsə də hər zaman ehtiramla anıldığını, əziz xatirəsinin daim qəlblərdə yaşadığını bildirib. Xalq şairinin yubileylərinin dövlət səviyyəsində qeyd olunduğunu, haqqında məqalələr yazıldığını, kitablar nəşr olunduğunu, əziz xatirəsinə şeirlər həsr edildiyini diqqətə çatdırıb. B.Vüsal Osman Sarıvəllinin hər zaman xalqının yaddaşında yaşayan, əsərləri ilə xalqının başını uca edən, xalqın iftixarı olan şairlərimizdən olduğunu bildirib. Osman Sarıvəlli poeziyasının ölməz poeziya olduğunu qeyd edən şair gənc yazarların bu gün də həmin poeziyadan bəhrələndiyini qeyd edib. Azərbaycan poeziyasında yeni mərhələnin açılmasında Osman Sarıvəllinin danılmaz xidmətləri olduğunu söyləyib. Azərbaycanın, doğma Qazaxın adını, şərəfini, şöhrətini öz əsərləri ilə hər zaman uca tutduğunu, yaşatdığını qeyd edib.
Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor əvəzi, təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Kələşova çıxış edərək Xalq şairi Osman Sarıvəllini, Xalq yazıçısı İsmayıl Şıxlını ehtiramla anıb, onlarla bağlı xatirələrini bölüşüb. Dəyərli ziyalılarımızı yad edənlərə razılığını ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şairə Tamella Poladlı şairin xatirəsinə yazdığı şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb, dahi şairə olan ehtiramını ifadə edib.
Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin təşkilatçısı Fəridə Əhmədova Xalq şairi Osman Sarıvəllinin qələmə aldığı “Gətir oğlum, gətir” poemasını səsləndirərək dahi şairə olan ehtiramını çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bilal Qoca çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Osman Sarıvəlli ilə bağlı xatirələrini bölüşüb, şairə həsr etdiyi şeiri səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair Səhlədar Hidayətoğlu çıxış edərək Xalq şairinin 90 illiyində ona həsr etdiyi şeiri səsləndirərək əziz xatirəsini ehtiramla yad edib.
AYB-nin üzvü, Ağstafadakı “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi ilə bağlı ürək sözlərini bölüşüb. Öz növbəsində Qazaxda ziyalılara, şairlərə verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. “Osman Sarıvəlli böyük şairdir. Qazaxın adını qızıl hərflərlə Azərbaycan ədəbiyyatına yazmış şairdir. Yurd sevgisi və dost sədaqəti Osman Sarıvəllini hər kəsə sevdirmişdi. Azərbaycanda olan yazıçı və şairlərin həyatında Osman Sarıvəlli hər zaman iz buraxıb. Ömrünü Azərbaycan ədəbiyyatına sərf edən Osman Sarıvəlli bundan sonra da qəlblərdə yaşayacaqdır”, - deyən S.Qaratorpaq dahi şair haqqında ürək sözlərini bölüşüb.
Şairə Gülsənəm Cəlili Xalq şairi Osman Sarıvəllinin xatirəsinə həsr etdiyi “Şair salam deyirəm” adlı şeirini səsləndirərək şairə olan ehtiramını çatdırıb.
Bakı Dövlət Universitetinin Qazax filialının I kurs tələbələri Aynur Musazadə şairin “Dərdin alım”, Aysun Bəndəliyeva “O mənim hər zaman ürəyimdədir” şeirini səsləndiriblər.
Xalq şairinin bacısı oğlu Qəhrəman Binnətov çıxış edərək rayon rəhbərliyi başda olmaqla, bugünkü tədbiri təşkil edənlərə ailəsi adından minnətdarlığını bildirib. Osman Sarıvəlli ilə bağlı xatirələrini bölüşən Q.Binnətov onun təhsil almasında şairin böyük əməyi olduğunu, daim qayğısını hiss etdiyini vurğulayıb. “Ən uzun ömürlü olan sözdür. Osman Sarıvəlli kimi ziyalılarımız, şairlərimiz öz əsərləri, şeirləri ilə sözü bizə əmanət qoyublar”, - deyən natiq nə qədər Azərbaycan xalqı var söz adamlarının daim qəlblərdə yaşayacaqlarını söyləyib.
Facebook-da paylaş