Qazaxda Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilib
Mayın 13-də Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti,
Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir” Mədəniyyət Ocağının
birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və
Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi
Konfrans keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra
Hakimiyyətini başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə
Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham
Pirməmmədov, Birliyin üzvləri, AMEA Folklor İnstitutunun baş direktoru,
akademik Muxtar Kazımoğlu-İmanov, Azərbaycan Jurnalistlər
Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin,ayna.az saytı və Ayna TV-nin təsisçisi
və baş redaktoru Elçin Şıxlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon
Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının
sədr müavini Ağaəli İbrahimov, Aşıq Şəmşirin nəvəsi Cabir Qurbanov, Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Adil Cəmil, Erzincan Binali Yıldırım
Universiteti, Prof. Dr. Ali Kafkasyalı,
Kırşehir Ahi Evran Üniversitesi, Prof. Dr. Kubilay Kolukırık, Ukrayna-Gürcüstan Beynəlxalq
Universiteti, Prof. Dr. Mahmud
Kamaloğlu, Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov, AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə
doktoru, dosent İlhamə Qəsəbova, AMEA Gəncə bölməsinin üzvü, Filologiya üzrə
fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Bakı Dövlət Universitetinin Tarix üzrə
fəlsəfə doktorları dosent Fəxriyyə Həvilova, dosent Hicran Mahmudova, AMEA
Folklor İnstitutu Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova,
ADPU Cəlilabad filialının müəllimi, Filologiya
üzrə fəlsəfə doktoru Bilal Alarlı, AMEA Folklor İnstitutunun əməkdaşları Mahir
Cavadlı, Filologiya elmləri doktoru, dosent İslam Sadıq, Filologiya üzrə
fəlsəfə doktoru Aynurə Səfərova, ADPU Şəki filialının müəllimləri Pakizə
Əliyeva, Ulduz Mürşüdova, Filologiya üzrə fəlsəfə doktoru, dosent Əpoş Vəliyev,
Balabançı, Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərli, Azərbaycan Respublikası Milli
Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal, filialın üzvləri, idarə, müəssisə rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət işçiləri,
BDU Qazax
filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, ziyalılar,
şəhər və kənd ağsaqqalları, Qazax və Kəlbəcər aşıqları, KİV nümayəndələri
iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qazax
şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial önünə
tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhərin Heydər Əliyev prospektində Aşıq Şəmşirin və Aşıq
Ələsgərin büstləri, Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun
heykəli ziyarət olunub, ustad Aşığın və Xalq şairinin əziz xatirəsi ehtiramla
anılıb.
Daha
sonra tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq şairi Səməd Vurğunun
fotolarından, kitablarından ibarət guşə, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax
Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə
təşkilatçılığı ilə "Səməd Vurğun
və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı rəsm müsabiqəsində iştirak
etmiş iştirakçıların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Ədəbiyyat Muzeyinin akt
zalında davam edən tədbiri AMEA
Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar
arzulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək konfrans
iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Aşıq
Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və
yazılı ədəbiyyat” mövzusunda keçirilən Beynəlxaq Elmi Konfransın
əhəmiyyətindən söz açan icra başçısı bu günün qazaxlıların yaddaşına tarixi gün
kimi yazıldığını bildirib. Rayon rəhbəri hər zaman tədbirlərdə yaxından iştirak etmiş və töhfə vermiş, bu gün
dünyalarını dəyişmiş hörmətli akademik Teymur Bünyadovun, professor Vüsət
Əfəndiyevin və ölməz sənətkar Aşıq Ədalət Nəsibovun əziz xatirələrini ehtiramla
yad edib. İcra başçısı qeyd edib ki, Xalq
