Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
Bu günün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti və məhsuldarlığı simvolizə edən yaşıl fonda Yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə stilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş Yer fiquru bizim ümumi evimizin simvoludur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar. Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir. Qürurla deyə bilərik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunublar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir. BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bununla ölkəmiz uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını üzərinə götürüb. İyunun 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilib. Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda atraksion təşkil olunaraq Gənclər və İdman Nazirliyinin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif növ idman qurğuları quraşdırılıb. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin tabeliyindəki idman məktəblərinin məşqçi müəllimləri, idmançılar, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, şura üzvləri və könüllülər, Qazax şəhəri ərazisində fəaliyyət göstərən məktəblərin, körpələr evi-uşaq bağçalarının kollektivi və uşaqları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbirin aparıcıları Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev və fəal gənc Pəri İbrahimova bayram tədbirini açıq elan edərək iştirakçıları, bu günün səbəbkarı olan körpə fidanları təbrik edib xoş arzularını səsləndiriblər. Bildirilib ki, uşaqları əyləndirmək üçün Nazirlik tərəfindən uzunluğu 32 metr, eni 3 metr, hündürlüyü 6.5 metr, ağırlığı 480 kq olan 4 hissəli atraksion təşkil edilib, eyni zamanda, nazirliyin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif idman növləri üçün avadanlıqlar quraşdırılıb. Həmçinin, “Qazax İdman Paytaxtı – 2026”nın Maskotu uşaqları əyləndirəcəkdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları və qonaqları salamlayıb, körpə fidanları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına Qazaxda "Sağlam həyat" səyyar layihəsi çərçivəsində təşkil olunmuş tədbirə və müxtəlif növ idman qurğularının quraşdırılmasına görə minnətdarlığını bildirib, razılığını ifadə edib. Rayon rəhbəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gələcəyimiz olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini söyləyib. Bugünkü tədbirin həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Sonra söz gələcəyimiz olan uşaqlara, körpə fidanlara verilib. Bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilib. Balacaların səsləndirdiyi Vətənə, torpağa, şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasından İsgəndər Bayramlı “Azərbaycan”, Nilay Əsgərzadə “Vətən”, Qazax şəhər 2 saylı körpələr evi-uşaq bağçasından Aişə Məmmədli “Heydər Baba”, Banu Dünyamalıyeva “Uşaqlar”, Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasından Yusra Omarova “Azərbaycan”, İlham Əsgərov “Bayraq”, Qazax şəhər 4 saylı körpələr evi-uşaq bağçasından Gülay Əmiraslanova “Mən balaca deyiləm”, Pənah Pənahlı “Vətən”, Qazax şəhər 5 saylı körpələr evi-uşaq bağçasından Esra Göşşülü “1 iyun Uşaqlar Gününüz mübarək olsun”, Hidayət Mehdizadə “Vətənpərvərlik”, Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasından Tükəzban Əhmədova “Bağçamız”, Ömür Qurbanlı “Məktəbə gedəcəyəm” şeirləri ilə könülləri oxşayıblar. Sonda rayon rəhbəri uşaqlara yaxınlaşaraq onlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.
İyun ayının 1-i əksər ölkələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.





































































Facebook-da paylaş














