• Təqvim

  • Maraq

Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Adını daşıdığımız zirvə: Səməd Vurğun - 120” adlı tədbir keçirilib

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Aprelin 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax–Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Adını daşıdığımız zirvə: Səməd Vurğun - 120” adlı tədbir keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, şəhid ailələri, qazilər, təhsil və mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra Xalq şairinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı biz qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür. Həmin sənəddən irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirləri silsilə şəkildə təşkil olunur. İndi keçirdiyimiz tədbir həmin tədbirlərin davamıdır. Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi şairlər də vardır ki, illər, qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur. Dahilər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz böyük bir insan, istedadlı bir şair haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar şair, Azərbaycan poeziyasının “bir cüt ulduz kimi parlayan” qaynar gözlü, “Ağ saçlı qartalı”, bütün dövrlərin böyük şairi, Azərbaycanımızın ilk Xalq şairi Səməd Vurğundur. Səməd Vurğun Qazaxımızın, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır. Səməd Vurğun şəxsiyyətinin mayası Vətən eşqi ilə yoğrulmuşdu. Gənc yaşlarından xalqına, Vətəninin hər qarışına, doğma torpağının əsrarəngiz təbiətinə sonsuz bağlılığı ona “Vurğun” təxəllüsünü qazandırmışdı. “Demə, Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal məni”. Dillər əzbəri olan bu misralar zamanın fövqünə yüksəlmiş, milli istiqbalı öncədən görmüş Xalq şairi Səməd Vurğunun mənəviyyat zirvəsində tutduğu ali mövqenin əks-sədasıdır. Səməd Vurğun məktəbinin təməli 1925-ci ildə, Qori müəllimlər seminariyasını bitirərkən yazdığı “Cavanlara xitab” şeiri ilə qoyuldu. Sonralar Şair Azərbaycanın müxtəlif guşələrində – Qazaxda, Qubada və qədim Gəncədə dil və ədəbiyyat dərslərini tədris etsə də, həyatın axarı onu sözün sehrinə saldı. Poeziya gənc müəllimin daxili dünyasına hakim kəsilərək Azərbaycanın əbədiyaşar Xalq şairinə çevirdi. Ötən əsrin 30-40-cı illəri Vurğun yaradıcılığının ən parlaq təcəllası, poeziyamızın çiçəklənmə dövrü kimi tarixə düşdü. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri milli ədəbiyyatın incilərindəndir. Bu şeirdə ölkəmizin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, qonaqpərvərliyi öz əksini tapıb. Məşhur “Azərbaycan” şeirini Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar arasında yenicə dil açan körpələrdən savayı əzbər bilməyən varmı görəsən?! Vətənimiz Azərbaycan haqqında bir sevgi simfoniyası kimi səslənən bu ecazkar əsər kimlərin könlünü riqqətə gətiməyib?! Uşaqdan böyüyədək, şagirddən müəllimədək, sadə əməkçi insandan ziyalıyadək, fəhlədən alimədək, kim bu kəlimələrin qarşısında baş əyməyib?! Hətta Ulu Öndər Heydər Əliyev Azərbaycanımıza olan sonsuz məhəbbətini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ifadə etmiş və bu əzəmət və qüdrət sahibi şeirdəki bəndləri dedikcə kövrəldiyini gizlədə bilməmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı hər birimizə məlumdur. H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Ulu Öndər Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Görkəmli dövlət xadiminin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. İcra başçısı qeyd edib ki, bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir. Xalq şairinin adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. İcra başçısı çıxışını Ulu Öndərin dahi şair barədə səsləndirdiyi dəyərli fikirləri ilə yekunlaşdırıb. “Biz bu günümüzə görə - xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik... Bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur. Biz Səməd Vurğunla fəxr edirik”.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, milli poeziyanın inkişafındakı müstəsna rolundan danışıblar.

Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin təqdimatında şairin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Sonda 2-ci dərəcəli Vətən müharibəsi əlili, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmiş mayor Xəyyam Əliyev övladı, məktəbin XI sinif şagirdi Nigar Əliyevanın 2025-2026-cı tədris ilində keçirilmiş buraxılış imtahanlarında ən yüksək nəticə əldə etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Məktəbin şagirdləri, buraxılış imtahanlarında ən yüksək nəticə göstərmiş Əliyeva Nigar Xəyyam qızına və Kings Beynəlxalq Olimpiadasında qızıl medal qalibi İskəndərli Safiya Musa qızına hədiyyələr təqdim edilib.




Facebook-da paylaş


{sape_links}