şairi Osman Sarıvəllinin vurğuladığı kimi "Aşıq Şəmşir Xalq şairi Səməd
Vurğunun kəşfidir". Aşıq Şəmşir poeziya çeşməsini xəzan örtmüşdü,
lal-dinməz çağlayırdı. Səməd Vurğun mərdliyi, Səməd Vurğun böyüklüyü bu
çeşmənin gözünü açdı, onu Kürə, Xəzərə qovuşdurdu. Onlarla gənci ədəbiyyata
gətirən Səməd Vurğun bu dəfə ahıl bir sənətkarı halal şöhrətinə çatdırdı. Türk dünyasının dərin
qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində
enişli-yoxuşlu yollardan keçərək Qorqud atanın əzəmətində ozanı yaşatmış, orta
yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Xəstə Qasımın, nəhayət,
Ələsgərin simasında həmin zirvəni yaratmışdır. Aşıq sənəti özünə qədər şaman, varsaq, ozan, yanşaq kimi müxtəlif
adlar, titullar daşımış, xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz
izlər qoymuşdur. Aşıqlar sazda çalıb oxumaqla bərabər, rəngarəng formalı
şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar. İcra başçısı bildirib ki, 30 sentyabr
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı
sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə
yazılmışdır. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu
il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən
4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti
YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq
sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu
beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti İlham
Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi
yüksək qayğının nəticəsidir. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev
zaman-zaman aşıq sənətinin ənənələrinin
davam etdirilməsi və zənginləşdirilməsi barəsində bir neçə sərəncam və fərmanlar
vermişdir. Onlardan biri də 5 iyul 2003-cü il tarixində aşıq
yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 110 illik yubileynin
keçirilməsi haqqında sərəncamıdır. Ulu Öndər öz sərəncamında qədim köklərə
malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və
zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olduğunu vurğulamışdır. Sərəncama uyğun olaraq ölkə
miqyasında Aşıq Şəmşirin
110 illik yubileyi təntənəli şəkildə keçirilmişdir. İcra başçısı cənab Prezident İlham Əliyevin hər zaman mədəniyyətimizə,
incəsənətimizə xüsusi diqqət ayırdığını bildirib. 2 aprel 2018-ci il tarixdə
sərəncam verərək Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi,
respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125
illiyinin təntənəli surətdə keçirilməsi haqqında tapşırıqlar vermişdir. Bu
sərəncama uyğun olaraq respublikanın bir çox şəhər və rayonlarında o cümlədən, Qazaxda mədəni-kütləvi tədbirlər keçirilmişdir. Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış
büstlərin açılış mərasimi olmuş, açılış mərasimindən sonra Qazax Mədəniyyət
Mərkəzinin böyük zalında geniş tədbir keçirilmişdir. Saz sevərlər, sözə dəyər
verənlər Dədə Şəmşirin ruhunun işığına toplaşmışdı. Ustad aşıq olan Dədə Şəmşirin həyat və yaradıcılığna nəzər salan icra
başçısı qeyd edib ki, XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur
simalarından biri Aşıq Şəmşirdi. Əgər XVI əsrdə Dirili Qurbani, XVII əsrdə
Tufarqanlı Abbas, XVII-XVIII əsrlərdə Xəstə Qasım, XVIII əsrdə Abdal – Gülablı Valeh, XIX
əsrdə Aşıq Ələsgər aşıq poeziya sənətinin zirvəsində dayanırdılarsa, XX
əsrdə isə Aşıq Şəmşir bu zirvəni fəth etmişdir. Sual olunur, Aşıq Şəmşir hansı zəminə, hansı
yaradıcı qaynaqlara söykənərək, ondan güc alıb bu ucalığa yüksələ bilmişdir?
Bunu bir-iki cümlə ilə ifadə etmək çətindir. Hər kəs öz mühitinin oğludur.
Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər guşəsi
olan Dəmirçidanı kəndində dünyaya göz açmış, sonra atası aşıq, şair Qurban
təbiətin ən səfalı guşəsi olan Ağdaban kəndinə köçmüşdür. Şəmşir gözünü açıb
Dəlidağı, Məndili, Qoşqarı, Qonuru, Lülparı, neçə-neçə belə möhtəşəm dağları
görmüşdür. Onun ilk bəhrələndiyi qaynaq, yaradıcılıq qaynağı, nəsil
şəcərəsidir. Hər şeydən əvvəl, Aşıq Şəmşir dövrünün azman sənətkarı, hər zaman
Aşıq Ələsgərlə bir olan, yanaşı duran atası Ağdabanlı Qurbandan dərs almışdır.
