İcra başçısı Qazax Dövlət Sosial-İqtisadi Kollecdə yaz semestrinin imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı sahələrdən biri də məhz təhsil sahəsidir. Rayon rəhbərinin mütəmadi olaraq təhsil işçiləri, məktəblilərlə, tələbələrlə görüşməsi, onlara səmimi münasibət göstərməsi bu söylədiklərimizin bariz nümunəsidir. İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bu dəfə Qazax Dövlət Sosial-İqtisadi Kollecdə olub, imtahanlarda iştirak edən tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb. “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin direktoru Gülnar Qəhrəmanova keçirilən imtahanlar barədə ətraflı məlumat verib. Yaz imtahan sessiyası ilə bağlı kollecdə əvvəlcədən lazımi hazırlıq işlərinin görüldüyünü, nəzarətçi müəllim-koordinatorların siyahısının təsdiq olunduğunu, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradıldığını vurğulayıb. İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb, onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb. Kollecin direktoru Gülnar Qəhrəmanova rayon rəhbərliyinin istər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyini, göstərdiyi qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. Direktor respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.
İyunun 1-dən Qazax Dövlət Sosial-İqtisadi Kollecində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. Sessiya 5 həftə davam edəcək. Kollecdə 1059 nəfər tələbə təhsil alır. Hazırda imtahanlarda 709 nəfər tələbə iştirak edir. 350 nəfər tələbə isə 24 qrup olmaqla öz ixtisasları üzrə istehsalat təcrübəsində iştirak edirlər. 












Facebook-da paylaş














