• Təqvim

  • Maraq

Vətən Sizinlə qürur duyur

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------

Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Qəhrəmanlıqlarla dolu olan uca bir zirvə. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Çünki bu zirvəni fəth edən igid Vətən oğulları öz şücaətləri ilə həmişə sübut ediblər ki, xalqa, dövlətə sədaqətlə xidmət edən Azərbaycan oğulları olub və bundan sonra da olacaq. Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Niyaz Əhmədovun, Cabir Hüseynovun, Akif Budaqovun, gizir Azad Kərimovun, Məmmədkərim Cəfərovun, kapitan Zahid Mahmudovun, leytenant Əşrəf Axundovun, çavuş Timur Əliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Əhmədov Niyaz Əkbər oğlu

Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmişdir. 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Hüseynov Cabir Çərkəz oğlu

Hüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta ümumtəhsil məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artilleriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur.

Gizir Kərimov Azad Zakir oğlu

Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı”medalları, ölümündən sonra 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Daş Salahlı kəndində adını yaşadan bulaq tikilib, dayanacaq qoyulub.

Budaqov Akif Məmmədxan oğlu

Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Cəfərov Məmmədkərim Sosu oğlu

Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Kapitan Mahmudov Zahid Alı oğlu

Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var.

Leytenant Axundov Əşrəf Bəhram oğlu

Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Leytenant rütbəsi alan Əşrəf Axundov 14 iyun 1994-cü ildə şəhid olmuşdur.

Çavuş Əliyev Timur Nurəddin oğlu

Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.




Facebook-da paylaş


{sape_links}