O, hələ beşikdə ikən Ağdabanlı Qurbanın sazının, sözünün səsi ilə yatıb
oyanmışdır. İcra başçısı bildirib ki, Aşıq Şəmşir yüksək poetik
zövqə malik olan Səməd Vurğunun geniş mədəni ictimaiyyət üçün "kəşfı” olduğu
kimi, eyni zamanda onun canlı xalq yaradıcılığı ilə ünsiyyətə olan ehtiyacının,
təşnəsinin ödəndiyi, qidalandığı coşğun bulaq idi. Səməd Vurğun məhz xalq
sənətkarları arasında Qurbani kimi, Miskin Abdal kimi azman bir sənətkar
axtarırdı. Elə bir sənətkar ki, onunla yanaşı durmaq qabiliyyətinə malik olsun,
sözünün qabağına söz deyə bilsin. S.Vurğun el məclislərində olurdu, hər yerdə
məşhur aşıqların yaradıcılığına, ifaçılığına xüsusi maraq göstərirdi. S.Vurğun
Şikəstə Şirinə, Bozalqanlı Hüseynə və digər saz-söz sərraflarına şeirlə
məktublar yazdı, onları yerindən tərpətdi. Lakin onların əks-sədasını duymadı
və cavabını ala bilmədi. S.Vurğun öz düşüncəsində nəyi isə, kimi isə axtarırdı,
lakin tapa bilmirdi. Aşıq Şəmşirin bir qoşmasını dinləməklə sanki Səməd axtardığını tapdı. 1955-ci ildə milli
ruhlu poeziyamızın iki ən böyük nümayəndəsi Dədə Şəmşirin Xalq şairi,
ölməz sənətkar Səməd Vurğunla Kəlbəcərdə görüşləri olmuşdur. Səməd Vurğun Aşıq
Şəmşirin göz açıb dünyaya baxdığı dağları, bulaqları bir bənd şeiri ilə bir
tabloya gətirdi, göz önündə canlandırdı. Şeir belədir: Səməd Vurğun: Aşıq Şəmşir, Dəlidağdan keçəndə, Kəklikli daşlardan xəbər al məni, Ceyran bulağından qızlar içəndə, Saz tutub, söz qoşub yada sal məni. Aşıq Şəmşir isə cavabında: Qoşqarla yanaşı duran başın var, Aşıq Şəmşirin cavab qoşmasındakı bircə misra Səməd
Vurğunu həyəcana gətirdi, varlığını tərpətdi. Aşığın böyüklüyünü, azman
sənətkar olduğunu hiss etdirdi. Alimlərimiz Aşıq Şəmşirlə Səməd Vurğunun görüşünü
bədii düşüncə tariximiz üçün çox böyük hadisə kimi təhlil edərək yazır: "Hər
şeydən əvvəl bu görüş Aşıq Şəmşiri vətənimizin paytaxtına, elm-sənət aləminə
yaxşı tanıtdı. Deyişmə zamanı söylənilən şeirlər Aşıq Şəmşirin və Səməd
Vurğunun kəşf olunmamış çox qiymətli yaradıcılıq xüsusiyyətlərini üzə çıxardı
və respublikamızın elm və sənət aləminə göstərdi”. Rayon rəhbəri vurğulayıb ki, Aşıq Şəmşir
yaradıcılığına bütövlükdə nəzər saldıqda göz önündə iki Şəmşir durur: Bunlardan
biri köhnə aşıq poeziyası ənənələri ilə düzüb-qoşan Şəmşir, o biri isə Vurğun
lirikası ruhunda yazıb-yaradan Şəmşir. Aşıq Şəmşir Xalq şairi Səməd Vurğunla
görüşəndən sonra, bir şair kimi, bir söz ustası kimi daha da şöhrətlənmişdir.
Bu yerdə Osman Sarıvəllinin də Aşıq Şəmşir üzərində olan zəhmətini unutmaq
olmaz. Aşıq Şəmşirin şeirlərinin kitab kimi çap olunmasında və geniş oxucu
kütləsi qazanmasında, Onun böyük rolu olmuşdur. İcra başçısı bildirib ki, yurdumuzda Aşıq Şəmşir
poeziyasının vurğunu olmayan, onun şəxsiyyətini sevməyən, şeirlərini bilməyən,
əzbərləməyən tək-tək aşıq olar. Təkcə aşıqlar, şairlər deyil, bütövlükdə xalqımız Aşıq Şəmşiri sevir
və onun adı gələndə böyük qürur hissi keçirir. Bu gün deyə bilərik ki, Xalq şairi, ölməz sənətkar
Səməd Vurğun və klassik aşıq sənətinin son nümayəndəsi Aşıq
Şəmşir qəlblərdə daim qoşa yaşayacaqlar. İcra başçısı sonda Qazax ictimaiyyəti və öz
adından Aşıq Şəmşirin oğlu, dəyərli ziyalımız Qurbanov Qənbər Şəmşir
oğlunun vəfatına görə bütün kəlbəcərlilərə və Aşıq Şəmşir ocağına bir daha başsağlığı
verib, əziz xatirəsini ehtiramla anıb.
AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək konfrans
iştirakçılarını salamlayıb, tədbirin yüksək səviyyədə təşkil olunmasına və ev
sahibliyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Xalq şairi Səməd
Vurğunla Aşıq Şəmşirin dostluq əlaqələrindən söz açan natiq bu dostluğun təsadüfi
dostluq olmadığını qeyd edib. Klassik aşıq sənətinin son nümayəndəsi olan Aşıq
Şəmşir yaradıcılığının gələcək nəsillər üçün örnək olduğunu bildirib. Natiq
çıxışında Aşıq Şəmşirin klassik və çağdaş aşıq sənəti arasında körpü rolunu
oynadığını vurğulayıb. Xalq şairi Səməd Vurğunun yaradıcılığından söz açan
natiq onun sovet dövründə Azərbaycan ədəbiyyatının səsini dünyaya çatdıran
dəyərli ziyalımız, şairimiz olduğunu qeyd edib. BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış
edərək konfrans iştirakçılarına səmimi ürək sözlərini çatdırıb.
A.Rüstəmov qeyd edib ki, nə qədər millət var, ounun mədəniyyəti o qədər yaşayır.
Xalqın milli varlığını onun dahiləri, zirvədə olanlar öz çiyinlərində daşıyaraq
gələcək nəsillərə ötürürlər. Buna görə də xalq öz dahilərini daim diqqətdə
saxlayır. Bu gün Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşir həm xalqın qəlbində
ədəbi yaşayırlar, həm də dövlət tərəfindən hər zaman onların yaradıcılığı
yüksək qiymətləndirilir. Şairlərə, saz-söz adamarına verilən dəyərdən,
qiymətdən söz açan A.Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
ənənənin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva tərəfindən davam etdirildiyini, onların fəaliyyətində də öz əksini
tapdığını bildirib. Bugünkü
konfransı həmin yüksək qiymət və dəyərin davamı kimi qeyd edib. BDU
Qazax filialı olaraq artıq 4-cü dəfə beynəlxalq konfransda iştirak etdiklərini,
həmin konfransların materiallarının kitab şəklində çap olunduğunu, eləcə də
bugünkü konfransın materiallarının da kitab şəklində dərc ediləcəyini
vurğulayıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Adil Cəmil çıxış edərək konfrans iştirakçılarını öz növbəsində salamlayıb, tədbirin əhəmiyyətindən
söz açıb. A.Cəmil Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Abdı, Aşıq
Ələsgər və Aşıq Şəmşir kimi ustad aşıqlarımızın öz yaradıcılıqları ilə saz, söz
mədəniyyətimizə, poeziyamıza böyük töhfələr verdiklərini söyləyib. Dədə Şəmşir
yaradıcılığında klassik aşıq sənətinin bütün parametrlərinin olduğunu diqqətə
çatdırıb. 1955-ci ildə Kəlbəcərdə İstisuda Xalq şairi Səməd Vurğunla Aşıq
Şəmşirin görüşməsindən söz açan natiq bu görüşdə yaranan dostluğun bu gün də
davam etdiyini, bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini qeyd edib.
Natiq Aşıq Şəmşirin ədəbi mühitdə üzə çıxmağında Səməd Vurğunun və Xalq şairi
Osman Sarıvəllinin böyük xidmətləri olduğunu vurğulayıb.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov çıxış edərək birliyin üzvləri
adından salamlarını çatdırıb, konfransın ərsəyə gəlməsində əməyi keçən
insanlara təşəkkürünü bildirib. "Qazax” Xeyriyyə İctimai Birliyi olaraq
gördükləri işlərdən söz açan natiq bugünkü konfransda iştirak etməyi özlərinə
borc bildiklərini qeyd edib. Azərbaycan Jurnalistlər
Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı
və Ayna TV-nin təsisçisi
və baş redaktoru Elçin Şıxlı çıxış edərək tədbir
iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şifahi xalq
ədəbiyyatı ilə yazılı ədəbiyyat haqqında fikirlərini bölüşən E.Şıxlı qeyd edib
ki, Molla Pənah Vaqifin əsərləri yandırılsa da, məhz şifahi xalq ədəbiyyatı
sayəsində bu günümüzə qədər gəlib çatıb. Natiq Qazaxda belə bir tədbirin keçirilməsinə görə şad olduğunu söyləyib.
"Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon
Təşkilatının sədri Həbib Misirov çıxış edərək "Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri, Kəlbəcərin
dəyərli ziyalısı Cavid Qurbanovun adından tədbir iştirakçılarını salamlayıb,
səmimi ürək sözlərini yetirib. Kəlbəcər ziyalılarına, ictimaiyyətinə olan isti
münasibətə, verilən dəyərə görə razılığını bildirib. H.Misirov Qazaxın
ədəbiyyat, mədəniyyət paytaxtı olduğunu vurğulayıb. Qazaxdan Azərbaycanın
dəyərli ziyalıları, elm xadimləri çıxdığını bildirib. Azərbaycan aşıq sənətinin
inkişafında, eləcə də Dədə Şəmşirin zirvələrə qalxmasında Xalq şairi Səməd
Vurğunun böyük rolu olduğunu vurğulayıb. Dədə Şəmşirin Qazaxda olmasından,
Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı ilə olan görüşlərindən söz açıb.
Dədə Şəmşirin 125 illik yubileyinin Qazax ictimaiyyəti tərəfindən təntənə ilə
qeyd olunmasını, Aşıq Ələsgərlə Dədə Şəmşirin büstünün qoyulmasının bu gün də
minnətdarlıq hissi ilə qarşılandığını söyləyib. Bunu Qazax ictimaiyyətinin
şeirə, mədəniyyətə verdiyi dəyər kimi qiymətləndirib. H.Misirov Qarabağ adlı
dərdin Dədə Şəmşir ocağından da keçdiyini bildirib. 1992-ci il aprel ayının
7-dən 8-nə keçən gecə Xocalıda törədilən faciənin eynilə Dədə Şəmşirin ata
yurdu olan Ağdabanda da törədildiyini, ailə üzvlərinin yandırıldığını söyləyib.
H.Misirov qeyd edib ki, bu gün Dədə Şəmşirin ruhu şaddır. Ona görə ki, 28 illik
həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevn rəhbərliyi altında
ordumuzun gücü ilə işğal altında olan torpaqlarımız, o cümlədən də Kəlbəcər azad
edildi. Nə xoş ki, Qənbər Şəmşiroğlu Kəlbəcərin qayıtdığını gördü. H.Misirov
Dədə Şəmşirin adını daşıyan ictimai birliyin yarandığı ilk gündən milli-mənəvi
dəyərlərin qorunması, aşıq sənətinin yaşadılması istiqamətində mühüm işlər
gördüyünü söyləyib. Natiq sonda bir daha konfransın təşkilinə görə əməyi
keçənlərə təşəkkür edib.
Erzincan Binali Yıldırım Universiteti, Prof. Dr. Ali Kafkasyalı "Səməd Vurğunun ədəbi irsində milli-mənəvi
dəyərlər” adlı məruzəsində Xalq şairi Səməd Vurğunun yaradıcılığını təhlil
edib, maraqlı məlumatlarla fikirlərini bölüşüb. Natiq çıxışında Səməd Vurğunun
Azərbaycan ədəbiyyatnda önəmli yerə sahib olduğunu, daim xalqının vicdanının
səsi olduğunu söyləyib. Natiq bildirib ki, Səməd Vurğun insani duyğular
içərisində ən müqəddəs duyğunun vətənpərvərlik, vətənsevərlik olduğunu qeyd
edir və bunu şeirlərində də aydın şəkildə əks etdirib. Kırşehir Ahi Evran Üniversitesi, Prof. Dr. Kubilay Kolukırık "Aşık Şemşir şiirlerinde dini
unsurlar ve Aşık Şemşirin ilahi formunda bestelenmiş iki eseri” mövzusunda
məruzə ilə çıxış edib, Aşıq Şəmşir yaradıcılığından söz açıb.
Ukrayna-Gürcüstan Beynəlxalq Universiteti, Prof. Dr. Mahmud Kamaloğlu "Sazla sözün vəhdəti” adlı məruzə ilə çıxış edib.
