• Təqvim

  • Unutma

  • Maraq



14. Sivas Aşıqlar Bayramında Qazax aşıq mühitinin yetirməsi Aşıq Şahin Süleymanov da iştirak edib


2021-ci il 4-7 noyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Sivas şəhərində AMEA-nın Folklor İnstitutu, Sivas Bələdiyyəsi, Sivas Cümhuriyyət Universiteti, SİFAHOD və Esas-Der-in birgə təşkilatçılığı ilə "İki dövlət, tək millət" Çatal Yürək tək bilək şeir yarışması və 14. Sivas Aşıqlar Bayramı keçirilib.

Azərbaycandan alim, şair və aşıqların qatıldığı tədbirdə Türkiyənin Qars, Ərzurum, Qəhrəmanmaraş, İstanbul, Ərzincan, Sivas, Eskişəhər, Konya, Hatay şəhərlərindən də aşıq və şairlər yer alıb.

"İki dövlət, tək millət" Çatal Yürək tək bilək şeir yarışması və 14. Sivas Aşıqlar Bayramında AMEA Folklor İnstitutunun əməkdaşlarından fil.ü.f.d.,dos. Qalib Sayılov, fil.ü.f.d.,dos İlhamə Qəsəbova, fil.ü.f.d.,dos. Şakir Albalıyev və şair-publisist Mahir Cavadov iştirak ediblər. Birinci Qarabağ müharibəsi qazisi Aidə Şirinova və şairə Aynur Qafarlı da tədbirin iştirakçısı olublar.

14. Sivas Aşıqlar Bayramında Qazax aşıq mühitini Aşıq Şahin Süleymanov təmsil edib.


Tədbirin ilk günü Sivas Cümhuriyyət Universitetinin rektoru prof. Alim Yıldız qonaqları təmsil etdiyi ali təhsil ocağında qarşılayıb. Professor görüş zamanı Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universitetinin birgə təşkil etdikləri konfranslardan, İmaməddin Nəsimiyə həsr edilmiş simpoziumdan, eləcə də Qarabağ qazilərinin, şəhid ailələrinin və yaxınlarının universitetdə təmənnasız təhsil aldıqlarından söhbət açıb.

Daha sonra Sivas Bələdiyyəsinin başqanı Hilmi Bilgin qonaqları qarşılayaraq Azərbaycan-Türkiyə qardaşlığından, ölkələr arasındakı mədəni, ictimai-siyasi əlaqələrdən geniş bəhs edib. Aşıq Şahin Süleymanovun ifaları Bələdiyyə başqanı tərəfindən maraqla qarşılanıb.

Sözügedən gecənin açılış mərasimində tədbirin Azərbaycan üzrə koordinatoru, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edib. O, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun salamlarını çatdıraraq səmimi ürək sözlərini bildirib. Tədbirin əhəmiyyətinə, Azərbaycan-Sivas Cümhuriyyət Universiteti arasında təhsil əlaqələrinə və aşıq sənətinə diqqət çəkib. İ.Qəsəbova çıxışı zamanı 44 günlük Vətən müharibəsində göstərdikləri dəstək üçün qardaş ölkəyə təşəkkürünü də ifadə edib.

"İki dövlət, tək millət" Çatal Yürək tək bilək şeir yarışması və 14. Sivas Aşıqlar Bayramında Azərbaycan-Türkiyə qardaşlığından danışılıb, Azərbaycanın 8 Noyabr - Zəfər bayramının birinci ildönümünə həsr edilmiş şeirlər dinlənilib.

Tədbirdə Sivas Cümhuriyyət Universitetinin rektoru, prof. Alim Yıldıza, Sivas Bələdiyyəsinin başqanı Hilmi Bilginə, SİFAHOD başqanı Ahmet Ayıka və ESAS-Der başqanı Şahamettin Kuzuculara üzərində Qarabağın, Şuşanın və Xarıbülbülün yer aldığı simvolik hədiyyələr təqdim edilib.


14. Sivas Aşıqlar Bayramında Qazax aşıq mühitini təmsil edən Aşıq Şahin Süleymanov tədbir barədə fikirlərini bölüşüb. O, iki qardaş ölkənin dostluğunu, qardaşlığını özündə əks etdirən belə bir tədbirdə iştirak etməyin onun üçün qürurverici olduğunu bildirib. 14. Sivas Uluslararası Geleneksel Aşıqlar Bayramında iştirakına görə Təşəkkür Bəlgəsi ilə təltif olunmasını razılıq hissi ilə qarşılayıb. Aşıq, ozan sənətinin təmsil olunduğu belə yüksək səviyyəli tədbirdə gənc aşıq kimi iştirak etmək üçün ona yaradılan imkana görə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanova, göstərilən dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlığını bildirib. İştirak etdiyi tədbirin əhəmiyyətindən danışan Ş.Süleymanov onun üçün yaradılan imkanı özünün timsalında gənc aşıqlara göstərilən diqqət və qayğı kimi qiymətləndirib.











GOYEZEN.AZ



Facebook-da paylaş