Qazaxda icra başçısı şəhid atasının dəfn mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Elvin Əhmədov, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. Bu gün qəhrəman oğullarımız bizim aramızda olmasalar belə qəlblərdə əbədi yaşayırlar. Azərbaycan xalqı igid Vətən övladlarını hər zaman hörmət və ehtiramla anacaq, gələcək nəsillərə nümunə göstərəcəklər. Çünki qanları ilə şanlı tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürur və fəxarət hissi ilə qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. İyunun 1-də qəhrəman şəhidimizin atası Əhmədov Əhməd Qələndər oğlu vəfat edib. Mərhum 02.06.2026-cı il tarixdə Qarapapaq kənd qəbiristanlığında dəfn olunub. İcra başçısı Rəcəb Babaşov mərhum Əhməd Əhmədovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib.Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Elvin Əhmədovun əziz xatirəsi hər zaman ehtiramla yad olunur.
İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri Qarapapaq kəndində şəhidimizin ata ocağında olub, dəfn mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı veriblər. 









Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.

Facebook-da paylaş