Borçalıdan qucaq dolusu salamlar gətirdiyini qeyd edən natiq səmimi ürək
sözlərini çatdırıb. Qazaxda ikinci dəfə elmi konfransda olmağından şərəf duyduğunu
dilə gətirib. Qazaxın təkcə şair, saz-söz diyarı deyil, eyni zamanda, bir
mədəniyyət mərkəzi olduğunu bildirib. Dədə Şəmşirlə Səməd Vurğunun dillərə
dastan olan görüşünün illər ötsə belə hər zaman öyrəniləcəyini, gələcək nəsillərə
ötürüləcəyini qeyd edib. Əməkdar mədəniyyət işçisi Misgər
Məmmədov "Aşıq Şəmşir yaradıcılığının psixopoetik
xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək sazla sözün vəhdət təşkil
etdiyini vurğulayıb. ADA Universitetinin "Bir
müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər
Seminariyasının binasını bərpa etməsini Qazaxda təhsil sahəsinə olan qayğı kimi
qiymətləndirib. Xalq şairi Səməd Vurğunun və Aşıq Şəmşirin yaradıcılığında
bütün fikirlərin real gerçəkliyə əsaslandığını bildirib. Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının
sədr müavini Ağaəli İbrahimov çıxış edərək
konfransın əhəmiyyətindən söz açıb. Gənclərin bu cür konfranslarda iştirak
etməsinin vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynadığını qeyd edib. Sonra söz saza-sözə verilib. Aşıq Şöhrət Kəlbəcərli və Qazaxlı Aşıq
Coşqun Rəhimovun ifa etdikləri "Səməd Vurğun və Aşıq Şəmşir dastanı”, Aşıq Hacı
Qazaxlının, Aşıq Əli Zeynalabdınov Kəlbəcərlinin bir-birindən maraqlı çıxışları
alqışlarla qarşılanıb. Sonda tədbir ilə əlaqədar
keçirilmiş "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm
müsabiqələrinin qalibləri mükafatlandırılıblar. Şeir müsabiqəsində BDU-nun Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi
ixtisasının III kurs tələbəsi Xasayeva
Gülnar Fariz qızı Səməd Vurğunun "Yada sal məni” adlı şeiri ilə, IV kurs tələbəsi Musayeva Qənirə Elman
qızı Aşıq Şəmşirin "Səni” adlı şeiri ilə I yerə, Filologiya ixtisasının IV kurs tələbəsi Mirzəyeva Jalə Rizvan qızı
Səməd Vurğunun "Ala gözlər” adlı şeiri ilə, Tarix fakültəsinin III kurs
tələbəsi Yusibli Elmir Şahmar oğlu Aşıq Şəmşirin "Kimi” adlı şeiri ilə II yerə,
Tarix fakültəsinin III kurs tələbəsi Bayramova Aysu İlham qızı Səməd Vurğunun
"Dağlar” adlı şeiri ilə, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I
kurs tələbəsi Əmirova Günel Eldəniz qızı Aşıq Şəmşirin "Vətənim” adlı şeiri ilə
III yerə layiq görülüblər. Rəsm müsabiqəsində Aşıq Şəmşirin portreti üzrə Qazax Dövlət Rəsm
Qalereyasının dərnək üzvləri Eşqin Quliyev I yerin, Ema Carçılı II yerin, Qazax
Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Leyla Qəribli isə III yerin, Xalq
şairi Səməd Vurğunun portreti üzrə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək
üzvləri Həlimə Alməmmədova I yerin, Aydan Haqverdiyeva II yerin, Qazax Dövlət
Rəsm Qalereyasının dərnək üzvü Ruhin Xasməmmədov isə III yerin qalibi olublar. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən hər
iki müsabiqə qaliblərinə hədiyyələr təqdim edilib. Aşıq Şəmşir və Xalq
şairi Səməd Vurğun yaradıcılığına həsr olunmuş tədbir Aşıq Coşqun Qazaxlının,
Aşıq Şöhrət Kəlbəcərlinin, Aşıq Əli Zeynalabdınov Kəlbəcərlinin Xalq şairinin
"Azərbaycan” şeiri və saz havasının sədaları altında başa çatıb.
GOYEZEN.AZ
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.
Facebook-da paylaş