Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmlərinin təqdimat mərasimi olub
“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır. Mayın 26-da kinorejissor, ssenarist, sənədli kino ustası, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ziya Şıxlinskinin Xalq şairi Səməd Vurğunun xatirəsinə ekranlaşdırdığı “Səməd Vurğun - 80” və Xalq yazıçısı Yusif Səmədoğlunun xatirəsinə ekranlaşdırdığı “Yadıma düşdü” filmlərinin təqdimat mərasimi olub. Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Xalq şairinin və Xalq yazıçısının həyat və yaradıcılığından söz açılıb, dəyərli ziyalılarımızın ünvanlarına səmimi ürək sözlərini səslənib. Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, ziyalılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri nümayiş etdirilib. Tədbirə toplaşanlar hər iki filmi izləyərək ürək sözlərini səsləndiriblər. BDU Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosentMəmməd Yusifov, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, filmlər haqqında səmimi ürək sözlərini dilə gətiriblər. Xalq şairi Səməd Vurğunun, eləcə də Xalq yazıçısı Yusf Səmədoğlunun həyat və yaradıcılığının gələcək nəsillərə, şair və yazarlara çatdırılmasında belə ekran əsərlərinin mühüm əhəmiyyət daşıdığını, əsl töhfə olduğunu qeyd ediblər. Gənc Aşıq Samir Cəlaloğlu Xalq şairi Səməd Vurğunun “Dağlar”, Aşıq Saqif Məzəmli isə şairin “Ala gözlər” şeirini saz ifasında səsləndiriblər.
2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.











Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək iştirakçıları salamlayıb, qarşıdan gələn Qurban və 28 May – Müstəqillik Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. B.Vüsal Xalq şairi Səməd Vurğun və Xalq yazıçısı Yusif Səmədoğlu haqqında çəkilmiş filmlərin təqdimat mərasiminə toplaşan insanlara, rayon rəhbərliyinə razılığını ifadə edib. Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə Prezidentinə ziyalılar adından bir daha təşəkkürünü çatdırıb. Xalq şairinin dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinin, yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu sərəncamın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. B.Vüsal ölkəmizdə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevin Xalq şairi Səməd Vurğuna və Xalq yazıçısı Yusif Səmədoğluna göstərdiyi qayğıdan söz açan şair həmin qayğının bu gün də davam etdirildiyini, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin həmin qayğını davam etdirdiyini söyləyib. Xalq yazıçısının ötən il 90 illik yubileyinin qeyd edilməsi haqqında, Xalq şairinin bu il 120 illik yubileyinin qeyd olunması haqqında imzaladığı sərəncamları həmin qayğının bariz nümunəsi kimi göstərib.
B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Xalq şairinin 27 may anım günü ərəfəsində keçirilən bugünkü təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha öz adından və qazaxlı ziyalılar adından təşəkkürünü bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı biz qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür. Həmin sənəddən irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirləri silsilə şəkildə təşkil olunur. İndi toplaşdığımız təqdimat mərasimi də həmin tədbirlərin davamıdır. İcra başçısı qeyd edib ki, Səməd Vurğun Qazaxımızın, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır. İcra başçısı vurğulayb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı hər birimizə məlumdur. H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80,90 illik yubileylərinin təntənəli şəkildə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Ulu Öndər Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şeir, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Görkəmli dövlət xadiminin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Filmlər haqqında fikirlərini bölüşən rayon rəhbəri Xalq şairi və Xalq yazıçısı barədə belə sənədli ekran işlərini ərsəyə gətirən Əməkdar incəsənət xadimi Ziya Şıxlinskiyə minnətdarlığını bildirib. Dəyərli ziyalılarımızın Azərbaycan poeziyasındakı misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu filmlərin böyük töhfə olacağını dilə gəririb.

Əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ona göstərilən səmimi münasibətə, qonaqpərvərliyə, əməyinə verilən qiymətə, ünvanına səslənən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Filmlərin rejissoru Xalq şairi Səməd Vurğun haqqında ekranlaşdırdığı səndli filmdə onun həyat və yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafıdakı misilsiz xidmətlərinə geniş yer ayırdığını diqqətə çatdırıb. Z.Şıxlinski Xalq yazıçısı Yusif Səmədoğlu haqqında çəkdiyi filmdə dəyərli ziyalımızın həyatında önəmli rol oynayan üç nəfərin fikrinə yer verdiyini, onların ən yaxın dostlarından biri Xalq yazıçısı Anar, ədəbiyyatşünas, tənqidçi, “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə və Yusifin uzunillik dostu olmuş Qasım Əliyevi çəkdiyini söyləyib. Yusif Səmədoğlunun şəxsi keyfiyyətlərinə nəzər salan rejissor onun həssas, incədüşüncəli və maraqlı insan olduğunu, dünyagörüşü, həyata baxışı, insanlarla münasibətinin tamamilə özünəxas olduğunu, heç kimə bənzəmədiyini qeyd edib.

Facebook-da paylaş














